Məhkəmə qərarları › İş №2(027)-523/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-523/2021

23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-523/2021 23.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “alimentin məbləğinin artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2014cü il tarixli 2(027)-2162/2014 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq, xx xxxxxx 2014-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh gəlirlərinin hər ay 1/4 hissəsi miqdarında alimentin alınaraq ona verilməsi, iddia ərizəsinin hazırlanması ilə bağlı banka ödədiyi 21 manat pulun, hüquqi yardım haqqında müqaviləyə əsasən 100 manat ödədiyi pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2013-cü ildə el adəti üzrə evlənib ailə qurmuş, xx xxxxxx 2014-cü il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Cavabdehlə təxminən bir ilə yaxın yaşadıqdan sonra ailə münasibətləri pozulduğuna görə cavabdehdən ayrılmışdır. Cavabdehlə birgə yaşadığı müddətdə doğulmuş oğlu Yusif onun himayəsindədir. O, uşağını tək başına saxlaya bilmədiyi üçün cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(027)-2162/2014 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixində doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2014-cü il tarixindən başlayaraq Cavabdeh hər ay 60 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsinə dair qətnamə qət edilmişdir. Hazırda qeyd edilən məbləğ bir uşağın bir aylıq təlabatını belə ödəmir. Oğlunun yeddi yaşı tamam olmuş, birinci sinifdə oxuyur. 60 manat məbləğində aliment artıq onun geyiminə belə çatmır. O, özü uşağının tələbatlarını ödəməyə çalışsa da, bu məsələdə çox çətinlik çəkir. Cavabdeh uşağı ilə maraqlanmır. Özü heç bir yerdə işləmir. Anası ilə birlikdə yaşayır, anası şəkər xəstəsidir. Atası rəhmətə gedib. Alimentlə bağlı çıxarılmış Quba Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(027)-2162/2014 saylı qətnaməsindən yeddi ildən çox vaxt keçmişdir. Həmin vaxtdan bu vaxta kimi ərzağın, geyimin qiyməti dəfələrlə artmışdır. Hazırki vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment uşağın qanuvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. Cavabdeh Quba rayon, Amsarqışlaq kəndində tarix müəllimi işləyir. Əmək haqqı kifayət qədər yüksəkdir. Uşağın saxlanmasına maddi imkanı çatır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından – xx xxxxxx 2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 2(027)-2162/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 60 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il taixli, 05 nömrəli arayışdan görünür ki, X1 şəhər Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin İ sinfində oxuyur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 30 nömrəli arayışa əsasən, Cavabdeh Quba rayon Amsarqışlaq tam orta məktəbində 2008-ci ildən müddətsiz müqavilə ilə işləyir və aylıq əmək haqqı məbləği 208,00 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, iddiaçı təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən uşağının saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Həmçinin, İddiaçı hüquqi xidmətə görə ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı 21 manat pulun iddia ərizəsinin hazırlanması üçün köçürüldüyünü bildirsə də, qeyd edilən dəlillə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də, iddia həmin hissələrdə təmin edilməməlidir. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Bundan başqa məhkəmə hesab edir ki, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 2(027)-2162/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən gəlirlərinin hər ay 1/4 hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx xxxxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-2162/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh oğlundan hər ay gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar