Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-525/2021 22.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2490 (iki min dörd yüz doxsan) manat dəymiş zərər, inzibati xətaya görə 40 (qırx) manat və ödənilmiş dövlət rüsmunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli 21 saylı icarə müqaviləsinə əsasən İddiaçı “Hyundai Sonata” markalı **-XL-*** qeydiyyat nömrəli avtomobili Cavabdeh 3 günlük icarəyə vermişdir. Avtomobil xx.xx.2020-ci il tarixli təhvil təslim aktına əsasən tam saz vəziyyətdə Cavabdeh təhvil vermişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh qəza törədərək avtomobilə maddi zərər vurmuşdur. Cavabdehə dəymiş zərərin ödənilməsi barədə müraciətlə olunsa da, sonuncu müxtəlif bəhanələr gətirərək dəymiş ziyanın ödənilməsindən yayınmışdır. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən sözügedən avtomobilə 2490 (iki min dörd yüz doxsan) manat məbləğində zərər dəymişdir. Avtomobil idarə olunan müddət ərzində inzibati xəta törədildiyinə görə 40 (qırx) manat miqdarında cərimə cəzası müəyyən edilmişdir. Cavabdeh 2490 (iki min dörd yüz doxsan) manat dəymiş zərər, inzibati xətaya görə 40 (qırx) manat və ödənilmiş dövlət rüsmunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə daxil olmuş ərizədən görünür ki, iddiaçı tərəf məhkəmə iclasının onun iştirakı olmadan baxaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iştirak edən zaman, iddia tələbini qəbul etməyərək, dəymiş ziyanın məbləği ilə razı olmadığını bildirmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21 saylı icarə müqaviləsindən və təhvil-təslim aktından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 3 günlük “Hyundai Sonata” markalı **-XL-*** qeydiyyat nömrəli avtomobil icarəyə verilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “Hyundai Sonata” markalı **-XL-*** qeydiyyat nömrəli avtomobilə dəymiş ziyan 2490 (iki min dörd yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi məqsədi ilə İddiaçı tərəfindən dövlət hesabına 30 (otuz) manat məbləğində rüsum köçürülmüşdür. İş materiallarında olan “SMSRadar.az”-ın məlumatından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat (endirim nəzərə alınmaqla 36 (otuz altı) manat) məbləğində cərimə edilmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinin maddi ziyanın ödənilməsi tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 21 saylı icarə müqaviləsindən göründüyü kimi, iş üzrə Cavabdeh müəyyən müddət ərzində avtomobillə təmin olunmuş, həmin müqavilənin 4.3.1 və 4.3.2-ci bəndlərinə əsasən cavabdeh icarə şirkətindən icarəyə götürdüyü avtomobili saz vəziyyətdə təhvil verməyi öhdəsinə götürsə də, müqavilənin şərtlərini pozmuşdur. Məhkəmənin iclasında iştirak edən zaman Cavabdeh iddianı qəbul etməsə də, onun mübahisə predmeti olan avtomobilə ziyan vurması tam sübuta yetirilir. İddia tələbinin “inzibati xətaya görə 40 (qırx) manat məbləğində pulun tutulması” hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, xətanı törətmiş olduğu şəxs, yəni iş üzrə Cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə edilmişdir. Bu da onu göstərir ki, həmin məsələyə inzibati icraat qaydasında baxıldığı üçün mülki qaydada baxıla bilməz. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş zərərə görə 2490 (iki min dörd yüz doxsan) manat məbləğində pul İddiaçı-nə xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 2490 (iki min dörd yüz doxsan) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı-nə xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-525/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-525/2021
22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver