Məhkəmə qərarları › İş №2(027)-583/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-583/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-583/2022 18.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 800 (səkkiz yüz) manat əsas, 207 (iki yüz yeddi) manat 76 qəpik faiz borcu, 6 (altı) manat 71 qəpik cərimə borcu olmaqla, cəmi 1014 (bir min on dörd) manat 47 qəpik məbləğində vəsaitin və 30 (otuz) manat 55 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Unibank» KB ASC ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 214nkSUM/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 29.5% ödəmək şərtilə 800 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı “Unibank" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 800 (səkkiz yüz) manat əsas, 207 (iki yüz yeddi) manat 76 qəpik faiz borcu, 6 (altı) manat 71 qəpik cərimə borcu olmaqla, cəmi 1014 (bir min on dörd) manat 47 qəpik məbləğində vəsaitin və 30 (otuz) manat 55 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və yarədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 19.01.2021-ci il tarixli 214nkSUM/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 29.5% ödəmək şərtilə 800 manat məbləğində kredit verilmişdir. 03.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19.01.2021-ci il tarixli 214nkSUM/21 saylı kredit müqaviləsi üzrə 800 (səkkiz yüz) manat əsas, 207 (iki yüz yeddi) manat 76 qəpik faiz borcu, 6 (altı) manat 71 qəpik cərimə borcu olmaqla, cəmi 1014 (bir min on dörd) manat 47 qəpik məbləğində borcu yaranmışdır. 28.07.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh tərəfindən banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; 03.12.2021-ci il tarixli, 84020605 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat 55 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC tərəfindən istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 29.5% ödəmək şərtilə 800 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə müvafiq öhdəliklər götürsə də, götürdüyü öhdəlikləri tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı tərəf qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat 55 qəpik qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat əsas borc, 207 (iki yüz yeddi) manat 76 qəpik faiz borcu, 1 (bir) manat 71 qəpik cərimə borcu, cəmi 1009 (bir min doqquz) manat 47 qəpik borc və dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat 55 qəpik məbləğində dövlət rüsumu "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar