Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-584/2023 19.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 borclu olduqları 4000 (dörd min) manat və ödənilmiş 60 manat dövlət rüsumu, ümumilikdə 4060 manat (dörd min altımış manat) pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışlar ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Kasıbçılıq səbəbindən şəhər yerində maldarlıqla məşğul olmağa məcbur qalmışdır. 4 baş inəyi olmuşdur. 2021-ci ilin iyun ayının 6-da səhər saat 07 radələrində həmişəki kimi malları örüşə otlamaq üçün aparmışdır. Günortaya kimi inəkləri otarıb, evə gəlmişdir. Axşam saatlarında isə 4 baş heyvandan yalnız birinin gəldiyini görmüşdür. İnəklərini bir neçə gün axtarıb tapmadıqdan sonra Quba RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan məlum olmuş ki, heyvanlarını ünvan 2 ünvanında yaşayan Cavabdeh1 və Quba rayonu, Tüləkəran kənd sakini Cavabdeh2 birlikdə oğurlayaraq, kəsib ətini satıblar. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə prosesində özləri bunu etiraf etmiş və sübut olunmuşdur. Onlar məhkəmə prosesində etiraf ediblər ki, onun 3 baş inəyini 330 (üç yüz otuz) kiloqram ət vermişdir və ümumi məbləği 4000 (dörd min) manat təşkil etmişdir. O, məhkəmədə bildirmiş ki, ona ziyan vurmuş şəxslər - ünvan 4 ünvanında yaşayan Cavabdeh1 və Quba rayonu, Tüləkəran kənd sakini Cavabdeh2 ona dəymiş ziyanı ödəyiblər. Onun belə ifadə verməyinə səbəb, onların və yaxınlarının evimə gələrək yalvarmaqları və xahiş etmələri səbəb olmuşdur. Onun da, onlara yazığı gəlib, şirin dillərinə aldanmışdır. Həmin şəxslər hazırda ona dəymiş 4000 (dörd min) manat ziyanı ödəməmişlər. ünvan 2 ünvanında yaşayan Cavabdeh1 və Quba rayonu, Tüləkəran kənd sakini Cavabdeh2 onunla yanaşı X1 1300 (bir min üç yüz) manat və X2 1250 (bir min iki yüz əlli) manat məbləğində onların da heyvanlarını oğurlayaraq, kəsib satmaqla ziyan vurmuşdur. Cavabdehlər ona 4000 (dörd min) manat verməli olduğu pulu ödəmir və bunun üçün heç bir səy göstərmir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlər tərəfindən ona 4000 manat məbləğində ziyan dəymişdir. 2375 manatı ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. İddianın tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya vurduğu ziyanın ödəmişdir. İddiaçıya heç bir məbləğdə borcu qalmamışdır. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, iddiaçıya hazırda 1000 manat məbləğində borcu qalmışdır. İddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən edilməlidir. İş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 1(027)-31/2022 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlər barəsində cinayət işi üzrə qəbul edilmiş hökmlə müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 4.000 manat ziyan vurmuşlar. Cavabdehlər barəsində cinayət işi üzrə qəbul edilmiş hökm zamanı iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirsə də, hazırda iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4.000 manat məbləğində pulun alınaraq ona verilməsini tələb edir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi üzrə Cavabdeh1 iddiaçıya vurduğu ziyanı tam şəkildə ödəmiş, Cavabdeh2 ilə iddiaçıya 1.000 manat məbləğində pul borclu qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 etirafı hissəsində təmin edilməli, Cavabdeh1 hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh2 İddiaçı maddi ziyan vurması qanuni qüvvəyə minmiş Quba rayon Məhkəməsinin 1(027)-31/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1000 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Cavabdeh2 tutularaq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-584/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-584/2023
19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver