Məhkəmə qərarları › İş №2(027)-600/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-600/2024

07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-600/2024 07.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin 2(027)-903/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat omaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment, uşaqların müalicə xərcləri ilə bağlı hər uşağa görə hər ay əlavə olaraq 150 (yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində pul və mediasiya prosesinin keçirilməsi üçün tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)-903/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 165 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Belə ki, hal-hazır ki, dövrdə Quba rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş 330 manat sabit pul məbləğində aliment iki uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Bundan əlavə uşaqlar hər ikisinin sağlamlığı ilə bağlı problemlər var. Uşaqların hər ikisinin daimi müalicəyə ehtiyacı var. Uşaqların hər ikisi məktəblidir. Məktəbli uşağın maddi xərci çoxdur. Dövlət tərəfindən 2023-cü il üçün bir uşağa aylıq 220 (iki yüz iyirmi) manat məbləğində yaşayış mnimumu müəyyən edilmişdir. Bildirir ki, Cavabdeh maddi vəziyyəti yaxşıdır. Maddi vəziyyəti aylıq 440 manat məbləğində aliment pulunu rahat şəkildə ödəməyə imkan verir. Bundan əlavə uşaqların müalicə xərcləri ilə bağlı hər uşağa görə hər ay əlavə olaraq 150 manat olmaqla 300 manat məbləğidnə pul tutularaq ona verilıməlidir. Alimnetin miqdarının artırılması üçün Mediasiyaya müraciət edilmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. İş üzrə Cavabdeh iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, o, iddianı qəbul qəbul etmir və əsas kimi aşağıdakıları qeyd edir. Qeyd etmək isdəyir ki, o, İddiaçı ilə ayrıldıqdan sonra Aytəkin Mirzəliyeva adlı şəxslə ailə həyatı qurmuş və həyat yoldaşı A.Mirzəliyeva 13 həftəlik hamilədir. O, özü heç bir yerdə işləmir və müxtəlif ara işlərdə çalışaraq Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 330 manat aliment və 50 manat əlavə xərcləri güclə ödəyir və məhkəmənin alimentin miqdarını və əlavə xərclərin artırılması onun çətin olan maddi vəziyyətini daha da ağırlaşdırar. AR Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbinə görə alimentin miqdarının artırılması və yaxud azaldılması tərəflərin hər hansı birinin maddi və yaxud ailə vəziyyətində dəyişiklik olarsa artırıla və yaxud azaldıla bilər. Hal-hazırda da onun maddi vəziyyətində heç bir dəyişiklik olmayıb ailə vəziyyətində isə dəyişiklik var və o ailə qurmuş və həyat yoldaşı 13 həftəlik hamilədir. O, qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, iddiaçının iddiası heç bir sübuta istinad edilməyib, onun məqsədi ondan qisas almaqdır. Ona görə də iddianın təmin olunmamasına dair qətnamə çıxarmağınızı xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək və əlavə olaraq bildirmişdir ki, məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləği uşaqların bir aylıq təlabatnı belə ödəmir. Uşaqları xəstədir, müalicə olunur. Cavabdehin tələb olunan alimenti ödəməyə maddi imkanı vardır. Ona görə də iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, iddiaçıdan ayrılqdan sonra o, yeni ailə qurmuşdur. Məhkəmə qətnaməsi ilə təyin olunmuş alimenti iddiaçıya hər ay ödəyir. Həmçinin atası da xəstədir, ona da özü baxır. Hazırda işləmir, heç bir qazanc yeri yoxdur, maddi vəziyyəti tələb olunan alimenti ödəməyə imkan vermir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 837523 №-li və AZ-İİİ seriyalı 628262№li doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından xx.xx.2015-ci ildə X5 və xx.xx.2016-cı il tarixdə X4 anadan olmuşlar. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 903/2022 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(027)-483/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, xx.xx.2015-ci ildə doğulmuş X5 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər uşağa görə ayda 165 (bir yüz altmış beş) manat olmaqla, iki uşağa görə hər ay 330 (üç yüz otuz) manat məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞQ–MT-027-2023-001961 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödədi. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-903/2022 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci ildə doğulmuş X5 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə ayda 165 (bir yüz altmış beş) manat olmaqla, iki uşağa görə hər ay 330 (üç yüz otuz) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa hər ay 220 manat olmaqla, iki uşağa cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. İddiaçı cavabdehin hər uşaq üçün 220 manat olmaqla iki uşaq üçün hər ay 440 manat aliment ödəməli olmasını təsdiq edən hər hansı faktoloji və hüquqi əsasların olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia hər uşağa ayda 200 manat olmaqla iki uşaq üçün hər ay 400 manat alimentin artırılması tələbi hissəsində təmin edilməli, bu 400 manatdan artıq alimentin artırılması tələbi hissəsində isə təmin edilməməlidir. Beləliklə, iddia tələbinin əlavə xərclərlə bağlı hissəsinə gəldikdə isə tərəflərin birgə nikahından doğulan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 həqiqətən xəstə kimi müalicə müəssisəsində qeydiyyatda olması və mütəmadi olaraq müalicə almasına dair müvafiq sənədlər iş materillarına əlavə edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının uşaqların müalicə xərclələr ilə bağlı hər uşağa görə hər ay əlavə olaraq 150 manat olmaqla cəmi 300 manat məbləğində vəsaitin tutulması barədə tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırda ölkə ərazisində icbari tibbi sığorta fəaliyyəti göstərilməsinə baxmayaraq, iddiaçı uşaqlarının sağlamlığı ilə əlaqədar tibbi icbari sığorta müqaviləsi bağlamamış və tibbi sığorta şəhadətnaməsi almamışdır. Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. Hazırda uşaqların xəstəliyi ilə bağlı tələb olunan müalicə xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanmadığı təqdirdə tələb oluna bilər. Bunu təkzib edən sənədlər də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə-valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(027)-903/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2015-ci ildə doğulmuş X5 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa hər ay 200 (iki yüz) manat olmaqla, iki uşağa cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 60 (altmış) manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən bu tələbi sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-903/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın; xx.xx.2015-ci ildə doğulmuş X5 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər uşağa hər ay 200 (iki yüz) manat olmaqla, iki uşağa cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun; ilkin mediasiya prosesi üçün ödənilmiş 60 (altmış) manat Cavabdeh tutularaq, İddiaçı verilsin; iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar