Məhkəmə qərarları › İş №2(027)-636/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-636/2024

03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-636/2024 03.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 1987/2018 nömrəli, 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək (artırılaraq) birgə nikahlarından olan 15 yanvar 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində xidmət haqqı kimi ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 iyun 2006-cı il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından 15 yanvar 2008-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətlərinin pozulması səbəbindən Quba Rayon Məhkəməsinin 2(027)-1987/2018 nömrəli, 28 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarındakı nikah pozulmuş, nikah pozulan zaman birgə nikahlarından olan 15 yanvar 2008-ci il təvəllüdlü X3 onun yanında saxlanılmış və saxlanılması üçün Cavabdeh hər ay 30 manat sabit pul məbləğində, həmçinin Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin alınıb ona verilməsi qət edilmişdir. İş üzrə cavabdeh gəlirlərini gizlətdiyi üçün o, hər ay 128 məbləğdə aliment alır. Qeyd edilən məbləğ uşağın bir aylıq tələbatını belə ödəmir. Uşağı məktəblidir, 10-cu sinifdə oxuyur. Ehtiyacları günü-gündən artır. Məktəbi, əlavə hazırlıqları, boş və asudə vaxtlarının təşkili, yeməyi, qidası, sağlamlığı ilə bağlı xərcləri və uşağının tələbatlarını ödəməyə çalışsa da, bu məsələdə çox çətinlik çəkir. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşağının qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. Hesab edir ki, cavabdehin gəlirlərini gizlətməsi nəticəsində uşağın saxlanılması üçün ödənilən aliment məbləği aşağı düşmüş və uşağın təminatı ilə bağlı onun maddi vəziyyəti ağırlaşmışdır. Cavabdeh əldə etdiyi gəlirləri müxtəlif vasitələrlə gizlətdiyi üçün məcbur qalıb cavabdehdən uşağının saxlanması üçün aliment məbləğinin dəyişdirilərək, sabit pul məbləğində tələb etməli olmuşdur. İlkin olaraq məhkəmədən kənar qaydada Cavabdeh ilə məsələnin həll edilməsi üçün mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlmədiyi üçün ona 21 dekabr 2023cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin mediasiya sessiyası üçün nəzərdə tutulmuş 50 manat məbləğində mediasiya xidmət haqqının hamısını özü ödəmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından 15 yanvar 2008-ci il tarixdə doğulmuş X3 anadan olmuşdur. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 15 yanvar 2008-ci il təvəllüdlü X1 rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta İX b sinfində təhsil alır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1987/2018 saylı 28 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında Quba rayon VVADQ şöbəsində bağlanmış 12 iyun 2006-cı il tarixli, 129 nömrəli nikah qeydi pozulmuş, nikah pozulan zaman birgə nikahlarından olan 15 yanvar 2008-ci il təvəllüdlü X3 anasının yanında saxlanılmış və saxlanılması üçün Cavabdeh hər ay 30 manat sabit pul məbləğində, həmçinin Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin alınıb ona verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, iddiaçı 50 manat mediasiya xidməti üçün ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda isə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərhedilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqlarınvalideynlərdə hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdirki,uşağın AzərbaycanRespublikasının qanunvericiliyi il müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.6-cı bəndinə əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin)müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən uşaq üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyini nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 2(027)-1987/2018 saylı 28 noyabr 2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq 15 yanvar 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay uşağa görə 220 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 46,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bununla yanaşı, iddiaçının ilkin mediasiya xidməti üçün ödədiyi 50 (əlli) manat pulun yarısı, yəni 25 (iyirmi beş) manatı Cavabdeh Göyçə oğlundan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 15 yanvar 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-1987/2018 saylı 28 noyabr 2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddiaçının ilkin mediasiya xidməti üçün ödədiyi 50 (əlli) manat pulun yarısı, yəni 25 (iyirmi beş) manatı Cavabdeh Göyçə oğlundan alınaraq İddiaçı ödənilsin. Cavabdeh Göyçə oğlundan 46,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar