Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-660/2021 12.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə İddiaçı X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə alimentin miqdarının artırılmasına dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq xx xxxxxx 2003-cü il tarixdə anadan olmuş X4 və xx xxx 2005-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşaq üçün hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2000-ci ildə rəsmi nikah qeyd etdirmədən el adəti üzrə ailə qurmuş, nikahlarını xx xxxxxx 2003-cü il tarixdə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx xxxx 2001-ci il tarixdə, Səma, xx xxxxxx 2003-cü il tarixdə Səmra və xx xxx 2005-ci il tarixdə Elşən adında üç uşaqları doğulmuşdur. Cavabdehlə aralarındakı narazılıqlara görə rəsmi olaraq məhkəmə qaydasında boşanmışlar. İddiası əsasında Quba rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı rəsmi nikah pozulmuş, uşaqlarının üçü də onun yanında saxlanılmış və hər uşağın saxlanılması üçün hər ay 130 manat olmaqla üç uşağa görə cavabdehdən cəmi 390 manat sabit pul məbləğində aliment alınıb ona ödənilməsi müəyyən edilmişdir. Uşaqlardan xx xxxx 2001-ci ildə doğulmuş X9 yetkinlik yaşına çatmışdır. İddiası əsasında Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı hər uşağa görə cəmi 20 manat atrırılaraq hər uşağa 150 manat müəyyən edilmiş, hər uşağın saxlanması üçün hər ay 150 manat olmaqla iki uşağa görə cavabdehdən cəmi 300 manat sabit pul məbləğində aliment alınıb ona ödənilməsi qət edilmişdir. Lakin məhkəmə qətnaməsi ilə təyin olunmuş həmin aliment məbləği hazırkı vəziyyətdə uşaqların saxlanılmasına kifayət etmir, onların geyiminə, yeməyinə, müalicəsinə və digər-məişət tələbatlarının ödənilməsinə çatmır. Hazırda iş yeri olmadığından özü heç yerdə işləmir, iki azyaşlı uşaqlarına xidmət edir. Uşaqlar böyüdüyündən onların, maddi tələbatı da artmış, maddi vəziyyəti çox ağırdır. Cavabdeh isə Qusar şəhərində Fövqaladə Hallar Nazirliyinin bölməsində işləməklə yüksək əmək haqqı alır. O, yalnız alimenti ödəməklə uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Cavabdehin buna maddi imkanı olmaqla, yüksək əmək haqqı almaqla fərdi təsərrüfatı, başqa qazanc yerləri vardır. Lakin cavabdeh əldə etdiyi gəlirlərini gizlədir. Uşaqlar isə böyüdükcə onların yeməyə, geyimə və digər ehtiyackara tələbatı artır, müəyyən olunmuş aliment məbləği isə onların tələbatlarını ödəmir. Ona görə də alimentinn miqdarının artırılması barədə yenidən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə 2000-ci ildə rəsmi nikah qeyd etdirmədən el adəti üzrə evlənib ailə qurmuş, nikahlarını xx xxxxxx 2003-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxx 2001-ci il tarixdə Səma, xx xxxxxx 2003-cü il tarixdə Səmra və xx xxx 2005-ci il tarixdə Elşən adına üç uşaqları doğulmuşdur. Aralarındakı narazılıqlara görə rəsmi olaraq məhkəmə qaydasında boşanmışlar, məhkəmə qətnaməsinə əsasən uşaqların hər üçü iddiaçının himayəsində saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan aliment tutulması qət edilmişdir. Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçıya azyaşlı uşaqların saxlanması üçün təyin olunmuş alimenti vaxtlı-vaxtında ödəmiş, uşaqların saxlanılması üçün alimentdən əlavə də köməklik göstərmişdir. Uşaqlardan Səmra hazırda kollecdə oxuyur, oğlu Elşən isə onunla qalır. Onun bütün xərclərini o ödəyir. Ona görə də oğlunun saxlanılması üçün aliment ödəmək istəmir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmamasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd olunur ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikirini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə iclasında dindirilən tərəflərin birgə nikahından xx.xx.2005-ci il tarixdə doğulmuş X10 əsasən anasının yanıda qaldığını, boş vaxtlarında isə atasının yanına və iş yerinə getdiyini bildirmişdir. Məhkəmə, iddiaçının, cavabdehin və tərəflərin birgə nikahından doğulmuş uşaqın izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx xxxxxx 2003-cü il tarixdə X8 və xx.xx.2005-ci ildə X10 anadan olmuşlar İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1093/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflətin birgə nikahından doğulmuş xx xxxxxx 2003-cü il təvəllüdlü X8 və xx xxx 2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-355/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqadrı artırılmaqla, qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X1 verilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə iki uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, hər ay hər uşaq üçün 170 manat olmaqla iki uşaq üçün ayda cəmi 340 manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8- 2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının yüksəlməsi, aliment təyin edilən xx.xx.2020-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 170 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması və bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının artırılması üçün qanunda göstərilən əsaslar kimi qəbul edilməlidir. Belə ki, azyaşlılar Səmra və Elşən Babayevlərin saxlanması üçün Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1093/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş aliment həmin uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi onu ödəyən valideyn (cavabdeh) üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, bu zaman tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Lakin məhkəmə onu da qeyd edir ki, uşaqlar iddiaçının himayəsində yaşamaqla, onların saxlanması, təlim-tərbiyəsi, təhsili, fiziki və əqli inkişafının təmin edilməsi ilə bağlı iddiaçının üzərinə şübhəsiz ki, çox ağırlıq düşür. İddiaçı ərizəsindən və izahatından müəyyən olunur ki, iddiaçı heç yerdə işləmir, onun özünə məxsus evi, torpaq sahəsi və başqa daşınmaz əmlakı yoxdur, həmçinin o, hər hansı aylıq qazanca (gəlirə) malik deyildir. İddiaçının izahatından və iş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment azyaşlı uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia hər uşağa ayda 170 manat olmaqla iki uşaq üçün hər ay 340 manat alimentin artırılması tələbi hissəsində təmin edilməli, bu 340 manatdan artıq alimentin artırılması tələbi hissəsində isə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin hər uşaq üçün 200 manat olmaqla iki uşaq üçün hər ay 400 manat aliment ödəməli olmasını təsdiq edən hər hansı faktoloji və hüquqi əsasların olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbini 340 manatdan artıq alimentin artırılması tələbi hissəsində sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bu tələbi sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Digər tərəfdən uşaqlar üçün tam yaşayış minimumu ödənişinin cavabdehin üzərinə qoyulması onun üçün ağır maddi məhrumiyyətlər yaratmış olardı və uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması konteksində tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipini pozmuş olardı. Ona görə də məhkəmə iddianın qismən təmin olunması nəticəsinə gəlir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8- 2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də alimentin artırılması hazırkı qətnamənin qanuni qüvvəyə minməsi günündən hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1093/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, xx xxxxxx 2003-cü ildə doğulmuş X12 qızı və xx xxx 2005-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat olmaqla, iki uşağa görə hər ay 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. İddia iki uşağa görə 340 manat aliment məbləğindən artıq aliment tələbi hissəsində isə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh 25,50 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət Rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1093/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, xx xxxxxx 2003-cü ildə doğulmuş X8 və xx xxx 2005-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat olmaqla, iki uşağa görə hər ay 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia iki uşağa görə 340 manat aliment məbləğindən artıq aliment tələbi hissəsində isə təmin edilməsin. Cavabdeh 25,50 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-660/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-660/2021
12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver