Məhkəmə qərarları › İş №2(027)-661/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-661/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-661/2023 06.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onunla həmkəndlidir və hamı onu diş texniki kimi tanıyır. 2020-ci ilin oktyabr ayında o, cavabdehə yaxınlaşıb dişlərini təmir etdirmək istədiyini bildirmiş, Cavabdeh onunla dişlərini təmir etməyə razılaşmış qızıl lazım olduğunu bildirmişdir, o da ağzından çıxan 12 ədəd qızıl dişi 1000 manat dəyərində qiymətlə endirərək onun iş yerində Cavabdeh vermişdir ki, qızılları emal edib dişlərini təmir etsin və Cavabdeh bu şərtlərlə razılaşmışdır. O, bir müddət keçdikdən sonra Cavabdeh zəng vurub dişlərinin təmir ilə maraqlanmış, cavabdeh ona başqa yerdə olduğunu bildirmişdir. O, Cavabdeh onu aldatdığını bilib atası Kamrana müraciət etmişdir. Atası da onu boş vədlərlə aldatdığını görüb Quba Rayon Polis Şöbəsi onun ərizəsi üzrə araşdırma aparıb xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh barədə AR CM-nin 178-ci maddəsi ilə cinayət işini başlanmasını rədd edib, ona mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. O, hazır ki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Polis Şöbəsində izahatında güya onun cavabdehə verdiyi 12 ədəd qızıl dişin dəyəri olan 1000 manatdan gəlini üçün 400 manat dəyərində dişlərinin təmir etməsini deməsi yalandır, cavabdeh onun gəlininin dişlərini təmir etməmişdir, özünü cinayət məsuliyyətindən azad etmək üçün belə bir ifadə vermişdir. Cavabdeh onunla bağladığı şifahi müqavilə şərtlərini pozaraq onun 1000 manat dəyərində ziyan vermişdir, ona görə də həmin miqdarda pul alınıb ona verilməlidir Məhkmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın 600 manat hissəsində təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh İddiaçı 600 manat dəyərində 12 ədəd qızıl diş almasını etiraf etmişdir. Lakin, İddiaçı ilə Cavabdeh arasında mülki hüquq münasibətlərindən irəli gələn münasibətlər olduğundan, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində CM-nin həmin maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 752.1-752.3-cü maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Qeyd edilən Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Qeyd edilən Məcəllənin 767.1.-767.2-ci maddəsinə əsasən əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, iddiaçı Cavabdeh 1000 (bir min) manat pulun alınıb ona verilməsini tələb etsə də, iddia ərizəsində qeyd olunan 12 ədəd qızıl dişin hazırki bazar dəyərinin 1000 manat məbləğində olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin, Cavabdeh Quba RPŞ-də aparılmış araşdırma zamanı iddiaçıdan 600 manat dəyərində 12 ədəd qızıl diş almasını etiraf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin etirafı hissəsində təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 600 manat dəyərində 12 ədəd qızıl diş alması iş materialları və cavabdehin Quba RPŞ-də verdiyi izahatı ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Ödənilmiş dövlət rüsumu olan 30 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 600 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar