Məhkəmə qərarları › İş №2(027)-662/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-662/2024

29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-662/2024 29.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və uşağın müalicə xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşma çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 üçün o, yetkinlik yaşma çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 246 manat sabit pul məbləğinin və uşağın müalicə xərclərinin yarısının cavabdeh- Cavabdeh tutularaq İddiaçı qızma ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı - İddiaçı və cavabdeh - Cavabdeh arasındakı nikah pozulmuş və tərəflərin birgə nikahdan doğulmuş - xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün ayda 150 (yüz əlli) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda oğlu X3 4 yaşı var və Autizm Spektr pozuntusu diaqnozuyla hazırda da müalicə alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Quba rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Oğlunun müalicə xərcləri həddindən artıq çoxdur və onun bunu tək başına qarşılamağa gücü yetmir. Ərizəsinə əlavə etdiyi arayışdan da göründüyü kimi həftədə 5 gün olmaqla psixoloji, psixo-pedaqoji, loqopedik seanslar, müalicəvi idman terapiyası, duyu bütünləmə, refleksoloji terapiya olmaqla kompleks müalicə aparılır. Bu kompleks müalicələr uzun zamandır davam edir, hələ bundan sonra da davam etməlidir. Əks halda uşaqda əqli geriliyə yol aca bilər. Onu da qeyd etmək istərdi ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtı-vaxtında ödəmir. Bildirir ki, cavabdeh Rusiya Federasiyasında yaşayır və maddi durumu qənaətbəxşdir. İndiki halda övladına baxmaması maddi vəziyyətiylə deyil laqeyidliyi ilə bağlıdır. Ərizəsinə əlavə etdiyi arayış və reseptlərdən də görünür ki, müalicə uzun müddətdir davam edir və həddindən artıq bahalı prosedurlardır. Uşağın bütün qayğısını, ehtiyacnı tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da atası ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. İddiaçı iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 246 manat sabit pul məbləğinin və uşağın müalicə xərclərinin yarısı olaraq 750 AZN məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin əsasını dəyişməsini qanunauyğun sayır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılnalara uyğun izahat vermiş və göstərmişdir ki, o övladının müayinəsi və müalicəsi məqsədi ilə Bakı şəhərində kirayə ev tutmağa məcbur qalmışdır. Çünki müalicəsi üçün tələb olunan reabilitasiya mərkəzi Quba şəhəri və yaxın ətrafda yoxdur. Ev üçün kirayə haqqı olaraq 500 manat, Reablitasiya Mərkəzinə 650 manat olmaqla standart xərclərdən əlavə övladının müalicəsi üçün həkimlər tərəfindən yazılan dərmanların alınmasına da hər ay dəyişkən məbləğdə yəni təxminən 300-400 manat xərc çəkir. Əsasən dərmanlara çəkilən xərclər dəyişləndir və hər dəfə daha da artır. İndiki halda onun övldanın müalicəsi üçün 500 AZN evə, 650 AZN Reabilitasiya Mərkəzinə, 300-400 manat dərmanlara, toplam 1400-1500 AZN xərci çıxır ki, bir qadın olaraq bunu təkbaşına ödəmək onun üçün çətindir. Ona ailəsi kömək edir. Anası uşağın baxımına, Mərkəzə aparıb gətirilməsinə, atası isə maddi olaraq ödənişlərin ödənilməsinə yardım edir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin (bundan sora Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında AZ-İV seriyalı, 367425 №-li şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2019-cu il tarixdə X4 anadan olmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 1345/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli 117 nömrəli nikah qeydinin pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşağın anası İddiaçı himayəsində qalması, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixindın başlayaraq hər ay uşağa görə 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Flagman inkişaf və təhsil mərkəzinin təsisçi direktoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışıdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2023-cü il tarixində diaqnostika üçün mərkəzə müraciət etmişdir. Diaqnostika nəticəsində Autizm spektr pozuntusu müşahidə olunub və həmin diaqnoz üzrə həftədə 5 gün terapiyalar aparılır. Mərkəzdə hal-hazırda psixoloji, psixo-pedaqoji, loqopedik seanslar, müalicəvi idman terapiyası, duyu bütünləmə və refleksoloji terapiyaya davam edir. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 müalicəsi üçün hər ay Reabilitasiya Mərkəzinə 650 AZN manat pul vəsaiti xərclənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, qanunverici Ailə Məcəlləsinin 78.2-ci maddəsində alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur:-tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyənin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirilməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabildiyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərnin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uşağın saxlanması üçün ayda 150 manat aliment onun əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağın saxlanmasının hər iki valideynin borcu olması halı nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi onu ödəyən valideyn üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, bu zaman tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Lakin məhkəmə onu da qeyd edir ki, uşaq iddiaçının himayəsində yaşamaqla, onun saxlanması, təlim-tərbiyəsi, təhsili, fiziki və əqli inkişafının təmin edilməsi ilə bağlı iddiaçının üzərinə şübhəsiz ki, çox ağırlıq düşür. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynlərin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, İddiaçı xeyrinə bir uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, hər ay cəmi 220 manat həddində müəyyən edilməlidir. İddia uşağın saxlanması üçün 220 manatdan artıq alimentin artırılması tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin işləyərək, yaxşı qazanc əldə etməsini iddia tələbinin əsaslandırıldığı hal kimi göstərsə də, cavabdehin işləyərək ayda yaxşı qazanc əldə etməsi və bununla da bir uşaq üçün 246 manat alimentin təyin olunması tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Həmçinin iş materiallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş X4 autizm xəstəsidir və onun müalicəsinə əlavə xərclər tələb olunur. İddiaçı uşağın müalicəsi üçün əlavə xərcləri tam olaraq ödəmək iqtidarında deyildir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, uşağın müalicə xərclərinin yarısı olaraq 750 AZN məbləğində tələbi cavabdeh üçün maddi məhrumiyyət yaratmaqla onun maraq və mənafeyinə uyğun deyildir və tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipinə cavab vermir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş X2 inkişaf və təhsil mərkəzində müalicədə olduğu müddət ərzində həmin müəsissəyə ödənilən məbləğin yarısı həcmində müəyyən olunmalıdır. (təqdim olunmuş qəbzlərdən görünür ki, həmin müəsissəyə 650 manat məbləğində hər ay ödəniş edilibdir.) Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlərin haqqınının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1345/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmalı, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X3 müalicə xərcinin 650 manatın yarısı məbləğində əlavə xərc, müalicə aldığı müddətdə İddiaçı xeyrinə tutulmalıdır, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X6” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1345/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X3 müalicə xərcinin 650 manatın yarısı məbləğində əlavə xərc, müalicə aldığı müddətdə İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar