Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-669/2022 30.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh-yə “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh-dən 550 manat dəyərində “Samsung” markalı rəqəmsal televizorun və ya onun dəyərində 550 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar islahat komissiyasının 26 oktyabr 1997-ci il tarixli, 07 saylı qərarı ilə Quba rayonun Püstəqasım kənd ərazisində 0.30 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş və bu barədə JN:205A, KOD30321148 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Cavabdeh tərəfindən, mülkiyyətində olan torpaq sahəsində tikilmiş ona məxsus fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacı quraşdırılarkən texniki quraşdırma qaydalarına riayət edilməmiş, elektrik naqili sayğacın bərkidici-sıxıcı hissəsinə bərkidilməyərək sadəcə həmin hissədə toxunmuş vəziyyətdə saxlanılmış, yaranmış boşluq nəticəsində elektrik cərəyanının axımı ani dəyişkənliyə səbəb olmuş, nəticədə cavabdehin günahı səbəbindən onun, 550 (beş yüz əlli) manat dəyərində “Samsung” markalı rəqəmsal televizoru nasaz vəziyyətə düşmüşdür. 550 (beş yüz əlli) manat dəyərində “Samsung” markalı rəqəmsal televizorumun əvəzinə həmin markalı həmin texniki parmetrli televizor və onun dəyərinə uyğun olaraq 550 manat məbləğində pul Cavabdeh-dən alınaraq ona verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh-ə qarşı iddia tələbləri qanunsuz və əsassız olduğu üçün təmin olunmamalıdır. Çünki, vətəndaşın mənzilində baş vermiş qəzaya görə enerji təchizatı müəssisəsinin hər hansı bir təqsiri olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 31.05.2001-ci il tarixdə normativ hüquqi akt kimi 2693 nömrə ilə qeydiyyata alınmış Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 6-cı maddəsinin tələblərinə əsasən “Elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər”. Elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 16.05.2002-ci il tarixdə normativ hüquqi akt kimi 2837 nömrə ilə qeydiyyata alınmış “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydalarf’mn 1.2-ci maddəsinin tələbinə əsasən Şəxsi evlərin, qarajların, həyətyanı tikililərin yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət onların sahiblərinin üzərinə düşür. Qeyd olunan normativ hüquqi aktın tələblərinə əsasən müəyyən edilir ki, iddiaçının mənzilində məişət elektrik cihazlarının zədələnməsi və siradan çıxmasında enerji təchizatı müəssisəsi heç bir mülki hüquqi məsuliyyət daşıya bilməz. Lakin iddiaçı heç bir hüquqi əsas olmadan, həmçinin ona dəydiyini iddia etdiyi zərərin həçmini hansı əsasla müəyyən etdiyini təsdiq edən heç bir mötəbər subut məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçının cavabdehə qarşı zərərin ödənilməsi tələbi qeyd edilsə də həmin zərərin hüquqi əsasları müəyyənləşdirilməmiş, zərərin həcmi heç bir sübutla əsaslandırılmamışdır. İddiaçı Quba rayonu, Püstəqasım kəndi ərazisində yerləşən fərdi yaşayış evində olan məişət elektrik cihazların zədələnməsi və siradan çıxması nəticəsində ona dəymiş 550 manat məbləğdə maddi zərərin Cavabdeh tərəfindən ödənilməsinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdehdən 550 manat dəyərində “Samsung” markalı rəqəmsal televizorun və ya onun dəyərində 550 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsini tələb edir. İddiaçı cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etsə də həmin zərərin hüquqi əsasları müəyyənləşdirilməmiş, zərərin həcmi heç bir sübutla əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1) Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1). Sadalanan normalara görə iddia tələbinin təmin olunması üçün iddiaçı cavabdehin onun qarşısında zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində öhdəliyinin əmələ gəldiyini, yaxud öhdəliyin əmələ gəlməsi üçün aralarında yazılı və ya şifahi müqavilənin olduğunu sübuta yetirməlidir. Baxılan iş üzrə iddiaçı tələb etdiyi əşyanın cavabdehin hər hansı bir hərəkət və ya hərəkətsizliyi tərəfindən yarasız hala düşməsini təsdiq edən heç bir sübut təqdim etməmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. (9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəflərin çəkişməli prosesdə iştirak dərəcəsi onların öz iradələrindən asılıdır. Tərəfin çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Bununla yanaşı, prosessual qanunvericiliyin mənasına görə tərəf məhkəmədə iddia qaldıranadək kimdən, nəyi və nəyin əsasında tələb etmək istədiyini müəyyən etməli, bütün bunları öz ərizəsində əsaslandırmalı, öz sübutlarını və ya sübut qismində araşdırılmasını arzuladığı faktlar barədə məlumatları iddia ərizəsinə əlavə etməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı Cavabdeh-yə “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-669/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-669/2022
30.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver