Məhkəmə qərarları › İş №2(027)-689/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-689/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-689/2021 31.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə iddiaçı ləğv prosessində olan (LPO) İddiaçı-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 149,88 (yüz qırx doqquz manat səksən səkkiz qəpik) manat əsas, 218,40 (iki yüz on səkkiz manat qırx qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21,18 (iyirmi bir manat on səkkiz qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2287/14 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 389,46 (üç yüz səksən doqquz manat qırx altı qəpik) manat təşkil edir. Bundan 149,88 (yüz qırx doqquz manat səksən səkkiz qəpik) manat əsas, 218,40 (iki yüz on səkkiz manat qırx qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21,18 (iyirmi bir manat on səkkiz qəpik) manat faiz borcu təşkil edir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı LPO İddiaçı-nin nümayəndəsi məhkəməyə göndərdiyi teleqramda mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin teleqramını nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2014-cü il tarixli ******* saylı “kredit kartının verilməsi və istifadə edilməsi üzrə xx.xx.2014-cü il tarixli 2287/14 saylı müqavilə”dən görünür ki, “xxxx” ASC tərəfindən Cavabdeh 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmış və “DəmirTaksit” kredit kartı verilmişdir; xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh ona bank tərəfindən təqdim edilmiş plastik kartdan xx.xx.2016-xx.xx.2019-cu il tarix aralığı mütəmadi olaraq istifadə etmiş, müxtəlif tarixlərdə kart üzrə mədaxil-məxaric əməliyyatları aparmışdır; xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 2287/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 149,88 (yüz qırx doqquz manat səksən səkkiz qəpik) manat əsas, 218,40 (iki yüz on səkkiz manat qırx qəpik) manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 21,18 (iyirmi bir manat on səkkiz qəpik) manat faiz borcu yaranmışdır; xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən “DəmirTaksit” kredit kartı vasitəsi ilə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh kreditə görə hesablanmış faizlə birlikdə hər ay kreditin müəyyən hissəsini qaytarmalı olduğu halda “xxxx” ASC qarşısında kredit öhdəliklərinin icrasını təmin etməmişdir. İddiaçı tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı tərəf qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər; 739-cu maddəsinə əsasən müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən “Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, əsas borc 149,88 (yüz qırx doqquz manat səksən səkkiz qəpik) manat təşkil etdiyi halda, 218,40 (iki yüz on səkkiz manat qırx qəpik) manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 5 (beş) manata qədər azaldılmalıdır. Sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh “kredit kartının verilməsi və istifadə edilməsi üzrə xx.xx.2014-cü il tarixli 2287/14 saylı müqavilə”yə əsasən 149,88 (yüz qırx doqquz manat səksən səkkiz qəpik) manat əsas, 5 (beş) manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 21,18 (iyirmi bir manat on səkkiz qəpik) manat faiz borcu ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzini cavabdehdən tutulmasını xahiş etsə də, iş materiallarından göründüyü kimi tərəf iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə 20 (iyirmi) manat məbləğində ödəniş etmişdir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumunun 10 (on) manatı iddiaçıya aid edilməli, 10 (on) manat isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh “kredit kartının verilməsi və istifadə edilməsi üzrə xx.xx.2014-cü il tarixli 2287/14 saylı müqavilə”yə əsasən 149,88 (yüz qırx doqquz manat səksən səkkiz qəpik) manat əsas, 5 (beş) manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 21,18 (iyirmi bir manat on səkkiz qəpik) manat faiz borcu ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun 10 (on) manatı iddiaçıya aid edilsin, 10 (on) manat isə cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar