Məhkəmə qərarları › İş №2(027)-697/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-697/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-697/2021 16.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və X2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, müəy yən e td i : İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba şəhərində yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ona borclu qaldıqları 3700 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 3730 (üç min yeddi yüz otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək, göstərmişdir ki, Cavabdeh1 3700 manat borc pulun və 30 manat ödədiyi dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə çıxarılmasını, digər Cavabdeh2 tələbinin olmamasını nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin əsasını dəyişməsini qanunauyğun sayır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə on ilə yaxın müddətdə tanıdığı, yaxın münasibətləri olan Cavabdeh2 və onun vasitəçiliyi ilə tanıdığı Cavabdeh1 onların evinə gələrək satmaq istədiyi nar məhsulunun qiymətini 10700 manata razılaşıb almışlar. Cavabdeh1 pulunun az olduğunu bildirib narın pulundan az miqdarda ödəyəcəyini, qalan pulu isə sonradan ödəyəcəyini bildirmişdir. O, onlara inandığından onlarla razılaşmışdır. Sonradan cavabdeh borclu qaldığı puldan bank vasitəsilə 7000 manat ödəmiş, qalan 3700 manat pulunu isə bu günə kimi ödəməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlayaraq pulunu tələb etsə də, müxtəlif bəhanələr gətirməklə pulunu qaytarmaqdan yayınmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh1 borclu qaldığı 3700 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul və etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə dostu Cavabdeh2 vasitəçiliyi ilə tanıdığı İddiaçı qiymətini 10700 manata razılaşıb nar məhsulu almışdır. Sonradan borclu qaldığı puldan bank vasitəsilə 7000 manat ödəmiş, Rusuya Federasiyasına göndərdiyi narın pulunu tam göndərmədikllərinə görə ziyana düşdüyündən borclu qaldığı 3700 manat pulu ödəyə bilməmişdir. Lakin ödənilməmiş qalan 3700 manat pulu ödəməyə etiraz etmir. Yaxın müddətdə iddiaçıya pulunu ödəyəcəkdir. İddianın təmin olunmasına etiraz etmir. İş materiallarında olan iş üzrə Cavabdeh1 yazılı ərizəsindən görünür ki, o, İddiaçı ona qarşı 3700 manat pul tələbinə dair iddiasını qəbul və etiraf edir və ona qarşı iddianın təmin olunmasına heç bir etiraz etmir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü madəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə təhiqatı zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı oğlundan xx xxxxxxxx 2020-ci il tarixdə 10700 manat dəyərində narı nisyə almış, həmin narın pulundan 7000 manat ödəyərək, qalan 3700 manatı İddiaçı borclu qalmış, cavabdeh həmin narın dəyərini təşkil edən 3700 manat pulu yaxın vaxtlarda iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüş, lakin cavabdeh həmin 3700 manat pulu iddiaçıya verməyərək, iddiaçıya 3700 manat məbləğdə ziyan vurmuş və iddiaçının hesabına əsassız varlanmışdır. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsindən yaranmış öhdəliklərin yerinə yetirilməməsi nəticəsində cavabdeh X1 vurduğu zərər olaraq 3700 manat alınaraq, İddiaçı verilməli və iddiaçının pozulmuş hüquqları bərpa olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikaksı Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə, iş üzrə Cavabdeh1 yazılı şəkildə ərizə verməklə ona qarşı yönəlmiş iddia tələbləri üzrə iddianı etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, Cavabdeh1 iddianı etiraf etməsi qəbul edilməli və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə, ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 vurduğu zərərin əvəzi olaraq 3700 (üç min yeddi yüz) manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e td i: İddia təmin edilsin; Cavabdeh1 3700 (üç min yeddi yüz) manat və və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar