Məhkəmə qərarları › İş №2(027)-709/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-709/2025

25.04.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-709/2025 25.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs1 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 Saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə müraciət edərək, Quba rayonu Rustov kənd sakini X4 itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən, ərizəçi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu Rustov kənd sakini X4 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X6 təxminən 2001-ci ildə yaşadığı Quba rayonu Rustov kəndində yerləşən evindən çıxaraq işləmək, əsasən də alver etmək məqsədilə Rusiya Federasiyasının Tümen şəhərinə getmişdir. Ondan əvvəl də Rusiyaya gedib-gəlirdi. Onda olan məlumata görə Tümendən sonra Saratov şəhərinə də getmişdir. Onda olan şifahi məlumatlara görə hətta Ukraynaya da getmişdir. Təxminən 15-20 il əvvəl X14 şəhərində də görənlər olub. Sonuncu dəfə yoldaşı Ələskərlə 2002-ci ildə əlaqə saxlamışlar. Həmin vaxtdan sonra ondan heç bir dəqiq xəbər almamışlar. Tanış-bilişin dediyi məlumatlardan başqa heç bir məlumatı yoxdur. Çünki özü ilə heç cür əlaqə saxlaya bilməmişlər. Yoldaşının itkin düşməsi və ya harada olması barədə məlumat əldə etmək üçün Rusiya Federasiyasında NTV telekanalında yayımlanan məşhur “Жди Меня” verilişinə də müraciət etmişlər. Lakin bunun da heç bir nəticəsi olmamışdır. X2 tapılması istiqamətində fəaliyyətinin heç bir nəticə vermədiyindən axtarış işi açılması və bu istiqamətdə axtarış tədbirlərinin həyata keçirilməsi üçün Quba rayon Polis Şöbəsinə müraciət etmişlər. Quba rayon Polis Şöbəsinin ona, verdiyi cavab məktubunda müvafiq işin açıldığı, axtarış tədbirlərinin həyata keçirildiyi, Rusiya Federasiyasının müvafiq orqanına da bu barədə sorğu göndərildiyi qeyd olunmuşdur. Qeyd olunan müraciətlə bağlı X6 barəsində xx.xx.2018-ci il tarixində 6/18 nömrəli axtarış işi açılmışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat vermiş və mülkiyyətlə bağlı sənədləşmə məqsədilə verildiyindən, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs1 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 Saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, X6 onun atasıdır. Təxminən 2001-ci ildə yaşadığı Quba rayonu Rustov kəndində yerləşən evindən çıxaraq işləmək, əsasən də alver etmək məqsədilə Rusiya Federasiyasının Tümen şəhərinə getmişdir. Bir müddət atası ilə əlaqə saxlaya bilsə də daha sonra atasında atasından bu günə kimi də xəbər yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10, X7 və X12 şahid X9 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 ilə X5 arasında 04 sentyabr 1978-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Quba rayon PŞ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 1956-cı il təvəllüdlü yaxın qohumları ilə əlaqələrini itirmiş şəxs X4 axtarılmasına dair xx.xx.2018-ci il tarixli 6/18 nömrəli iş açılmış və şəxsin tapılması üçün axtarış tədbirləri davam etdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Qeyd edilən Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmə araşdırması mötəbər sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.1956-ci il təvəllüdlü X4 olduğu yer məlum deyildir və şəxsin yaşayış yerində onun harada olması barədə beş ildən artıqdır ki, məlumat yoxdur. X6 2001-ci ildən, yaşayış yerində görünməmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli və xx.xx.1956-ci il təvəllüdlü X6 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Quba rayonu, Rustov kənd sakini xx.xx.1956-ci il təvəllüdlü X6 ölmüş elan edilsin. X4 ölmüş elan edilməsi haqqında hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün X4 ölüm günü sayılır. Qətnamə Maraqlı şəxs1 tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ölümün qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar