Məhkəmə qərarları › İş №2(027)-723/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-723/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-723/2024 23.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianı onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 12 fevral 2021-ci tarixli 2(027)-473/2021 qətnaməsi ilə 28 noyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Quliyeva (Bayramova) Günay Bəhruz qızına verilməsi qət edilmişdir. Həmin məbləğin müəyyən olunmasından artıq 3 ilə yaxın müddət keçmişdir. 140 (bir yüz qırx) manat məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün 235 (iki yüz otuz beş) manat nəzərdə tutulmuşdur. Qeyd olunan məbləğ hazırki bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, geyimini və digər maddi tələbatlarını ödəmir. Bu müddət ərzində uşağın gündəlik xərcləri və maddi tələbatları artmışdır. Övladı məktəblidir. Quba şəhər Zaur Cəfərov adına 3 nömrəli tam orta məktəbinin 5-ci sinifdə oxuyur. Bir neçə fən üzrə repetitor yanına gedir. Övladının maddi tələbatlarını çətinliklə qarşılayır. Cavabdeh polis əməkdaşıdır, aldığı əmək haqqı yüksəkdir. Lakin övladının mənafeyi, dolanışığı, maddi tələbatları ilə maraqlanmır. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etsə də, cavabdehlə heç bir razılıq əldə etmək mümkün olmamışdır. Göstərdiklərini nəzərə alaraq, iddianın tam təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının fikirini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ 239693 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, tərəflərin birgə nikahından 28 noyabr 2013-cü il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-473/2021 saylı 12 fevral 2021-ci tarixli qətnaməsindən görünür ki, 28 noyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Quliyeva (Bayramova) Günay Bəhruz qızına verilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 2(027)- 473/2021 saylı 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 28 noyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir, lakin cavabdehin aylıq qazancına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğini cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 28 noyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 2(027)- 473/2021 saylı 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən edilmiş 140 (bir yüz qırx) manat aliment artırılaraq, aylıq 200 (iki yüz) manat məbləğində alimentin ödənilməsinin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu 720 (12 ay × 60 manat = 720 manat) təşkil edir. Bu halda rüsum “Dövlət rüsumu” haqqında Qanunun 8.2.1-ci maddəsinə əsasən İddianın qiyməti 1.000 manatdan az olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 (otuz) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28 noyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 2(027)-473/2021 saylı 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar