Məhkəmə qərarları › İş №2(027)-724/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-724/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-724/2025 26.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 (dörd min beş yüz) manat borc pulun və ödədiyi 65 manat dövlət pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, cavabdeh X3 tanışıdır. 2022-ci ildə o, onun evinə gələrək vacib pul lazım olduğunu bildirərək ondan 3500 (üç min beş yüz) manat borc pul istəmiş və borcunu da 2 ay ərzində qaytaracağını bildirmişdir. O, cavabdehi tanıdığından həmçinin, çarəsiz vəziyyətdə olduğunu gördüyü üçün ona 3500 ( üç min beş yüz) manat borc pul vermişdir. Sonra O, təkrar ona müraciət edərək pulun ona kifayət etmədiyini və işinin yarımçıq qaldığını bildirərək yenidən 1000 (min) manat istədi və bu borcuda 1 ay müddətinə qaytaracağını bildirmişdir. O, yenədə onun sözünə inanaraq və iltizamlı borc qəbzi tərtib edərək ona daha 1000 manat borc vermişdir. Lakin artıq uzun müddət keçməsinə baxmayaraq cavabdeh ondan aldığı 4500 manat borc pulu hələdə qaytarmamışdır. O, cavabdehin özünə dəfələrlə borclu olduğu pulu qaytarmasını xahiş etsə də onun sözünə əhəmiyyət verməyərək pulu qaytarmaqdan boyun qaçırır, həttda borcunu qaytarmamaq üçün qaçıb gizlənir. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. . Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sadə əlyazma iltizamdan görünür ki, İddiaçı Cavabdeh 4500 manat məbləğində borc pul vermişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respubblikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasənborc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında borc barədə razılıq əldə olunmaqla iddiaçı tərəfindən cavabdehə 4500 manat məbləğində borc verilmiş və borcu 2 ay müddətində ödəməyi cavabdeh öz öhdəsinə götürmüşdür. Bu halı tərəflər müvafiq qeydlərlə təsdiq etmişlər. Cavabdeh İddiaçı öhdəliyin təsdiqi üçün borc sənədi vermiş, Cavabdeh borcu icra etmədiyindən, Zahidə Aluxanova həmin sənədi qaytarmamış və hər hansı məbləğ ödənilmədiyindən, verilmiş sənəddə icranın qismən belə təsdiqinə dair qeyd müəyyən edilməmişdir. Həmçinin əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh borc sənədlərinə imza etsə də, iddiaçıdan pul almadığını bildirsə də, bununla bağlı məhkəməyə heç sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iddiaçının irəli sürdüyü 4500 manat borcun tutulmasına dair iddianın təmin olunması qənaətinə gəlir. Həmçinin, iddiaçı dövlət rüsumu olaraq ödədiyi 65 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 65 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 65 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat borc və 65 (altmış beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar