Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-728/2025 22.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 1800 manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 38 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, o, Quba rayonu Alekseyevka kənd sakini olmaqla ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Həmin kənddə ona məxsus 0.85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində bağ salınmış və bağda 20 illik meyvə ağacları var. Hər bir ağac mövsümi olaraq məhsul verirlər. Təxminən 2023-cü ilin oktyabr ayında o, özünə məxsus həmin bağ sahəsinə gedib baxarkən məlum olmuşdur ki, həmkəndlisi Cavabdeh özünün bağ qonşusu olan Firudin adlı şəxsə məxsus bağ sahəsində olan alma ağaclarını kəsərkən ona məxsus 32 ədəd meyvə ağaclarını da kəsmək istəmiş, bu məqsədlə ağacların budaqlarını kəsib doğramışdır. Sonradan Rəşad həmin ağacların ona məxsus olduğunu bildikdən sonra onları kəsməmiş, lakin 32 ədəd ağaclar inkişafdan dayanmış, tələf olmaq üzrə olmuşdur. O, həmin ağaclara yenidən qulluq göstərməklə tələf olmaqdan xilas etmiş, buna baxmayaraq, ağacların bar verməsi 3 il ləngimişdir. Bununla da, Cavabdeh təqsirli hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. O, Cavabdeh onun əmlakını məhv etməsi əsası ilə Quba rayon Polis Şöbəsinə şikayət etmiş, şikayəti əsasında Quba RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılmış və Cavabdeh tərəfindən ona maddi ziyan vurulması öz təsdiqini tapmışdır. Təhqiqat zamanı ona dəymiş maddi ziyanın miqdarı 1800 manat müəyyən edilmiş ləmlakın məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarı 5000 manatdan az, yəni 1800 manat müəyyən olunduğundan Quba RPŞ-nin TB-nin təhqiqatçısı İlkin Rəhimovun 03 fevral 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-in 39.1,2-ci maddəsinin tələbinə əsasən (əməlində cinayət tərkibi olmadığından) cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabadehlə əlaqə saxlayan zaman 1800 manat ona borclu olduğunu etiraf etmişdir. Lakin, cavabdehin etirafı ilə bağlı məhkəməyə sübut təqdim edə bilmir. İddia tələbinin cavabdeh tərəfindən qəbul edilən hissədə təmin edilməsinə etiraz etmir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, ağacları fəhlə kəsmişdir. Ağacları kökündən kəsməmişdir. Ziyanla bağlı iddiaçıya 500 manat təklif etmiş lakin, iddiaçı qəbul etməmişdir. Hazırda ziyanla bağlı 600 manat ödəməyə razıdır. İddia tələbinin qəbul etdiyi hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialından olan Quba RPŞ-nin TB-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 186cı maddəsinin tərkibi olmadığından Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş və vətəndaşa dəymiş maddi ziyanın tələbi ilə məhkəməyə müraciət etmək hüqunun olması izah edilmişdir. İş materiallarında olan X1 İnkşaf Mərkəzinin xx.xx.2024-cü il tarixli aktından görünür ki, iddiaçıya məxsus torpaq sahəsinə baxış keçirilən zaman bağda olan ağacların budaqlarının iti alətlə kəsildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh zərər vurulmasına gətirib çıxaran təqsirli və hüquqa zidd əməli nəticəsində İddiaçı ziyana dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. İddiaçı 1800 manat məbləğində maddi ziyanın alınaraq onlara verilməsini tələb etsə də, cavabdeh tərəfindən ona vurulmuş ziyanın 1800 manatdan ibarət olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək, 600 manat məbləği hissəsində təmin edilməsinə etiraz etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin etiraf etdiyi hissədə yəni, qismən təmin edilməli və Cavabdeh 600 manat məbləğdə zərər məbləği tutulmalı və iddia tələbi həmin hissədə əsaslı olmaqla təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddia tələbi ilə 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumunun tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, xərclərin ödənilmiş tələblərin məbləğinə münasib hissəsini təşkil edən 12.50 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat dəymiş zərər, ödənilmiş dövlət rüsumundan 12 (on iki) manat 50 (əlli) qəpik tutularaq İddiaçı xeyrinə ödənilsin. Rüsumdan qalan qalıq 25 (iyirmi beş) manat 50 (əlli) qəpik hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-728/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-728/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver