Məhkəmə qərarları › İş №2(027)-744/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-744/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-744/2025 22.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verilməli olan 380 manatın və 30 (otuz) manat məbləğində dövlət rüsumu kimi ödənilmiş pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, o, İddiaçı hazırda ünvan 1 ünvanında yaşayır və «Bakcell-Quba» müştəri ofisinin rəhbəri işləyir. Quba şəhəri, B.Səfəroğlu küçəsi, ev 8-də yaşayan Cavabdeh xx.xx.2023-cü ildə mənə müraciət edərək 64 GB yaddaş tutumlu, 1200 (min iki yüz) manat dəyərində 1 ədəd «İphone 11» modelli yeni (yəni qutusu açılmamış) mobil telefonu ayda hissəhissə ödəmək şərti ilə almaq istədiyini bildirdi. O, Cavabdeh tanıdığından və maddi imkanının da normal olduğunu bildiyindən həmin telefonu ona qeyd olunmuş şərtlər daxilində satmağa razılaşmışdır. Cavabdehla xx.xx.2023-cü il tarixdə aralarında 64 GB yaddaş tutumlu, 1200 manat dəyərində «İphone 11» modelli mobil telefonu (İMEİ **********93728) ayda 175 (yüz yetmiş beş) manat hissə-hissə ödəmək şərti ilə 24/212 nömrəli 6 (altı) aylıq müddətə kredit satış müqaviləsi bağlandı. Cavabdeh ilkin ödəniş ona 150 (yüz əlli) manat pul verdi ki, bu də həmin müqavilədə öz əksini tapmışdır. Hətta, həmin müqaviləyə əlavə olaraq Cavabdeh həmin mobil telefon cihazına görə borcunun yarandığı təqdirdə, cihazın İMEİ nömrələrinin deaktiv edilməsinə (bağlanmasına) etirazın olmayacağı haqqında əlavəni də imzalamışdır. Bundan sonra Adil həmin mobil telefonu alıb getdi. Adil telefonun pulunu müxtəlif məbləğlərdə 4 ay ərzində ümumilikdə 670 (altı yüz yetmiş) manat ödəmişdir. Beləliklə, Adilin ödədiyi pul belə hesablanmışdır: 670 manat + ilkin ödəniş 150 manat = CƏMİ 820 (səkkiz yüz iyirmi) manat. Lakin, Adil sonradan mənim incitməyə başladı və yerdə qalan pulu - yəni 380 (üç yüz səksən) manat pulu (1200 manat - 820 manat = 380 manat) ödəmədi. O, dəfələrlə onunla görüşmüş, telefonla əlaqə saxlayaraq ondan pulu ödəməsini xahiş etmişdir. Lakin, Adil hər dəfə müxtəlif bəhanələrlə qalan 900 manat borcunu ödəmədi və bu günə kimi ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, o, haqlıdır, onun hüquqları pozulmuşdur və Cavabdeh ona olan 380 manat borcunu ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Quba Bakcell MX ofisində İddiaçı ilə bağladığı kredit satış müqaviləsinə əsasən «İphone 11» markalı mobil telefon cihazını almışdır. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 437.1-437.2-ci maddəsinə əsasən Əgər müqavilənin predmeti fərdimüəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. Əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı qarşısında borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia etiraf edildiyindən və bu məhkəmə tərəfindən təsdiq edildiyindən, məhkəmə iddiaçının irəli sürdüyü 380 manat borcun tutulmasına dair iddianın təmin olunması qənaətinə gəlir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 380 manat və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar