Məhkəmə qərarları › İş №2(027)-761/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-761/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-761/2025 23.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 6000 (altı min) manat pulun və 80 (səksən) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, Cavabdeh onun tanışıdır. xx.xx.2022-ci il tarixdə ehtiyacı olduğu üçün 6000 manat borca pul istəmiş və xx.xx.2023-cü il tarixdə qaytaracağını bildirmişdir. O, Cahangirə inandığından həmin məbləğdə pulu ona borca vermişdir. Həmçinin, bu barədə ona 22 sentyabr 2022-ci ildə öz xətti ilə yazaraq 6000 manat pulu ondan alıb verdiyini etiraf etməklə imzalamış, qəbz vermişdir. O, Cavabdeh dəfələrlə borclu olduğu pulları istəmiş, o isə müxtəlif bəhanələr gətirərək hal-hazıradək ona borca verdiyi pulları ona qaytarmamışdır. Bundan başqa, o, bəzi ev əşyalarını cavabdehə 2000 manata satmış və cavabdeh ona həmin məbləği ödəmişdir. Son günlərə kimi cavabdehin ona olan borcunu qaytaracağına ümid etmişdir. Artıq ona məlum olmuşdur ki, cavabdeh ona olan borcunu qaytarmaq fikrində deyil, bundan imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçıya borclu olduğu 6.000 manat məbləğində puldan 2.000 manatını qaytarmışdır. Belə ki, o, həqiqətən iddiaçıdan 2000 manat dəyərində ev əşyaları almış, lakin onun pulunu iddiaçıya müəyyən təmir işləri görəcəyi ilə əvəzləşəcəkdir. Lakin, o, həmin işləri görməmişdir. Qalan borcunu da hissə-hissə ödəyəcəkdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh tərəfindən imzalanmış borcun etirafı barədə qəbzdən göründüyü kimi, o İddiaçı 6000 manat məbləğində pul verməli olduğunu, və həmin pulu xx.xx.2023-cü il tarixədək verəcəyini imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsi bağlanılmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 6000 manat məbləğində borc verilmiş, cavabdeh isə həmin pulu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz öhdəliklərinin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında aldığı borc məbləği həddində məsuliyyəti yaranmışdır. Cavabdeh məhkəmə iclasında iddiaçıya borclu olduğu 6000 manat məbləğində puldan 2000 manat hissəsini qaytardığını bildirsə də, iddiaçı həmin məbləğin onda aldığı ev əşyalarının dəyəri olduğunu bildirmiş və cavabdeh həqiqətəndə iddiaçıdan 2000 manat dəyərində ev əşyaları aldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 6000 (altı min) manat məbləğin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 6000 (altı min) manat və ödənilmiş 80 (səksən) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddiaçı həmçinin 80 (səksən) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, ödənilmiş 80 (səksən) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat və ödənilmiş 80 (səksən) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar