Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-763/2025 25.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verilməli olan 22000 (iyirmi iki min) manatın, qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ona çatmalı olan pul öhdəliyinin, o cümlədən 156 (yüz əlli altı) manat məbləğində dövlət rüsumu kimi ödənilmiş pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda Quba rayonu, Dağlı kəndində yaşayır və Quba şəhəri, Bakı küçəsində yerləşən avtomobil təmiri sexində dəmirçi işləyir. Quba şəhər sakini X1 müştəri kimi gəlib- gedəndə tanımış və aralarında dostluq münasibətləri yaranmışdır. 2023-cü ilin yanvar ayında Nicat yenə sexə gələndə ona deyib ki, İtaliyadan uşaq oyuncaqları gətirib satır və yaxşı qazanc əldə edir. Əgər istəsə, onu da işə qoşa bilər və ticarətə qoşulmağı üçün pul verməlidir. Nə qədər pul versə, o, pul yerində qalacaq və ona qazancdan pay veriləcəkdir. İstədiyi vaxt Nicatla ticarət əlaqələrini kəssə, verdiyi pulun hamısını geri alacaqdır. Nicatın dediyi şərtlərlə razılaşmışdır. Ona görə də 2023-cü ilin fevral ayında idarə etdiyi VAZ-2107 markalı avtomobilini 5000 (beş min) manata sataraq bütün pulu Nicat Əliyarovun kartına göndərmiş, bundan sonra, həmin ilin mart ayında Nicatın kartına 6000 (altı min) manat, iyul ayında 3000 (üç min) manat və sonda noyabr ayında 8000 (səkkiz min) manat pul göndərmişdir. X3 22000 (iyirmi iki min) manat pul vermişdir. 2023-cü ilin fevral ayından noyabr ayına kimi Nicat əldə olunan qazancdan müxtəlif vaxtlarda onun kartına 15000 (on beş min) manat pul göndərmişdir. Lakin 2023-cü ilin noyabr ayından 2024-cü ilin mart ayına kimi olan 6 ay müddətində Nicat ona pul verməmişdir. Dəfələrlə bu haqda cavabdehdən soruşduqda, sonuncu alverin zəiflədiyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Nicat Quba rayon sakinlərindən bu yolla müxtəlif məbləğlərdə pul almış və qaytarmamışdır. Hətta Nicat barəsində polisdə dəfələrlə araşdırmalar aparılmışdır. O, ticarətdən ayrılmaq istədiyini demiş və ticarət üçün verdiyi 22000 manatı qaytarmasını tələb etmişdir. Həmin vaxtdan bu günə kimi Nicatdan pulunu ala bilmir. Ticarətdən əldə olunan xeyirdən ona verilmiş 15000 manatın onun ticarətə başlayan zaman Nicata verdiyi 22000 manata heç bir dəxli yoxdur. Aralarında olan razılaşmaya əsasən, o ticarətdən ayrılan zaman qoyduğu pulu, yəni 22000 manatı geri almalı idi. X5 həmin 22000 manatı geri qaytarmır. Nicat hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırır. O məcburiyyət qarşısında qalıb Nicat Əliyarovdan pulun alınması üçün Azərbaycan Respublikası DİN-in 102 Xidməti Mərkəzinə və Quba RPŞ-nə müraciət edib. Aparılan araşdırma nəticəsində (HK-1/233) Quba RPŞ-nin TB-nin təhqiqatçısı Rəşadət Cəfərov tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və ona qaldırdığı məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdi ki, o İddiaçıla razılaşaraq ticarət qurmaq məqsədilə pulu hissə-hissə almış, lakin iddiaçı tərəfindən 3000 manat ödənilməsi barədə heç bir sübut yoxdur. Aylıq qazancının təqibən 10 faizini o, Orxana verməli idi. Bir neçə ay ticarət işi yaxşı getmiş və o, iddiaçıya ödənişlər etmişdir. Lakin sonradan işini dayandırmışdır. O iddiaçıya hissə-hissə 15752 manat pul vermişdir. Hazırda onun iddiaçıya 6248 manat borcu qalmışdır. İddianı bu məbləğdə qəbul edir. “AZEMİS” məhkəmə elektron sistemindən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə adına açılmış fəaliyyəti müvəqqəti dayandırılmış ********** nömrəli VÖEN-i, Cavabdeh xx.xx.2018-ci il tarixdə adına açılmış aktiv olan ********** nömrəli VÖEN-i vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdırıb hesab edir ki, mülki iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarında məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını tədqiq edərək belə qənaətə gəlir ki, iş üzrə tərəflərin hər ikisi vergi ödəyiciləridir, onların arasında yaranmış mübahisə birgə ticarətlə məşğul olma ilə bağlı razılaşmadan doğuran münasibətlərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-in: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür; 17.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsini qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 (on) gün ərzində şikayət verilə bilər. Odur ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 31.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-763/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-763/2025
25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver