Məhkəmə qərarları › İş №2(027)-773/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-773/2021

29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-773/2021 29.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, müdafiəçisi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsilə müraciət edərək, Cavabdeh 690 min rus rublu miqdarında pulun və ya onun manatla ekvivalentin, həmçinin iddia ərizəsilə bağlı ödədiyi 30 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə Rusiya Federasiyasının Taqonroq şəhərində yaşayan xalası qızının toyu keçirilirdi, bununla əlaqədar o tanışlardan Rusiya Federasiyasına sərnişin aparıb-gətirən maşın barədə maraqlandıqda məlum olub ki, cavabdeh idarə etdiyi qeydiyyat nişanı ** XN *** olan “Ford Tranzit” kiçik avtobusu ilə sərnişinləri Rusiya Federasiyasına aparıb geri qaytarmağla məşğuldur. Onunla əlaqə saxlayıb və razılaşaraq xx xxxxxx 2019-cu il tarixində digər sərnişinlərlə birlikdə həmin avtomaşınla RF-na yola düşüb. xx xxxxxx 2019-cu ildə cavabdeh onu idarə etdiyi avtomaşınla toy keçirilmiş evdən götürərək Azərbaycana yola düşüb. Həmin gün saat təqribən l8:50-də cavabdeh idarə etdiyi avtomaşınla yol qəzasını törətib, nəticədə avtomaşında olmuş sərnişinlər, o cümlədən o, da müxtəlif dərəcədə bədən xəsarətləri alıb. Bu hadisəyə görə cavabdeh RF-nın Stavropol diyarı Blaqodamensk rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə RF-nın CM-nın 264-cü maddəsinin l-ci hissəsi ilə nəzərədə tutulan cinayətin törədilməsində təqsirli bilinərək RF-nın CMnin 64-cü maddəsinin müddəalarını tətbiq etməklə 6 ay müddətinə nəqliyyt vasitəsini idarə etmək hüququndan məhrum edilərək, 50 min rubl miqdarında cərimə cəzasına məhkum edilib. Həmin hökmdə məhkum edilmiş şəxslər Cavabdeh və X1 bərabər hadisə vaxtı xəsarət almış zərərçəkmiş şəxs Həşimov Babaşah Ağamayıl oğlunun xeyrinə mənəvi zərər hesabına 400 min rubl pul tutulmuşdur. O, aldığı xəsartlərlə bağlı stasionar və ambulator qaydada müalicələr aldığından iş üzrə məhkəmə iclasında iştirak edə bilməyib, buna görə də təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldıra bilməyib. Cavabdeh həmin hadisənin baş verməsində təqsirli olmasına baxmayaraq, hadisə nəticəsində ona dəymiş maddi və mənəvi zərərə görə heç bir məbləğdə pul ödəməmiş, bu barədə ona dəfələrlə müraciət etsə də, ona heç bir məbləğdə pulu ödəmək istəmədiyini bildirmişdir. Belə ki, yuxarıda göstərilən məhkəmə hökmü ilə təsdiq olunur ki, cavabdehin təqsiri ucbatından baş vermiş yol nəqliyat hadisəsi nəticəsində ona aşağıda göstrilən xəsarətlər yetirilmişdir: yanaşı travma, ZÇMT-baş beyin sarsıntısı, sol dirsək sümüyünün qapalı sınığı, sağdan asetabulumun qapalı sınığı, bunlar orta ağırlığda zərər vurulmuş kimi qiymətləndirilir. Hal-hazırda sol əli dirsək oynağının sıradan çıxması səbəbindən qatlanmış vəziyyətdə qalır, sol qolum demək olar ki, işləmir. Azərbaycan Respublikasında müxtəlif müalicə mərkəzlərinə müraciət etsə də, bildiriblər ki, bu cür əməliyyatların Azərbaycanda keçirilməsi hazırda mümkün deyildir. Ona görə də internet vasitəsilə belə əməliyyatları aparan müalicə müəssisələri ilə maraqlanıb və Moskva şəhərində yerləşən “X8” MMC-də həmin əməliyyatın aparılması barədə məlumata rast gəlib, onda olan müayinə sənədlərini həmin müalicə müəssisəsinə göndərib və onu bu klinikada əməliyyat olunması üçün 2021-ci ilin mart ayında növbəyə alıblar. Bu barədə ona “X8” MMC-dən müalicə həkimi X4 imzası ilə rəsmi arayış göndərilmiş, arayışda cərahhi müalicənin və reabilitasiyanın dəyəri 450 min rubl (6 min ABŞ dolları) qiymətləndirilmişdir. Hazırda Bakı-Moskva aviareyslərə bilet 1 nəfər üçün bir tərəfə 30 min rubl civarındadır. Sözsüz ki, o bu vəziyyətdə tək yola düşə bilməz, yanında müşayət edən başqa şəxs də olmalıdır. Belə olan halda iki nəfərin aviabiletləri iki tərəfə 120 min rubl təşkil edir. Əməliyyata hazırlıq və əməliyyatdan sonraki dövrdə Moskva şəhərində qalıb yaşamaq üçün təxminən 100 min rubl civarında pul xərclənməlidir. Qeyd edib ki, hadisədən sonraki dövrdə Azərbaycan Respublikasında müxtəlif xəstəxanalarda müalicə alıb, müalicəyə xeyli miqdarda pul xərcləsə də, təxminən 500 manat məbləğində çekləri özündə saxlayıb. Beləliklə cavabdehin törətmiş olduğu cinayət nəticəsində onun sağlamlığına zərər vurulmuş, aldığı xəsarətlər nəticəsində və əlinin şikəst olduğu üçün mənəvi iztirablar keçirib. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 690 min rus rublu miqdarında pulun və ya onun manatla ekvivalentin, həmçinin iddia ərizəsilə bağlı ödədiyi 30 manat dövlət rüsumu alınaraq ona ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, Quba rayonu Rustov kəndində yaşayır. Beləki o digər sürücü ilə Rusiya Federasiyasına sərnişin aparıb gətirirlər. Həmin baş vermiş hadisə ilə əlaqədar Rusiya Federasiyasının hökmü ilə o Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət məsuliyyətinə cəlb edilmiş, digər sürücü yoldaş isə o, nisbətdə daha ağır maddə ilə cəzalandırılıb. Həmin hadisənin baş verməsinə görə 30% onun günahı olub və 30% görə də zərəçəkmişə maddi yardım göstərib, müalicəsilə əlaqədar köməklik edib. Bundan sonra onun maddi köməklik göstərməsi üçün maddi imkanı yoxdur, ona görədə iddianı qəbul etmir və göstərilənlər nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materialında olan Rusiya Federasiyası Stavropol diyarı, Blaqodarnıy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1-71/20 saylı hökmünün (tərcümə olunmuş və təsdiq olunmuş) surətindən müəyyən edilir ki, Cavabdeh idarə etdiyi qeydiyyat nişanı ** XN *** olan “Ford Tranzit” kiçik avtobusu ilə Rusiya Federasiyasına sərnişin daşıma ilə məşqul olub. O sözü gedən qəza ilə bağlı RF CM-nin 264-cü maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək, RF CM-nin 64-cü maddəsinin müddəalarını tətbiq etməklə altı ay müddətinə nəqliyyat vasitəsini idarə etmək üzrə fəaliyyəti ilə məşqul olmaq hüququndan məhrum edilmiş, əlli min rubl miqdarında cərimə şəkilində ona cəza təyin edilmişdir. İş materialında olan tərcümə olunmuş arayışın surətindən görünür ki, Rusiya Federasiyası Moskva şəhərində yerləşən “X8” MMC tərəfindən İddiaçı cərrahi müalicəsi və reabilitasiyası planlaşdırılmış, cərrahi müalicə və reabilitasiyanın dəyəri 450 min rubl (6 min ABŞ dolları) qiymətləndirilmişdir. İş materialına əlavə olunmuş digər tibbi sənədlərdən və qəbzlərdən görünür ki, İddiaçı sözü gedən qəza il bağlı aldığı xəsarətlərə görə Qusar rayonunda yerləşən “OKİ” medical klinikdə, Bakı və Sumqayıt şəhərlərində yerləşən “BAKU” klinikdə, Qusar rayon MX-da, Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müxtəlif müayinələr və müalicələrdən keçmiş və 500 manat məbləğdə ödəniş etmişdir.. İş materialında olan AZE 09285927 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında və işdə olan sübutlardan müəyyən edil di ki, Cavabdeh idarə etdiyi qeydiyyat nişanı ** XN *** olan “Ford Tranzit” kiçik avtobusu ilə Rusiya Federasiyasına sərnişin aparıb-gətirib. İddiaçı onunla razılığa gələrək xx xxxxxx 2019-cu il tarixdə Rusiya Federasiyasının Taqonroq şəhərində yaşayan xalası qızının toy mərasimində iştirak etmək, ora getmək və ordan da Azərbaycana geri qayıtmaq üçün onunla razılığa gəlib. Lakin qayıdan zaman yol qəzası baş verib və həmin qəza nəticəsində avtomobildə olan digər sərnişinlərlə bərabər İddiaçı da müxtəlif dərəcədə bədən xəsarətləri alıb. İş sənədlərindən də məlum olur ki,qəzada zərərçəkmiş İddiaçı sağlamlığı ilə əlaqədar Azərbaycanda müxtəlif tibb müəsissələrində müxtəlif müayinə və müalicələrdən keçsə də sağlamlığına tam qovuşmamışdır. Beləki qəzadan sonra qalan nöqsanların aradan qaldırılması və əvvəlki normal həyatına qayıtması üçün ona dəyən maddi və mənəvi zərərə görə iddiaçının tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki,Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olaraq reabilitasiyanın dəyəri 450 min rus rublu, Bakı-Moskva aviareyslərə bilet üçün iki tərəfə 60 min rus rublu, reabilitasiya dövründə Moskva şəhərində yaşamaq üçün 50 min rus rublu, cəmi 560000 (beş yüz altmış min) rus rublu, müalicə üçün çəkilmiş xərcə görə 500 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 82.4, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəm Q ə t etdi İddia qismən təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olaraq 560000 (beş yüz altmış min) rus rublu, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, 500 (beş yüz manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar