Məhkəmə qərarları › İş №2(027)-796/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-796/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-796/2021 13.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı “xxxx” Qeyri-Bank Kredit Təşkilatı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı “xxxx” Qeyri-Bank Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “borc” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Qeyri-Bank Kredit Təşkilatı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2040 manat məbləğində əsas borc, 489 manat məbləğində faiz, 30,30 manat cərimə borcu olmaqla, cəmi 2559,30 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq “xxxx” Qeyri-Bank Kredit Təşkilatı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********0495 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 27 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 137 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansda, yəni Verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qedy edilmiş, kredit kartında təqdim edilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir .Beləliklə, xx.xx.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 2040 AZN, faiz borcuna görə 489 AZN, cərimə borcuna görə 30,30 AZN, cəmi 2559,30 AZN təşkil edir. Məhkəmə iclasında iddiaçı “xxxx” Qeyri-Bank Kredit Təşkilatı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək, yaranmış borcun hissə-hissə ödənilməsinə razı olduğunu bildirmişdir. - İş materiallarından olan “xxxx” Qeyri-Bank Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********0495 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə illik 27 faiz ödənilməsi şərtilə 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. -xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “xxxx” Qeyri-Bank Kredit Təşkilatı MMC-yə olan borcu əsas borc üzrə 2040 manat, faiz borcu üzrə 489 manat, cərimə borcu 30,30 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılmasıunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərindən kredit müqaviləsi üzrə yaranmış 2040 manat əsas, 489 manat faiz və 30,30 manat cərimə borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq “xxxx” Qeyri-Bank Kredit Təşkilatı MMC-yə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2040 (iki min qırx) manat məbləğində əsas borc, 489 (dörd yüz səksən doqquz) manat məbləğində faiz və 30 (otuz) manat, 30 (otuz) qəpik cərimə borcu olmaqla, cəmi 2559 (iki min beş yüz əlli doqquz) manat, 30 (otuz) qəpik məbləğində kredit borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” Qeyri-Bank Kredit Təşkilatı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar