Məhkəmə qərarları › İş №2(027)-803/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-803/2023

22.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-803/2023 22.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbitətə dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı təbitətə dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbiətə dəymiş ziyana görə 881.50 (səkkiz yüz səksən bir manat, əlli qəpik) manat məbləğin Cavabdeh tərəfindən 5 saylı Regional Ekologoya və Təbii Sərvətlər idarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla onunla əsaslandırmışdır ki, Quba şəhəri 5-ci kvartalda yaşayan Cavabdeh tərəfindən “X1” Qanunun tələblərinə zidd olaraq ağac materialının qanunsuz əldə edilməsi faktı aşkar edilərək idarə əməkdaşları tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılmışdır. Cavabdeh “X1” Azərbaycan Respublikası qanununun tələblərini pozmuş, nəticədə Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 saylı qərarı ilə ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən onun tərəfindən təbiətə dəymiş ziyana görə 881.50 (səkkiz yüz səksən bir manat, əlli qəpik) manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəlini Cavabdeh xx.xx.2022-ci il tarixli, Ç- İM/4422-075-1804 saylı məktubu şəxsən özü qəbul etsədə, o, iddia məbləğini ödəməkdən imtina etmişdir. İddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Fərid Piriyev məhkəməyə ərizə göndərərək, həmin ərizədə iddianı müdafiə etdiyini, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli, 75686 №-li aktdan görünür ki, 08 sentyabr 2022-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Quba rayonunda aparılan reyd zamanı Quba rayonu, Vladimirovka kəndində yol kənarında yol kənarında quraşdırılmış talvarın altında fıstıq cinsli ağacdan hazırlanmış taxta və hazır taranın (yeşik) qalaqlanmış halda aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanun normasının tələbinə görə iddia tələbini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu qanun normasında söhbət tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Mülki məhkəmə icraatında tərəfləri sübut etmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddiaçı cavabdeh tərəfindən təbiətə 881,50 manat məbləğində ziyan vurulması tələbini irəli sürsə də, bu ziyanın Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulması, cavabdehin hansısa qanunsuz hərəkətləri ilə bu ziyan arasında səbəbli əlaqənin olması və ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. (Həmçinin iş üzrə cavabdehi inzibati məsuliyyətə cəlb olunması barədə hər hansı bir protokol tərtib olunmamışdır.) Halbuki yuxarıda istinad olunan Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş üzrə iddiaçı tərəfindən qeyd edilən halı aradan qaldıran, yəni cavabdehin meşə qanunvericiliyinin pozulmasında təqsirli olmasını və bununla da onun təbiətə 881,50 manat məbləğində ziyan vurmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə, iş materiallaranı araşdırıb, iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbitətə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar