Məhkəmə qərarları › İş №2(027)-804/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-804/2021

05.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-804/2021 05.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, avtomobilinə dəymiş zərərin qarşılığı olaraq 1277 manat və 30 manat məhkəmə rüsumunun tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi AC 898114 nömrəli texniki pasporta əsasən, BAN nömrəsi XTA**********7911 olan göy rəngli **-BR-*** dövlət nömrə nişanlı VAZ 2112 minik markalı XETÇBEK tipli 2004-cü il buraxılışlı avtomobil ona məxsusdur. 29 sentyabr 2018-ci il tarixdə axşam saat 18:45 radələrində ona məxsus, yuxarıda qeyd etdiyi avtomobil ilə Bakı-Quba-Dağıstan yolunun 175-ci kilometrliyində, Quba rayonu Atuc kəndi ərazisində magistral yola, inəklərin, sahibi Cavabdeh tərəfindən nəzarətsiz buraxılması səbəbindən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı onun maşınını qardaşı X2 idarə edirdi və o da avtomaşında olmuşdur. Qeyd edir ki, hadisə baş verən vaxt avtomobilin süəti 60 km/saat olmuşdur. Axşam vaxtı qaranlıq səbəbindən görüntü zəif olduğundan və qarşıdan gələn maşının işıqları səbəbindən qardaşı inəkləri gördüyü an hadisənin qarşısını almaq məqsədi ilə əyləci basdı, amma inəklər yaxın olduğundan hadisədən qaçmaq mümkün olmadı, maşın inəklərdən birinə dəydi və maşınının ön hissəsi əzildi. Qeyd etməlidir ki, yol-nəqliyyat hadisəsi Quba rayonu Atuc kənd sakini Cavabdeh AR İXM-nin 338.5.1-ci maddəsinin tələblərini pozaraq özünə məxsus mal-qaranı yolda nəzarətsiz halda qoyması nəticəsində baş vermişdir. Buna sübut olaraq hadisə zamanı YPX inspektoru polis baş serjantı X3 tərtib etdiyi inzibati Xəta Haqqında İXP ******* nömrəli protokol mövcuddur. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinin ön faraları sınıb, ön kapot əzilib ön alın şüşəsi sınıb, ön faraların alt kantları sınıb, duman işıqları sınıb, şüşə silənlər sınıb, qabağ üst panel əzilib, kapotun amortizatoriarı yararsız hala düşüb, ön atlisovka sınıb və ön alın şüşəsinin alt plasması sınıb. Yuxarıda qeyd etdiyi detalların, ehtiyat hissələri satılan mağazada olaraq qiyməti 737 (yeddi yüz otuz yeddi) manat təşkil edir. Bundan əlavə əzilmiş detalların düzəldilməsi və yeni alınan detalların avtomobilin üzərinə quraşdırılmasına görə 250 manat, detalların rənglənməsinə görə 200 manat, elektrik işinə görə 50 manat, şüşələrin quraşdırılmasına görə 20 manat, ön buferin təmir olunmasına görə isə 20 manat ustalara zəhmət haqqı tələb olunur. Vurulmuş ziyanın ümumi miqdarı 1277 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, idda ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, avtomobilə təmir zamanı təzə hissələr qoyulmuşdur. Cavabdeh tərəfindən ona heç bir ödəniş olunmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə razıdır və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan X5 Haqqında TP ******* nömrəli 14.11.2018-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəatnı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 15.10.2018-ci il tarixli ziyan aktından görünür ki, «VAZ-2112» XETÇBEK minik markalı, «**-BR-***» dövlət qeydiyyat nişanlı, buraxılış ili 2004-cü il olan avtomaşına baxış keçirilərkən həmin avtomaşına toqquşma nəticəsində 1277 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq və məhkəmə-avtotexniki ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 8/1840, 9/5466 №-li rəyindən görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində iş materiallarına əsasən 2004-cü il buraxılışlı “VAZ-2112” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1267 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə mövcuüd sübutlara hüquqi qiymət verərək, hesab edir ki, həmin sübutlarla 29 sentyabr 2018-ci il tarixdə İddiaçı məxsus, «VAZ-2112» XETÇBEK minik markalı, «**-BR-***» dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba-Dağıstan yolunun 175-ci kilometrliyində, Quba rayonu Atuc kəndi ərazisində magistral yola, inəklərin Cavabdeh tərəfindən nəzarətsiz buraxılması səbəbindən yol nəqliyyat hadisəsi baş verməsi və hadisə nəticəsində «VAZ-2112» XETÇBEK minik markalı, «**-BR-***» dövlət nömrə nişanlı avtomaşına maddi ziyan vurması sübuta yetirilmişdir. İş üzrə keçirilən məhkəmə əmtəəşünaslıq və məhkəmə-avtotexniki ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 8/1840, 9/5466 №-li rəyində «VAZ-2112» XETÇBEK minik markalı, «**-BR-***» dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı avtomobilin 2018-ci ilin sentyabr ayına təmir bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1267 manat müəyyən olunmuşdur. Məhkəmə, «VAZ-2112» XETÇBEK minik markalı, «**-BR-***» dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanla bağlı "xxxx" Firmasına məxsus avtotexniki təmir stansiyasının 15.10.2018-ci il tarixli ziyan aktına, məhkəmə əmtəəşünaslıq və məhkəməavtotexniki ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 8/1840, 9/5466 №-li rəyinə sübutların qanuniliyi və mötəbərliyi baxımından hüquqi qiymət verərək, hesab edir ki, həmin ziyanla bağlı məhkəmə əmtəəşünaslıq və məhkəmə-avtotexniki ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 8/1840, 9/5466 №-li rəyi iş üzrə digər sübutlarla təsdiq edildiyi, inandırıcı, məntiqli və daha ağlabatan olduğu üçün mötəbər sübut sayılmalı və həmin ekspertiza rəyinə əsasən «VAZ-2112» XETÇBEK minik markalı, «**-BR-***» dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanın məbləği 1267 manat qəbul edilməlidir. Belə ki, həmin ekspertiza rəyi qanuni və etibarlı tədqiqat mənbələrinə əsaslanmışdır, orada istinad olunan avtomaşın hissələrinin və təmir işlərinin dəyəri ağlabatan olmaqla bazar qiymətlərinə və işin hallarına uyğundur. "xxxx" Firmasına məxsus avtotexniki təmir stansiyasının 15.10.2018-ci il tarixli ziyan aktında avtomaşına dəymiş ziyanla bağlı göstərilən məbləğlər isə heç bir qanuni və etibarlı tədqiqat mənbələrinə və avtomaşın hissələrinin göstərilən qiymətdə olmasını təsdiq edən heç bir sənədə istinad edilmədən, subyektiv mülahizələrə söykənən, ağlabatan və işin hallarına uyğun olmayan məbləğlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanun normalarının tələbinə əsasən Cavabdeh hərəkətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt), hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə də qoyula bilər. İşdəki sübutlardan görünür ki, iddiaçıya cavabdehin qanunazidd hərəkətləri nəticəsində mülkiyyətində olan «VAZ-2112» XETÇBEK minik markalı, «**-BR-***» dövlət qeydiyyta nişanlı avtomaşınla bağlı maddi ziyan vurulmuş, həmin ziyanla cavabdehin qanunazidd hərəkətləri nəticəsində səbəbli əlaqə olmuş və həmin ziyan cavabdehin təqsiri nəticəsində yaranmışdır. Yuxarıda istinad olunan qanun normalarının tələbinə əsasən Cavabdeh özünə məxsus mal-qaranı yolda nəzarətsiz halda qoyması nəticəsində, iddiaçı İntiqam Məmmədova əmlak ziyanı vurmaqla hüquqazidd əməli törətmişdir ki, bu hərəkəti ilə bağlı iddiaçıya vurduğu ziyanı ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 03 sentyabr 2021-ci il tarixli, 8/1840, 9/5466 saylı bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza xərci 70,0 (yetmiş) manatdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 1267 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin 70 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 saylı hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 1267 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq, İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin; 70 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar