Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-804/2024 04.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 05 sentyabr 2019-ci il tarixli, 2(027)-1795/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş bir uşağa görə 120 manat olmaqla 240 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq 12 iyul 2015-cü il tarixdə anadan olmuş qızı X6 və 05 dekabr 2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşağa görə 235 manat olmaqla Cavabdeh hər ay 470 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2014-cü ildə el adəti üzrə evlənib ailə qurmuş, nikahı 29 sentyabr 2014-cü il tarixdə rəsmi qeyd etdirmişdilər. Birgə nikahdan 12 iyul 2015-cü il tarixdə Əsma 05 dekabr 2017-cu ildə isə Zəhra adında uşağları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən Quba rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(027)- 1795/2019 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş,qızı Əsma və Zəhra onun himayəsində saxlanılaraq, onların yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin və hamiləlik dövrü üçün 50 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Quba rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(027)-1795/2019 saylı qətnaməsi ilə qət olunmuş 320 manat sabit pul məbləğində aliment uşağların bir ay müddətinə saxanılması üçün kifayət etmir. Belə ki maddi cəhətdən imkanı olduqca pisdir. Hal-hazırda qanunla hər bir uşağın minimum yaşayış tərzi üçün 235 manat nəzərdə tutulmuşdur. Müəyyən olunan aliment məbləği hazırki bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşaqların yeməyini, paltarlarını, məktəb və digər ehtiyaclarını ödəmir. Uşaqların müvafiq xərclərini ödəməkdə çətinlik çəkir. İş yeri olmadığından heç yerdə işləmir. Cavabdeh isə uşaqlarla maraqlanmır, uşağın artan maddi ehtiyaclarını ödəməkdə ona köməklik etmir. Cavabdehin maddi imkanı yaxşıdır, tələb etdiyi aliment məbləğini ödəməyə imkanı vardır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, aralarında heç bir razılığın olmadığını qeyd edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, uşaqlara baxmaqdan imtina etmir, uşaqlarına baxmalıdır, lakin onun ikinci ailəsindən də iki uşağı və evdə xəstə anası var. O hər uşağa 10-20 manat artıra bilər. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)- 1995/2019 saylı qətnaməsindən göründüyü kimi, X8 ilə Cavabdeh arasında xx.xx.2014- cü il tarixində bağlanmış və Quba RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəliyi tərəfindən həmin tarixli 19 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, Nikahın pozulmasından sonra xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X10 anaları X3 yanında qalması və xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından xx.xx.2015-ci il təvəllüdlü X11 doğulmuş, atası- Cavabdeh, anası- X2 qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV 053541 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuş, atası- Cavabdeh, anası- X2 qeyd olunmuşdur. İş materiallarında olan X9 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞQ-MT-027-2024-00033 saylı arayışına əsasən, İddiaçı ilə Cavabdeh arasında razılıq əldə olunmadığından prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 50 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1995/2019 saylı qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə iki uşaq üçün hər ay 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşaqların gündəlik tələbatının artmasını əsas götürərək, aliment məbləğinin artırılaraq hər ay bir uşağın saxlanılması üçün 235 manat olmaqla cəmi 470 manat alimentin Cavabdeh tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşaqların aylıq xərcinin 235 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməsi halının, bu halın isə uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə iddiaçının müntəzəm xarakterli əmək haqqına malik olmasını və uşaqların maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin hər uşağa görə 175 manat məbləğində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatdək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 33 (otuz üç) manat 20 (iyirmi) qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1995/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 12 iyul 2015-ci il təvəllüdlü X6 və 05 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilməli olan 33 (otuz üç) manat 20 (iyirmi) qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-804/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-804/2024
04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver