Məhkəmə qərarları › İş №2(027)-823/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-823/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-823/2024 13.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi qismində vəkili Vəkil, Cavabdeh oğlunun nümayəndəsi qismində vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan ona borclu olduğu 1600 (bir min altı yüz) manat pulun və 63 (altmış üç) manat dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödədiyi 300 (üç yüz) manat pul vəsaitinin alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində onunla əsaslandırılmışdır ki, 2012-ci ildə ona təcili pul lazım olduğu üçün "xxxx" QSC-nin Quba filialı ilə müəyyən edilmiş şərtlər əsasında uzun müddətli kredit müqaviləsi bağlayıb götürdüyü kredit vəsaitini vaxtında ödəmişdir. Daha sonra, 17 fevral 2015-ci ildə "xxxx" QSC-nin Quba filialı ilə 2012-ci ildə bağladığı uzunmüddətli kredit müqaviləsi üzrə 30 ay müddətində aylıq ödənişi 255 manat olan 5500 (beş min beş yüz) manat məbləğində kredit vəsaiti almışdır. Həmin kredit vəsaitini almaq üçün 14 fevral 2015-ci ildə "xxxx" QSC-nin Quba filialına müraciət etmişdir, bankın qeyd olunan filialının kredit mütəxəssisi Cavabdeh oğlu tərəfindən qəbul edilmişdir. Əvvəllər də kredit verilməsi ilə bağlı sənədləşmə işləri Vüsal tərəfindən icra edildiyi üçün bir-birilərini tanımışlar. Cavabdeh tərəfindən mikro kredit verilməsi ilə bağlı ərizə, kredit razılaşması və zaminlik müqaviləsi və ödəniş planı tərtib edilmişdir. Həmin müqavilələr və ödəniş planı tərəfindən imzalanmış, kredit üzrə zamin isə tanışı və həmkəndlisi olan X7 olmuşdur. Kredit verilməsi ilə bağlı Bankın filialında açılmış cari hesabına 5500 manat pul köçürülmüş, o, həmin pulu kassadan götürmüş və kredit vəsaiti üzrə aylıq 255 manat pul ödənişini etmək üçün hər səfərində Quba rayonuna gəlmişdir. O, hər ay pulu ödəmək üçün uzun məsafə qət etməmək üçün aylıq ödənişi, yəni 255 (iki yüz əlli beş) manat pulu müxtəlif şəxslərin, taksi və avtobus sürücülərinin vasitəsilə kredit mütəxəssisi Cavabdeh göndərmişdir. Göndərdiyi 255 manat pulu Vüsal əvvəllər banka ödəmiş, lakin 2016-cı ilin iyul ayından 2017-ci ilin aprel ayınadək, yəni 255 (iki yüz əlli beş) manat olmaqla 9 ay ərzində göndərdiyi, ümumilikdə 2295 (iki min iki yüz doxsan beş) manat pulu banka ödəməmişdir. Onun bu məsələdən "xxxx"' QSC-nin Quba filialından daxil olan xəbərdarlıq məktubundan sonra məlumatı olmuş, o, Cavabdehla əlaqə saxlayıb vəziyyəti bildirdikdə, Vüsal göndərdiyi pulları özünə götürdüyünü müxtəlif bəhanələr gətirməklə inkar etmiş, sonradan isə 2016cı ilin iyul ayından 2017-ci ilin aprel ayınadək, yəni 9 ay ərzində göndərdiyi 255 manat olmaqla, ümumilikdə 2295 (iki min iki yüz doxsan beş) manat pulu banka ödəmədiyini etiraf etmişdi, həmin məbləği şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Aylıq ödənişləri Cavabdeh göndərməyini həmkəndlisi Bəhram Atluxanovun və tanışı Quba rayon sakini Teymur Sadirovun məlumatı olmuşdur. Hansı ki, şəxsən o, özü iki dəfə Cavabdeh 500 manat pul vermişdir. Vüsal 2295 (iki min iki yüz doxsan beş) manat verdiyi pul vəsaitini banka ödəmədiyindən, Qusar rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2(029)-1257/2017 saylı məhkəmə əmrinə əsasən, ondan və zamin durmuş şəxslərdən müştərək qaydada 3028 (üç min iyirmi səkkiz) manat 34 (otuz dörd) qəpik əsas borc, 898 (səkkiz yüz doxsan səkkiz) manat 39 (otuz doqquz) qəpik faiz borcu, 302 (üç yüz iki) manat cərimə borcu, ümumi 4229 (dörd min iki yüz iyirmi doqquz) 56 (əlli altı) qəpik borcun tutularaq, "xxxx" QSC-nin hesabına köçürülməsi əmr edilmişdir. Qeyd edilən pul məbləği olan borc Cavabdeh təqsiri üzündən yaranmışdır və buna görə də, 4229 (dörd min iki yüz iyirmi doqquz) 56 (əlli altı) qəpik borcu ona ödəməlidir ki, o, da həmin pul vəsaitini "xxxx" QSC-nin hesabına ödəsin. Müraciəti əsasında Cavabdeh oğluna AR CM-nin 178.2.3-cü maddəsi ilə cinayət işi başlanmış, Quba rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli 1(027)-161/2017 saylı Hökmü ilə Cavabdeh oğlu AR CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Quba rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli 1(027)- 161/2017 saylı Hökmündə Cavabdeh göndərdiyi və şəxsi ehtiyaclarına ödədiyi 2295 (iki min iki yüz doxsan beş) manat məbləğində pul vəsaitini güya ona ödəməsi məhkəmə zamanı verdiyi ifadəsində qeyd olunmuşdur. Lakin, Cavabdeh ona vurduğu 2295 (iki min iki yüz doxsan beş) manat ziyanı ödəməmiş, bundan başqa həmin pulu mənimsəyərək banka ödəmədiyindən 4229 (dörd min iki yüz iyirmi doqquz) 56 (əlli altı) qəpik borcu yaranmışdır. Məhkəmədə cinayət işinə baxılarkən cavabdeh tərəfindən ona dəymiş olan ziyan, yəni 2295 (iki min iki yüz doxsan beş) manat təqsirləndirilən şəxs Cavabdeh tərəfindən ödənilmişdir. Bundan sonra Cavabdeh mənimsədiyi puldan qalıq qalan borcunun 1600 (bir min altı yüz) manatını ödəməmiş və bununla əlaqədar banka 1954 (bir min doqquz yüz əlli dörd) manat 56 (əlli altı) qəpik borc qalmışdır. Qeyd edilən 1954,56 manatın 1600 manatı Cavabdeh, 354,54 manat isə ona aiddir. Cavabdeh borcu ödəməkdən yayınır. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, izahatında bildirmişdir ki, o banka sonuncu dəfə 800 manatdan bir qədər çox pul ödəyib, həmin pulu bank ondan krediti tam bağlamaq üçün alıb, həmçinin zamindən də müəyyən məbləğlər tutulub, hazırda pulunu geri istəyir. Məhkəmə iclası yekunlaşandan sonra borcunu qaytaracaqdır və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində vəkili Vəkil izahatında iddia ərizəsində qeyd edilən məbləğlərin cavabdeh tərəfindən ona qaytarılmasını xahiş etmişdir. Cavabdeh oğlunun nümayəndəsi qismində vəkili X9 məhkəmə izahatında bildirmişdir ki, o qeyd edilən ziyanla bağlı araşdırma aparmış məlum olmuşdur ki, Vüsal 9 ayın pulunu, yəni 2295 manat pulu ödəməmişdir. Sonradan məhkəmədə cinayət işinə baxılarkən Vüsal tərəfindən 2295 manat və ortada 1275 manat borc qalmışdır ki, həmin borc iddiaçının özünə aid olan borcu olmuşdur. Həmin borca faiz əlavələr hesablanaraq borc 1454 manat olub. Vüsal bankla danışıb, ona güzəşt olunaraq, cərimələr silinib, ödənilməli olan 1954 manat borc əvvəlcə 1200 manata, sonra 843 manat məbləğində müəyyən edilib və həmin arada zamindən təxminən 600 manat pul tutulub, lakin dəqiq məbləğin tutulması barədə onda məlumat yoxdur. Məhkəmə iddiaçının və onun nümayəndəsi qismində vəkilinin və cavabdehin nümayəndəsi qismində vəkilinin izahatlarını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Qusar rayon Məhkəməsinin 2(029)-1257/2017 saylı xx.xx.2017-ci il tarixli əmrindən görünür ki, xx.xx.1978-ci ildə Qusar rayonu Kalanxur kəndində anadan olmuş, həmin kənddə yaşayan İddiaçı xx.xx.1973-cü ildə Quba rayonu Nohurdüzü kəndində anadan olmuş, Quba şəhəri Məhəllə 29 ünvanında yaşayan X1, xx.xx.1964-cü ildə Qusar rayonu Yuxarı Kalanxur kəndində anadan olmuş, həmin kənddə yaşayan X4 və xx.xx.1971-ci ildə ünvan 3 ünvanında yaşayan X3 müştərək qaydada 3028,34 manat məbləğində əsas borc, 898,39 manat məbləğində faiz borcu, 302,83 manat məbləğində cərimə borcu, cəmi 4229,56 manat məbləğində kredit borcu tutularaq "xxxx" QSC-nin hesabına ödənilməlidir. İddiaçı, X1, X4 və X3 müştərək qayadada 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" QSC-nin hesabına ödənilməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 1(027)-161/2017 saylı xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Cavabdeh oğlu Azərbaycan Respublikası CM-nin 178.2.3 maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Cavabdeh oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qəti imkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən Qusar rayon Məhkəməsinin 2(029)-1257/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar, 1954.56 manat borcun X5 əmək haqqına yönəldilərək hər ay əmək haqqının 50% məbləğində tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi və əlavə olaraq 7% həcmində 296.07 manat icra ödənişini Qusar rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilməsi barədə Qusar RİH-nə məktubla müraciət olunmuşdur. "xxxx" QSC-nin Qusar rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktubuna əsasən Qusar rayon Məhkəməsinin 2(029)-1257/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədində qeyd olunan məbləğin xx.xx.2024-cü il tarixində tam ödənildiyi nəzərə alınaraq, icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan Hüquqları və X6 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh təqslirli hərəkətləri nəticəsində banka ödənilməyən borc məbləğinə görə 302,83 manat məbləğində cərimə borcunun tutulması əmr edilmiş və 296.07 manat icra ödənişi edilmişdir. İddiaçı 1600 (bir min altı yüz) manat məbləğində maddi ziyanın alınaraq onlara verilməsini tələb etsə də, gecikdirilən vaxt üçün hesablanmış faiz və əlavələrə dair sübut təqdim etməmiş, habelə digər zərər müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi 598.90 manat hissədə əsaslı olmaqla iddia qismən təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). İddiaçı həmçinin iddia tələbi ilə bağlı ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi ilə bağlı ödədiyi 300 (üç yüz) manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia bu hissədə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, iddia tələbi ilə bağlı 63 (altmış üç) manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsi ilə bağlı 300 (üç yüz) manat vəsaitin ödənilmiş tələblərin məbləğinə münasib hissəsini təşkil edən 134.31 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 598 (beş yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik dəymiş zərər, dövlət rüsumu və hüquqi yardımın göstərilməsi ilə bağlı 134 (yüz otuz dörd) manat 31 (otuz bir) qəpik, cəmi 733 (yeddi yüz otuz üç) manat 21 (iyirmi bir) qəpik alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar