Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-840/2021 29.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, müdafiəçisi X1 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2000 (iki min) ABŞ dolları, 20 000 (iyirmi min) rus rublu, cəmi 6800 (altı min səkkiz yüz) AZN pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə İddiaçı1 iddianı müdafiə edərək iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbini belə əsaslandırmışdı ki, o, Cavabdeh1 ilə 2010-cu ildə rəsmi qaydada evlənib, birgə nikahdan üç övladı olub, uşaqlardan ikisi onun, biri isə cavabdehin himayəsindədir. Cavabdeh Z.Talıbov ilə 2017-ci ildən aralarında narazılıqlar başlayıb, ona görə ayrılıblar, cavabdeh ona qarşı aralarında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. 2019-cu ildə onların evdə olmamağından sui istifadə edərək ona və atasına məxsus 2000 ABŞ dollar və 2000 rus rubl pulunu alıb evdən gedib, həmin dövrdə ayrı yaşayıb, sonradan barışıb, ona görə də pulu tələb etməyib, özləri də etiraf ediblər ki, evdən apardığı pulu qaytaracağ və bu barədə öz xətləri ilə iltizam formasında qəbz veriblər. 2021-ci ilin əvvəllərində-yəni yanvar ayında aralarında xırda söz-söhbətlər olub, 2021-ci ilin yanvar ayının 11-də Bakıdan gəlib görüb ki, həyat yoldaşı Zərifə evdə yoxdur, evdə saxladığı 5000 manat şəxsi pulunu və 1800 manat uşağın pensiya pulunu götürüblər. Soruşanda ki, niyə belə hərəkət edib, bildiriblər ki, əcəb etmişik, ona qarşı nikahın pozulmasına iddia ərizəsi ilə müraciət ediblər, hal-hazırda nikahın pozulmasına dair iddiaları məhkəmənin icraatındadır. O, dəfələrlə evindən aparılan pulları cavabdehlərdən tələb etsə də, hər dəfə ona bildiriblər ki, get ərizə ver məhkəməyə pulunu tələb et, ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2000 (iki min) ABŞ dolları, 20 000 (iyirmi min) rus rublu və 6800 (altı min səkkiz yüz) AZN pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmədə İddiaçı2 iddia ərizəsinini müdafiə edərək, bildirdi ki Zərifə onun gəlinidi, onun evindən ərizədə göstərilən məbləği oğurlayıb, bu barədə özünün əlyazması da var. O, bu barədə polisə şikayət eləməyib. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, yoldaşı Namir ona deyib ki, 2000 ABŞ dolları, 20 000 rubl pulu götür, apar ver anana qoysun bir yerə, atanın ustalarına mebel sifariş elə. O, da pulu öz servantdan götürüb anasıgilə verib və deyib ki, bu pulu mebel almaq üçün Namir verib. Anası pulu öz servantına qoyub.Sonradan evlərində söz-söhbət yaranıb, qaynatası pulu soruşanda Namir boynuna almayıb ki, o, pulu onun razılığı ilə götürüb. Səhəri günü baş vermiş söz-söhbətə görə anası pulu qardaşı və onun sinif yoldaşı vasitəsi ilə birlikdə pulu Namirgilə qaytarıb. Pulu qaytarandan sonra axşam onlar əlyazma yazdırıblar ki, bir də belə iş tutmayacağ, əks halda evdən qovulacağ. Həmin yazını isə özlərinə götürmüşlər. Onlara qarşı verilmiş iddia əssasızdır və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, o, Zərifənin anasıdır. Zərifə o evin gəlini olub. Zərifə onlara gələndə ona pul verib ki, pulu bir yerə qoysun, mebel almaq üçün yoldaşı Namir verib. O, da pulu servanta qoyub. Səhərisi gün eşidib ki, qızının evində söz söhbət yaranıb, o da pulu oğluna verib ki, aparıb qaytarsın özlərinə. Oğlu sinif yoldaşı ilə birlikdə pulu Zərifənin yoldaşına qaytarıb. Pulu qaytarandan sonra onlara axşam əlyazma yazdırıb qol çəkdirib və həmin yazını özlərinə götürüblər. İddia tələbi əsassızdır və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsasız olduğu təmin edilməməlidir. Belə ki, işdə olan Quba RİHB-nın İ Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 162 saylı arayışdan və AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 İ Nügədi kəndində qeydiyyatdadır, hal-hazırda həmin kənddə yaşayır. İşdə olan Quba RİHB-nın İ Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli 267 saylı arayışdan və AZE 09285927 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 İ Nügədi kəndində qeydiyyatdadır, hal-hazırda həmin kənddə yaşayır. İşə əlavə edilmiş əlyazmadan görünür ki, Cavabdeh1 qaynatasına məxsus evdən 2000 ABŞ dolları, 20 000 rubl pulu götürüb bacısı vasitəsi ilə anasına göndərib. Anası həmin pulu geri qaynatasına qaytarıb və o da, bir də belə bir iş görməyəcəyinə söz verib.İltizam Zərifə, Oktay və Naibə tərəfindən imzalanıb. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh1 qaynatasına məxsus evdən 2000 ABŞ dolları, 20 000 rubl pulu götürüb anası Cavabdeh3 göndərib. Anası həmin pulu qaynatası İddiaçı2 qaytarıb. Həmin iltizamın iddiaçılar tərəfindən məhkəməyə iddia ərizəsinə əlavə edilməsi pulun qaytarılmasını təsdiq edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, iddiaçıların iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq, İddiaçı2 Cananşir oğlunun, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçılar İddiaçı2 Cananşir oğlu və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-840/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-840/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver