Məhkəmə qərarları › İş №2(027)-843/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-843/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-843/2022 04.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC kiçik iddalara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 725,70 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.03.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə ümumi qiyməti 725,70 manat dəyərində olan “Samsung” markalı mobil telefon satılmışdır. Cavabdeh 61,50 manat ödəniş edərək, hər ay üçün 55,35 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, cəmi 117,50 manat ödəniş etmiş və qalıq qalmış 608,20 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.03.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Samsung” markalı mobil telefona görə ilkin ödəniş kimi 61,50 manat ödədikdən sonra qalan məbləği 12 ay ödəniş cədvəli üzrə hər ay 55,35 manat olmaqla, cəmi 664,20 manat ödəməyi öhdəsinə götürmüşdür. maliyyə arayışından görünür ki, Cavabdeh 11.03.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 608,20 manat borcu yaranmışdır. İşdə olan bildirişdən görünür ki, Cavabdeh tərəfindən MMC-yə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; 17.01.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 117,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun mətninin 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh 608,20 manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğdə pul vəsaiti tutulub, İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar