Məhkəmə qərarları › İş №2(027)-844/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-844/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-844/2023 07.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1100 (bir min yüz) manat pulun və 31 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, o uzun müddət Quba şəhəri ərazisində yerləşən “Sədərək” adlanan tikinti materiallarının satışı bazarında tikinti materiallarının satışı ilə məşğul olur. Hazırda pensiyaya çıxdığı üçün tikinti materiallarının satışı ilə oğlu məşğul olur, o da ona kömək edir. Cavabdeh onun tanışıdır. Belə ki, o, dəfələrlə tikinti materialları almış və pulunu ödəmişdir. Bu səbəblə də, aralarında inam və etibar yaranmışdır. Cavabdeh 2021-ci ilin yay fəslində evdə təmirtikinti işləri apardığını bildirərək, az bir müddətə nisyə olaraq tikinti materialları almaq istədiyini bildirmişdi. Arada inam və etibar olduğundan ona istədiyi tikinti materiallarını satmağa razılıq vermişdir. O, 1100 (bir yüz) manat dəyərində tikinti materiallarını alaraq, dəyəri olan pulu tez bir zamanda verəcəyini bildirmişdir. Cavabdeh verdiyi vədə əməl etməyərək, borclu olduğu 1100 manat məbləğində pulu ona qaytarmamışdır. Dəfələrlə pulu qaytarması barədə müraciət etsə də, cavabdeh etinasız yanaşaraq borclu olduğu pulu qaytarmamışdır. Son da 12 fevral 2022-ci il tarixdə Cavabdeh ona 1100 manat məbləğində pul borclu olması və həmin borcu xx.xx.2022-ci il tarixdə qaytaracağı barədə rəsmi qəbz yazaraq vermişdi. Lakin həmin vaxtdan hal-hazıradək borclu olduğu pulu qaytarmamış, zənglərinə cavab vermir, dəfələrlə qapısına getdikdə, özü qaçıb gizlənmiş, anası yalvarıb ağlamışıdır ki, qısa vaxtda pulunu verəcəkdir. Cavabdeh yenə də, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, cavabdehin ona borcundan 538 manat ödədiyini nəzərə alaraq, 562 manat borc və 31 manat rüsumun tutulması hissəsində təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh ilkin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddianı qəbul edir, qısa zamanda borcunu ödəyəcəkdir.. İddiaçı ilə razılığa gəlmək üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin izahatlarını dinləyib, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan xx.xx.2022-ci il tarixli ərizədən göründüyü kimi, Qirimov X1 Cəlaldan 2021-ci ilin yay ayında 1100 manat dəyərində mal aldığını və borclu olduğunu təsdiq etmiş və xx.xx.2022-ci il tarixdə borcunu qaytaracağına söz verərək imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, idiaçı iddia ərizəsinə görə 31 (otuz bir) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında nisyə alqı-satqı razılıq əldə edilmiş, lakin cavabdeh razlaşmanı pozaraq ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçı qarşısında borc öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Daha sonra cavabdeh borcun etiraf edilməsini nəzərdə tutan yazılı qeyd vermişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 562 manat borcun tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və işdə olan sübutları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 562 (beş yüz altımış iki) manat borc, dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 562 (beş yüz altımış iki) manat borc və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat tutularaq tutularaq İddiaçı qızının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar