Məhkəmə qərarları › İş №2(027)-848/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-848/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-848/2023 01.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılmağa və maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Dokta MMC arasında bağlanmış Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsinə dair 11 oktyabr 2019-cu il tarixli İcarə müqaviləsinə xitam verilməsi, cavabdehin icarəyə verdiyi 75 kv/m qeyri-yaşayış sahəsini boşaldıb əvvəlki vəziyyətində ona təhvil verərək oradan çıxarılması, icarə obyektinin vergi qeydiyyatının ləğvi, kassa qeydiyyatının ləğvi, icarə sahəsində olan cavabdehə məxsus dərman və digər tibbi ləvazimatların pərakəndə satış lisenziyasının ləğvi, icarə obyektində olan mühafizə polisi ilə olan müqavilənin ləğv edilməsi, eyni zamanda 28 noyabr 2022-ci il tarixli ilkin müqavilə üzrə həmin tarixdən 07 fevral 2023-cü il tarixədək hər ay 2300 manat, 07 fevral 2023-cü il tarixdən isə aylıq 2600 (iki min altı yüz) manat pul vəsaitinin icarə obyektinin boşaldılıb təhvil verilən tarixədək hesablanmaqla ona ödənilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsi xx.xx.2019 qeydiyyat tarixli Çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyətində olan qeyriyaşayış sahəsinin 75 kv/m sahəsi tərəfindən Cavabdeh MMC-ə icarəyə verilmişdir. Tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinin 3-cü bəndinə görə icarə müddəti xx.xx.2020-ci il tarixinədək müəyyən edilir və onun bitməsinə 1(bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. İcarə müqaviləsinin 8-ci bəndində-müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. O bu hüquqdan istifadə edərək icarə müqaviləsinin ləğv edilməsi və icarə obyektinin boşaldılması, eyni zamanda tələbin icra edilməməsinə görə ona vurulan ziyanla bağlı qnunvericiliyə əsasən məsuliyyət daşımaları barədə ekspres poçt vasitəsilə göndərdiyi ərizə cavabdeh tərəfindən xx.xx.2022-ci tarixdə qəbul edilsə də tələbi yerinə yetirilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlib. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh "xxxx" MMC-dən 07 fevral 2023-cü il tarixdək hər ay 2300 manat, 07 fevral 2023-cü il tarixdən isə aylıq 2600 (iki min altı yüz) manat pul vəsaitinin icarə obyektinin boşaldılıb təhvil verilən tarixədək hesablanmaqla ona ödənilməsi, habelə 200 (iki yüz) manat daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsinə dair mütəxəssis rəyinə çəkilmiş xərcə görə, 840 (səkkiz yüz qırx) manat sağlamlığına dəymiş zərərə görə, 20000 (iyirmi min) manat mənəvi zərərə görə, ödənilmiş dövlət rüsumu kimi 100 (yüz) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun ifadə verərək, iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdi ki, ərzaq, dərman və xidmət sahələri üzrə qiymətlərin bahalaşması ilə əlaqədar o da icarə haqqının qiymətini artırıb, bu barədə qabaqcadan onlara müraciət də edib. Buna baxmayaraq Cavabdeh MMC onun təklifi ilə razılaşmamışdır. İcarə müqaviləsinin 8-ci bəndinə əsasən vaxtından əvvəl ləğv edilməsini tələb edir. Bu səbəbdən onun şərtlərilə razılaşmadığı təqdirdə sözügedən qeyri-yaşayış sahəsinə artıq X5 ilə yeni şərtlərlə 28 noyabr 2022-ci ildə icarə haqqı 1300 manat olmaqla ilkin icarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Onun MMC qarşısında heç bir öhdəliyi qalmamışdır. Cavabdeh MMC iddiaya etirazla ərizəsi təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə İddiaçı və Cavabdeh MMC ilə notarial qaydada icarə müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdeh MMC ilə bağlanılmış icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1021/2023 saylı, xx.xx.2023-cü tarixli qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsinə dair 11 oktyabr 2019-cu il tarixli İcarə müqaviləsinə xitam verilməsini, cavabdehə icarəyə verdiyi 75 kv/m qeyri-yaşayış sahəsini boşaldıb əvvəlki vəziyyətində ona təhvil verərək oradan çıxarılmasını, icarə obyektinin vergi qeydiyyatının ləğvi, kassa qeydiyyatının ləğvi, icarə sahəsində olan cavabdehə məxsus dərman və digər tibbi ləvazimatların pərakəndə satış lisenziyasının ləğvi, icarə obyektində olan mühafizə polisi ilə olan müqavilənin ləğv edilməsi, eyni zamanda 28 noyabr 2022-ci il tarixli ilkin müqavilə üzrə həmin tarixdən 07 fevral 2023- cü il tarixdək hər ay 2300 manat, 07 fevral 2023-cü il tarixdən isə aylıq 2600 (iki min altı yüz) manat pul vəsaitinin icarə obyektinin boşaldılıb təhvil verilən tarixədək hesablanmaqla ona ödənilməsi üçün cavabdeh üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, xx.xx.2023-cü ildə notarial qaydada bağlanılmış ilkin müqavilə uydurma əqdir, yəni etibarsızdır. Həmin əqd birmənalı olaraq əhəməyyətsiz əqd hesab olunur və bağlanıldığı andan etibarsızdır. Belə ki, Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsinin icarə haqqı vergi daxil olmaqla 1163.00 (bir min yüz altmış üç) manat olduğu halda ilkin müqavilədə aylıq 2600.00 (iki min altı yüz) manat göstərilmişdir. Qüvvədə olan mülki qanunvericiliyin tələblərindən və İddiaçı tələblərindən görünür ki, xx.xx.2023-cü ildə X7 arasında notarial qaydada bağlanılmış ilkin müqavilənin mahiyyəti sadəcə olaraq Cavabdeh MMCyə qarşı qanunsuz olaraq maddi ziyan (əldən çıxmış fayda) tələbi irəli sürməkdən ibarətdir. Göstərilən səbəblərdən iddiaçının icarə müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsini qanunsuz olduğu üçün etiraz etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi X2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etmişdir ki, ilkin müqavilə X5 ilə bağlanmışdır və o Cavabdeh MMC-nin keçmiş əməkdaşıdır. O haqsız rəqabət aparır və xəbərdarlıq etmədən, yeni müqavilə bağlayır. Hətta Cavabdeh MMC ilə bağlanmış müqavilə qüvvədə ola-ola o "xxxx" MMCnin nümayəndəsilə ilkin icarə müqavilələri bağlamışdır. Cavabdeh MMC bütün şərtlərə əməl etdiyi halda, icarə haqqını vaxında ödədiyi halda, tərəflərin münasibəti nəzərə alınmadan şərtlər dəyişdirilmişdir. Həmçinin qeyd etmişdir ki, Cavabdeh MMC həmin obyektdə yerləşən aptekə kifayət qədər vəsait xərcləmişdir. Görünən odur ki, iddiaçı heç bir hüquqi əsas olmadan, şərtlərə əməl etmədən yeni əqd bağlayıb, o üzdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əlavə edərək tərəflər arasında icarə münasibətlərinin davam etdirilməsi niyyəti baxımından iddiaçıya müqavilədən əlavə ödənişlər də edildiyini bildirmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, iş materiallarını tədqiq edib hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş, ********** qeydiyyat nömrəli, **********68-06301-083001 reyestr nömrəli çıxarışdan görünür ki, Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyriyaşayış sahəsi tam pay hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestri kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinin surətindən göründüyü kimi, İddiaçı özünə məxsus Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsini 11 oktyabr 2020-ci il tarixədək aylıq 1000 manat məbləğində icarə haqqı ödəmək şərti ilə “DOKTA" MMC-nin icarəsinə vermişdir. İş materiallarında olan İddiaçı ilə "DOKTA” MMC-nin nümayəndəsi X8 arasında 27 iyul 2022ci il tarixdə bağlanmış 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsində dəyişiklik edilməsinə dair müqavilənin surətindən görünür ki, tərəflərin razılığına əsasən “İcarəyə götürən”, “İcarəyə verənə” ödəniləcək hər ay aylıq 1000 (min) manat məbləğ dəyişdirilərək, 1163 (min yüz altımış üç) manat icarə haqqı müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ilə X5 arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli ilkin müqavilənin surətindən görünür ki, İddiaçı özünə məxsus Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsinin 72 kv.m-ni 28 noyabr 2022-ci il tarixdə “İkinci tərəf” ilə İcarə Müqaviləsi bağlanmasına dair razılığa gələrək, tərəflərin razılığına əsasən “İkinci tərəf” icarəyə götürəcəyi 72 kv.m olan sahəni aylıq 2300 (iki min üç yüz) manat ödəyəcək, ilk 5 (beş) ayının icarə haqqını 11500 (on bir min beş yüz) manat İcarə Müqaviləsi bağlandığı anda “Birinci tərəfə” ödəyir. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı tarixi qeyd edilməmiş ərizələrin surətlərindən göründüyü kimi, müqavilənin 8-ci bəndinə əsasən icarə müqaviləsinin vaxtından əvvəl bir ay xəbərdarlıq etməklə ləğv olunması şərtindən irəli gələrək, obyektin 2022-ci ilin dekabr ayının 3-nə icarəyə götürülmüş qeyri-yaşayış binasının boşaldılmasını tələb olunmuşdur. İş materiallarında olan “Mega Ekspress” məktub və bağlamaların daşınması xidmətinin 318273 və 318274 nömrəli xəbərnamələrinin surətlərindən göründüyü kimi, İddiaçı tərəfindən göndərilmiş bildirişlər Cavabdeh MMC tərəfindən 28 noyabr 2022-ci il tarixdə müvafiq imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 02 may 2023-cü il tarixli “Mütəxəssis rəyi”ndən göründüyü kimi, göründüyü kimi, Quba şəhəri, Heydər Əliyev prospekti, “Quba” Tiicarət mərkəzi və bazar ərazisində yerləşən qeyri-yaşayış sahələrinin 1 kv/metrinin orta aylıq icarə dəyəri rəy verilən tarixə 35-45 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən İddiaçı qeyd edilən qeyriyaşayış sahəsini 11 oktyabr 2020-ci il tarixədək aylıq 1000 manat məbləğində icarə haqqı ödəmək şərti ilə “DOKTA" MMC-nin icarəsinə vermişdir. İddiaçı ilə "DOKTA” MMC-nin nümayəndəsi X8 arasında 27 iyul 2022-ci il tarixdə 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsində dəyişiklik edilməsinə dair müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə görə tərəflərin razılığına əsasən “İcarəyə götürən”, “İcarəyə verənə” ödəniləcək hər ay aylıq 1000 (min) manat dəyişiklik edilərək, 1163 (min yüz altımış üç) manat icarə haqqı müəyyən edilmişdir. Buna baxmayaraq, İddiaçı Cavabdeh MMC-ə 28 noyabr 2022-ci il tarixdə bildirişlər ünvanlayaraq 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsini və qeyri-yaşayış sahəsinin boşaldılıb təhvil verilməsini xahiş etmişdir. Məhz həmin tarixdə İddiaçı həmin qeyri-yaşayış sahəsinin 72 kv/metr hissəsini X3 2300 manat məbləğində icarə haqqı ödəmək şərti ilə icarəyə verilməsi barədə müqavilə bağlamışdır. İddiaçı, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 8-ci bəndinə istinad edərək (müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir) nəzərdə müqavilənin ləğv edilməsini tələb etmişdir. “DOKTA" MMC icarə haqqını vaxında ödədiyini, tərəflərin münasibəti nəzərə alınmadan şərtlərin dəyişdirilməsi tələb edildiyini, qeyri-yaşayış sahəsinə kifayət qədər vəsait xərclədiyini və heç bir hüquqi əsas olmadan və şərtlərə əməl etmədən digər şəxslə yeni əqd bağlandığını etirazının əsası kimi qeyd edərək iddianın əsassız olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Qeyd edilən Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. "İcarə haqqında" Azərbaycan Respublikası Qanununun: 7-cı maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Qeyd edilən maddənin 5-ci bəndəinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Həmin Qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Və 13.1: icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Tərəflərin mübahisələndirmədikləri hal ondan ibarətdir ki, icarəçi müqavilə şərtlərini pozmamışdır. 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2020-ci ilədək müəyyən edilmişdir və bitməsinə 1 ay qalmış tərəflər müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddət daha 1 il müddətinə uzadılmış hesab edilmişdir. Qeyd edilən əsasla tərəflər arasında olan müqavilə xx.xx.2022-ci ildə daha 1 il müddətinə uzadılmışdır. Az müddət sonra, yəni 28 noyabr 2022-ci ildə icarəyə verən müqavilənin 8-ci bəndinə istinad edərək müqaviləni ləğv etmək istəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2: Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqda sui-istifadədir. Məhkəmə hesab edir ki, iddiaçı yalnız müqavilənin qeyd edilən bəndinə istinad etməklə , mənafe üstünlüyü dəqiq ifadə etmədən və hərəkətlərinin zəruriliyini əsaslandırmadan müqavilənin ləğvini tələb etməkdə haqlı olmamışdır. Belə ki, bu, qeyri-yaşayış sahəsində fəaliyyətilə əlaqədar icarə münasibətinin iştirakçısı kimi cavabdehin güvənmiş olduğu icarəçinin əvvəlki rəftarına zidd hüququn həyata keçirilməsində ifadə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarına əsasən, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Həmin Qərara əsasən müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. İddiaçı faktiki olaraq ərzaq, dərman və xidmət sahələri üzrə qiymətlərin bahalaşması ilə əlaqədar, yəni iddiaçının mülahizəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsilə bağlı müqavilənin ləğvini tələb etmişdir. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Məhkəmə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin dəyərləndirilməsi baxımından iddianın əsassızlığı qənaətə gələrkən, tərəflər arasında 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinə 27 iyul 2022-ci il tarixdə dəyişiklik edilməklə icarə haqqının artırıldığını da nəzərə almışdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh MMC ilə bağlanmış icarə müqaviləsi ləğv edilməmiş, həmin qeyri yaşayış sahəsinin bir hissəsinin digər şəxsə icarəyə verilməsinə dair ilkin icarə müqaviləsi iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, qanunvericiliyə əsasən ilkin müqavilə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağın öhdəsinə götürülməsilə bağlı bağlanmü mümkünlüyü müəyyən edilmiş müqavilədir. Mülki Məcəllənin (bundan sonra – MM) 402.1-ci və 402.2-ci maddələrinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dokta MMC arasında bağlanmış Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsinə dair 11 oktyabr 2019-cu il tarixli İcarə müqaviləsinə xitam verilməsi, cavabdehin icarəyə verdiyi 75 kv/m qeyri-yaşayış sahəsini boşaldıb əvvəlki vəziyyətində ona təhvil verərək oradan çıxarılması, icarə obyektinin vergi qeydiyyatının ləğvi, kassa qeydiyyatının ləğvi, icarə sahəsində olan cavabdehə məxsus dərman və digər tibbi ləvazimatların pərakəndə satış lisenziyasının ləğvi, icarə obyektində olan mühafizə polisi ilə olan müqavilənin ləğv edilməsi, eyni zamanda 28 noyabr 2022-ci il tarixli ilkin müqavilə üzrə həmin tarixdən 07 fevral 2023-cü il tarixədək hər ay 2300 manat, 07 fevral 2023-cü il tarixdən isə aylıq 2600 (iki min altı yüz) manat pul vəsaitinin icarə obyektinin boşaldılıb təhvil verilən tarixədək hesablanmaqla ona ödənilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddia tələbləri təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. İddia ilə 840 (səkkiz yüz qırx) manat sağlamlığına dəymiş zərərə görə və mənəvi zərərə görə 20000 (iyirmi min) manat tutulması xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələblərii həmin hissələdə də təmin edilməməlidir. Belə ki, 840 (səkkiz yüz qırx) manat sağlamlığına dəymiş zərərlə bağlı sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulduğunu bildrisə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 20000 (iyirmi min) manat mənəvi zərər tələbi hissəsində də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılma və maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar