Məhkəmə qərarları › İş №2(027)-87/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-87/2024

13.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-87/2024 13.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsilə müraciət edərək, Cavabdeh sağlamlığına vurduğu ziyanın qarşılığında xərclədiyi, işləmədiyi aylarda əldə edə bilmədiyi vəsaitin maddi və mənəvi zərərin ödənilməsi, ümumilikdə 6000 (altı min) manat barədə və sağlamlığını yenidən bərpa etməyi üçün lazım olan vəsaitin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İdda ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh özünü kosmetoloq kimi təqdim edərək onunla danışaraq, özünün diplomlu bir həkim olduğunu deyərək xx.xx.2022-ci ildə ilk dəfə içində gioloron maddəsi olan kosmetoloji xidmət göstərərək onun üz nahiyəsinə iynə vurmuşdu. Bu iynəni vurmazdan qabaq danışarkən o cavabdehə üz nahiyəsinin ağız hissəsində süni gelin olduğunu, giolorun o hissəyə vurmağın ziyan verib-verməyəcəyi barədə suallar vermişdir. Cavabdeh “Mən həkiməm, 5 ildir bu tipli iynələr vururam, narahat olma!”- cavabını vermişdir. Cavabdeh danışıqlar boyu onu təcrübəli həkim olduğuna əmin etmiş, etimadını qazanmış, sonra etimadından sui-istifadə etmişdir. Cavabdeh dekabrda ona gioloron maddəsinin 3 şüşəsini eyni anda üz nahiyəsinə yeritdirib. Bu kosmetoloji proseduradan sonra üzünü yuyarkən Cavabdeh iynə vurduğu nahiyəyə toxunanda kəskin ağrı hiss edib, bir daha ağrının yerini müəyyənləşdirmək üçün toxunanda yumru düyünvari toxumayabənzər hissənin olduğunu görüb. İllər öncə onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə xəstəliyin yenidən baş qaldırmasından qorxub və onkoloji müayinələrə gedib. Müəyinələrdən sonra onkoloq ona bu fəsadın kosmetoloqun vurduğu iynədən sonra yarandığını bildirib. Daha sonra o yenə də müxtəlif qan və digər analizlər verdirib. Heç bir xəstəliyi yoxdur. O bu barədə məlumatı cavabdehə bildirəndə ona narahat olmamağı, müxtəlif mazlarla masaj etməli olduğunu deyib. Bunları edəndən sonra düzələcəyinə söz verib. Onun dediklərini etdikdən sonra düzəlmə baş vermədiyindən onunla görüşmək qərarına gəlib. Lakin cavabdeh onunla nəinki görüşməyi, zənglərinə belə cavab verməyib. Üzü hər keçən gün şişib və daha pis vəziyyətə düşüb. O həkim müayinələrinə, dərmanlara 5.000 (beş min) manatdan artıq pul vəsaiti xərcləmiş. Buna dair qəbzləri var. Göründüyü kimi, Cavabdeh ona maddi və mənəvi ziyan vurmuşdur. Daha sonra “Diamed” klinikasında US müayinəsindən keçib. Həkim ona problemin kosmetoloji problem olduğunu deyib. Problemin kosmetoloq səhvi olduğundan əmin olduğundan artıq İzzət Süleymanova ilə mübahisəni həll etməyə cəhd edib. Lakin cavabdeh onunla görüşmür, danışmır və mübahisənin həllində maraqlı deyil. Əksinə, “get hara istəyirsən şikayət et, adamı var şikayət et məni tapşıracaqlar!”- deyərək onu təhdid edir. Hətta onu təhqir etməkdən belə çəkinmir. Cavabdeh onu müxtəlif nalayiq ifadələrlə təhqir edir. Sağlamlığına vurulan bu ziyanla bərabər ona olunan bu təhqirlər onun ağır psixoloji sarsıntılar keçirməyinə səbəb olmuşdur. O hətta uzun müddət düşdüyü depressiv vəziyyət üzündən çölə çıxmamış və gəlir yerindən məhrum olmuşdur. O məhkəmənin ədalətinə sığınır və qanunların şəffaflığına inanır. Məhkəmə iclasında iddiaçı idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh sağlamlığına vurduğu ziyanın qarşılığında xərclədiyi 6000 (altı min) manat vəsaitin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, izahatına əlavə olaraq bildirmişdir ki, o həm maddi, həm də mənəvi ziyanın tələbinə dair müraciət etmişdir, lakin hazırki ərizəsinə əsasən yalnız 6000 manat ona dəyən maddi ziyanı tələb edir, ona nəinki 6000 manat, 10 000 manatdan çox maddi ziyan dəymişdir. Bir neçə klinakada olmuş və həkimlər rəy vermişlər. Məhkəməyə gəlməsi və ekspertizadan keçməsinə yol qət etməklə vəsait sərf etmişdir. Sadəcə etdiyi ödəmələrin qəbzlərinin bəzilərini tapa bilmədiyindən, məhkəməyə təqdim edə bilməmişdir. Ona dəyən maddi ziyanı tələb edir və həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasında iddianı qəbul etməyərək ifadəsində bildirmişdir ki, iddiaçı xanımın üzünə tətbiq etdiyi dolğu deyil, üzü, dərinin gözəlləşdirən kollagen tərkibli təbii maddələrdir. İddiaçının üzündə süni gel olmuş, lakin bu barədə ona prosedurdan iyirmi gün sonra bildirmişdir. Xanım özü xərçəng xəstəsi olduğunu bildirməmişdir. Onun tətbiq etdiyi nəmləndirici maddənin isə heç bir fəsadı olmur və bu barədə həmin maddələri aldığı şirkətdən də soruşmuşdur. İddiaçının iddia tələbi əsassızdır və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan müxtəlif klinikalardan verilən US müayinə nəticələrindən göründüyü kimi, İddiaçı sağ və sol çənə, üz. Göz ətrafı proyeksiyasında dərialtı piy təbəqəsi proyeksiyasında müxtəlif ölçüdə hipoexogen əlavələr qeyd olunur D=7-8-6 mm və s. kənarları qeyriaydın və nahamar, xəstə bir-neçə ay əvvəl kosmetoloji əməliyyatdan sonra dərialtı hialuron turşusunun məhlullarından istifadə olunub. Üz cərahiyyə həkiminə müraciət etmək məsləhət görülüb. Üz və alın sahəsində yumşaq toxumalar dəyişiksizdir (patoloji törəmə izlənilmir). Hər iki gözaltı nahiyəlyərində yırtıq əlamətləri izlənilmədi. Hər iki yanaq sümüyün proyeksiyasında süni preparatlar qeyd olunur sol teref- 5,8 mm, 8 mm, 7,2 mm , 6 mm ölçüdə Sağ tərəf-1 sm, 9 mm, 5 mm , dərialti piy toxumasının qalınlığı 3mm-3,2mm arası dəyişir. Hər iki yanaq nahiyəsində preparat qalıqları izlənilmir. Dairəvi əzələlərdə dəyişikliklər izlənilmədi. Sağ nazo-labial qıvrım nahiyəsində preparat qalıqları izlənilir. Sol nazo-lobial qıvrım nahiyəsində preparat qalıqları izlənilir. Regionar limf vəziləri patologiyasızdı. Üz nahiyyənin səthi US müayinəsində sag çənəüstü nahiyyədə ,sag və sol almacıq sümüyü proyeksiyasında, sol gicgah nahiyyəsində anexogen exo sahələr (mayeli sahə) izlənilir. Bilateral burun dodaq büküşü nahiyyəsində strukturunda kalsinatlar və kistik şiələr olan fibroz toxuma sahəsi izlənilir.Sağda qalınlıq 6.6 mm, solda 7.6 mm-dir. Sol çənəüstü nahiyyədə və sag çənəüstü nahiyyədə xırda ölçülü - hipoexogen exo sahələr izlənilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin məhkəmə-tibbi ekspert rəyinə əsasən, 1966-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: “Collagen 06”, “DMAE solution 35” və “3,5% hyac low vis.soln 17” preparatları kosmetik vasitələr hesab edilir. İş materillarına əlavə edilmiş məlumatlara əsasən, xx.xx.2022-ci il tarixdə İddiaçı üz nahiyəsində kosmetoloji prosedur aparılmışdır. “X1 Clinic”də xx.xx.2023-cü il tarixdə aparılmış müayinə aktından görünür ki, İddiaçı üz nahiyəsində preparat qalıqlarının olduğu müəyyən edilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onun üzünün sağ yarısının sol yarısından dərialtı toxumanın yerləşməsinə görə assimmetrik olduğu müəyyən edilmişdir ki, bunun da texniki cəhətdən qüsurlu aparılmış kosmetoloji prosedurlardan sonra yaranması istisna edilmir. İddiaçı üz nahiyəsində qeyd olunan assimmetriyanı aradan qaldırmaq üçün təbii dolğuların və ya kök hüceyrəsinin istifadəsinə ehtiyac vardır. Müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid olmadığı qeyd olunmuşdur. İş materialında olan mədaxil qəbzlərdən görünür ki, 258 manat ödəniş qəbzi QR kod olmadan təkrar təqdim olunduğundan, nəzərə alınmadan, aparılan prosedurlara görə iddiaçı tərəfindən cəmi 3161 (üç min yüz altımış bir) manat 70 (yetmiş) qəpik vəsait ödənilmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh zərərçəkmiş şəxsin (iddiaçının) üz nahiyyəsinə kosmetoloji prosedurlar tətbiq etmiş və həmin prosedurdan sonra iddiaçının üz dərialtı toxumanın yerləşməsinə görə assimmetriklik əmələ gəlmişdir. İddiaçı qeyd edilən qüsurun cavabdehin tətbiq etdiyi kosmetoloji vasitələrin və prosedurun qeyri-peşakar aparılması ilə bağlı olduğunu iddia edir. Müayinələr zamanı iddiaçının üz nahiyəsində preparat qalıqlarının olduğu müəyyən edilmişdir. İddiaçı həmçinin daha əvvəl də müvafiq prosedurlar aparıldığını, uzun müddət əvvəl xroniki xəstəlikdən əziyyət çəkdiyini, lakin sağaldığını, bu barədə iddiaçıya məlumat verdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” xidmətin göstərilməsi tibbi xidmət kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Beləliklə, iddiaçının üzünün sağ yarısının sol yarısından dərialtı toxumanın yerləşməsinə görə assimmetrik olduğu texniki cəhətdən qüsurlu aparılmış kosmetoloji prosedurlardan sonra yaranması istisna edilmədiyindən, həmin assimmetriyanı aradan qaldırmaq üçün təbii dolğuların və ya kök hüceyrəsinin istifadəsinə ehtiyac olduğundan, prosedurların düzgün aparılmasına dair sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməklə bununla bağlı hər hansı sübut təqdim olunmadığından, bununla da onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi zərər cavabdeh tərəfindən qarşılanmalı və zərərin əvəzi ödənilməlidir İddiaçı dəymiş zərərin əvəzi olaraq 6000 manat məbləğində tələb irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddiçının daha əvvəl kosmetoloji prosedurdan istifadə etməklə dolğu qalıqlarının yeni kosmetoloji posedura təsirinin istisna olmaması və müvafiq analiz cavablarının təqdim etməməkdə ifadə olunan hərəkətləri zərərin qeyd edilən həcmdə olmasına şərait yaratdığından, məhməkə iddianın real zərər məbləğində, yəni 3161 (üç min yüz altımış bir) manat 70 (yetmiş) qəpik ziyan məbləğində Cavabdeh tutulub İddiaçı ödənilməli olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3161 (üç min yüz altımış bir) manat 70 (yetmiş) qəpik ziyan məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qubat Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar