Məhkəmə qərarları › İş №2(027)-871/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-871/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-871/2021 17.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pul alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışlar ki, Cavabdeh ilə Dəvədabanı yaşayış massivində qonşu olmuş və münasibətləri yaxşı olmuşdur. O, Quba şəhərində yerləşən 20 sot torpaq sahəsini 2019-cu ilin iyul ayında 7000 manata satmış və yaşadığı qəsəbədə torpaq sahəsi almaq istəmiş, Nəsrulla ona 5 sot torpaq sahəsi satdığını demiş, o da 5 sot torpaq sahəsini almaq qərarına gəlmişdir. Nəsrulla arvadının adına olan Dəvədabanı yaşayış massivində yerləşən 5 sot torpaq sahəsini 8000 manata satacağını demiş, o da Nəsrullaya 7000 manat pulu olduğunu demişdir. Nəsrulla ona 7000 manat pulu alğı-satqı zamanı verməyini, qalan 1000 manat pulu daha sonra verməyini istəmişdir. O da 5 sot torpaq sahəsini alğı-satqı edən zaman ona 7000 manat pul verməyə razılaşmış və qalan 1000 manat pulu da sonra verəcəyini demişdir. 25.08.2019-cu il tarixdə Nəsrulla avtomobili ilə onu, əri Məhəmməd Hüseyinbəyovu və qardaşı Aslan Əkbərovu özü ilə birlikdə Quba şəhərində yerləşən Asan Xidmət mərkəzinə alğı-satqı etmək üçün gətirmiş, Asan Xidmət mərkəzində bazar günü oduğundan iş saatı bitmiş və bu səbəbdən alğı-satqı etmək mümkün olmamışdır. Nəsrulla 25.08.2019-cu il tarixdə saat 17 radələrində Dəvədabanı qəsəbəsində yaşadığı evə gələrək ona 5 sot torpaq sahəsini 8000 manata satacağına söz vermiş və həmin puldan 7000 manat pulu verməyini istəmişdir. O, Nəsrullaya 5 sot torpaq sahəsini alğı-satqı etdikdən sonra pulu verəcəyini demiş, Nəsrulla isə 7000 manat pulu ona verməyini, bir nəfər tanışına 10000 manat pul verməli olduğunu, həmin şəxsin Almaniyaya gedəcəyini, ona satmaq istədiyi 5 sot torpaq sahəsini başqa şəxsə yüksək qiymətə satacağını və həmin sahəni ala bilməyəcəyini demişdir. O da 5 sot torpaq sahəsini özü almaq istədiyindən Nəsrulla ilə razılaşmış və 7000 manat pulu ona vermək qərarına gəlmişdir. Nəsrulla 26.08.2019-cu il tarixdə Asan xidmətdə 5 sot torpaq sahəsini alğı-satqı etməyinə söz vermiş, o da Nəsrullaya 7000 manat pulu 25.08.2019-cu il tarixdə saat 17 radələrində Dəvədabanı qəsəbəsində yerləşən 5 sot torpaq sahəsini satacağına söz verdiyinə görə vermişdir. Nəsrulla da 7000 manat pulu ondan aldıqdan sonra öz xətti ilə bir kağızda yazıb 5 sot torpaq sahəsini satacağına söz vermiş və həmin kağızı imzalamışdır. Nəsrullaya 7000 manat pulu verən zaman yanında həyat yoldaşı Məhəmməd və anası Simnarə Əkbərova da olmuşdur. 26.08.2019-cu il tarixdə evdə olan zaman Nəsrullanın ona satmağa razılaşdığı 5 sot torpaq sahəsində tanımadığı bir nəfər qadın və bir nəfər kişinin metrə ilə ölçmə işləri apardıqlarını görmüş, həmin şəxslərin yanına gəlmiş və kim olduqlarını soruşmuş, həmin qadın adının Ramilə olduğunu və Bakı şəhər sakini olduğunu bildirmişdir. Ramilədən torpaq sahəsində hansı məqsədlə ölçmə işləri apardıqlarını soruşmuş, Ramilə də Nəsrulladan 5 sot torpaq sahəsini 11000 manata aldığını və bu səbəbdən ölçmə işləri apardığını demişdir. O, Ramiləyə 5 sot torpaq sahəsini Nəsrulladan 7000 manata aldığını demiş, Ramilə isə Nəsrullanın 5 sot torpaq sahəsini ona satması barədə alğı-satqı müqaviləsini göstərmiş və Nəsrullaya zəng edərək çağırmışdır. Nəsrulla gəldikdən sonra ondan aldığı 7000 manat pulun əvəzində satmalı olduğu 5 sot torpaq sahəsinin Ramiləyə satması barədə alğı-satqı müqaviləsi olduğunu və onu aldatdığı üçün pulunu qaytarmasını istəmiş, Nəsrulla ondan aldığı 7000 manat pulun əvəzində başqa ərazidən 5 sot torpaq sahəsini satacağına söz vermiş, o da Nəsrulla ilə razılaşmış və dəfələrlə onunla əlaqə saxlayaraq pulunu qaytarmasını istəmiş, Nəsrulla isə hər dəfəsində müxtəlif bəhanələrlə onu aldadaraq pulunu qaytarmamışdır. Bundan sonra o, cavabdeh barədə Quba RPŞ-nə şikayət etmiş, cavabdeh barəsində cinayət işi açılmış və Quba rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 1(027)-46/2020 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, hal-hazırda cavabdehin ona 5750 manat məbləğində borcu olduğunu və iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən edilməlidir. İş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 1(027)-46/2020 saylı, 24.11.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş hüquqi yardımın göstərilməsi barədə ödənilmiş qəbzin surətindən görünür ki, iddiaçı hüquqi yardım haqqının məbləği olaraq 50 manat məbləğində pul vəsaiti ödəmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh barəsində cinayət işi üzrə qəbul edilmiş hökmlə müəyyən olunur ki, Cavabdeh zərərçəkmiş şəxs X1 ümumilikdə 7.000 manat pulunu ələ keçirmişdir. Lakin, cavabdeh 7.000 manat borclu olduğu puldan 1250 manat məbləğində pul iddiaçıya ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya hal-hazırda 5750 manat məbləğində borcu var. Ona görə də, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh heç bir müqavilə və hüquqi əsas olmadan İddiaçı 5750 manat məbləğində maddi ziyan vurması qanuni qüvvəyə minmiş Quba rayon Məhkəməsinin 1(027)-46/2020 saylı, 24.11.2020-ci il tarixli hökmü ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Bundan başqa, İddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 50 manat pul cavabdehdən alınaraq ona verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5750 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 50 manat pul cavabdehdən alınaraq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar