Məhkəmə qərarları › İş №2(027)-874/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-874/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-874/2025 08.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Gülümşah oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gülümşah oğlundan 97750 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 384 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, o, Cavabdeh Gülümşah oğluna 97750 manat məbləğində pulu qoyun alış-verişi üçün vermişdir. O, pulun 31750 manatını Qəmbərə ödəyəcəyi haqqında polisdə iltizam yazmışdır. Qalan 66000 isə ona ödəməli olduğu halda hazıradək ödəməmişdir. Dəfələrlə pulun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, o, müxtəlif bəhanələr gətirərək pulun ödənilməsindən boyun qaçırmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh ona 66.000 manat məbləğində pul borcludur. İddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Əvvəlki Məhkəmə iclasında Cavabdeh Gülümşah oğlu iddianı qəbul edərək, izahatında bildirmişdir ki, iddia tələbini 66.000 manat hissəsində qəbul və borcunu etiraf edərək iddia tələbinin həmin hissədə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Quba RPŞ-nin İstintaq bölməsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Cavabdeh barədə iddiası 66000 manat pulunu geri qaytarması ilə bağlıdır. Bu xüsusatlar tərəflər arasında yaranmış mübahisənin mülkü xarakterli olmasına dəlalət edir. Məhz bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlaması rədd edilmiş və İddiaçı qeyd olunan məsələ ilə bağlı mülkü qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 384 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia etiraf edildiyindən və bu məhkəmə tərəfindən təsdiq edildiyindən, məhkəmə iddiaçının irəli sürdüyü 66.000 manat borcun tutulmasına dair iddianın təmin olunması qənaətinə gəlir. İddiaçı həmçinin iddia tələbi ilə bağlı ödənilmiş 384 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, iddia tələbi ilə bağlı 384 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Gülümşah oğlundan 66.000 (altmış altı min) manat borc və 384 (üç yüz səksən dörd) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar