Məhkəmə qərarları › İş №2(027)-878/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-878/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-878/2023 05.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8500 (səkkiz min beş yüz) manat borc pulu və ödənilmiş 105 manat dövlət rüsumunu, cəmi 8605 (səkkiz min altı yüz beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhərində fəhləlik edən zaman təxminən 1 il bundan qabaq işə düzəlmək məqsədi ilə həmyerlisı Kamran adlı şəxsin tanışlığı ilə Cavabdeh adlı şəxsə onu FHN-nin Yanğından Mühafizə İdarəsində işə düzəltməsi adı ilə bir neçə dəfə olmaqla 20 Yanvar metrostansiyasının yaxınlığındakı “Ataturka” dönərinin yanındakı kafedə ümumilikdə 8500 (səkkiz min beş yüz) manat pul vermişdir. Belə ki, onlar ilk dəfə atası ilə birlikdə Asimlə 20 Yanvar metrostansiyası yaxınlığındakı kafedə görüşüb 4000 manat pul vermiş, təxminən 2-3 gün keçdikdən sonra Asim 070-200- 84-00 saylı nömrədən zəng edib yenə 3500 manat pul istəmişdir. Bu dəfədə eyni yerdə “Azərsu” idarəsinin yaxınlığında əlbəəl ona 3500 manatı tək vermiş və Asim yazılı olaraq pulu aldığını qeyd etmişdir. Növbəti dəfə 2022-ci ilin iyun ayında Asim bizə yenidən iş üçün 700 manat pul lazım olduğunu demiş və ondan terminal vasitəsi ilə Lerik rayonundan pulu göndərmişdir. Sonuncu dəfə isə bundan bir ay sonra Asim ondan işin sonu olduğu üçün sənədlərə görə 300 manat pul istəmiş və o, həmin pulu da “Azərsu" idarəsi yanında Asimə vermişdir. Lakin bundan sonra Asim müxtəlif bəhanələr gətirməyə başlamış və işə düzəltmək adı ilə ondan aldığı pulu mənimsəmişdir. Bir neçə dəfə pulun qaytarılmasını ondan tələb etsə də, o müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Bu sırf dələduzluq faktı olduğu üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Həmin Bölmədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilərək həmin material ərazi aidiyyətı üzrə Bakı şəhəri Yasamal RPİ-nə göndərilmiş və xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin 29-cü PŞ-nə daxil olmuş, iş üzrə araşdırılma aparılmış və toplanmış materiallar istintaq aidiyyətı üzrə Yasamal RPİ-İŞ-nə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayonu Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X1 xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh ondan işə düzəltmək adı ilə 8500 manat pulun alınması faktı təsdiqini tapmış, lakin müstəntiqin qənaətinə görə mülki xarakterli olduğundan material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İstintaq orqanı tərəfindən aralarında yaranmış mübahisənin mülki qaydada məhkəmə yolu ilə həll edilməsi tövsiyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə teleqramla müraciət edərək, məhkəəm iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Toplanmış material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, Emindən müxtəlif vaxtlarda "Azərsu" idarəsinin yaxınlığında yerləşən «Kafe park» kafesində ümumilikdə 8500 manat pul almışdır. Həmin pulu problem yaşadığı üçün borclarına vermişdir. Emin və atası Mübariz zəng etdikdə onlara işin alınmadığını və pulu qaytaracağını bildirmişdir. Lakin, bir neçə şəxsə verəcəyi olduğu üçün Eminin pulunu qaytara bilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh 8500 (səkkiz min beş yüz) manat məbləğində pulun alınaraq ona verilməsini tələb edir. Cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də verdiyi izahatında iddiaçıya 8.500 manat məbləğində pul borclu olduğunu etiraf etmişdir. Cavabdeh isə iddia tələbinin əsassız olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-1092.2-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 8.500 manat məbləğində pul alması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 105 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8.500 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 105 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar