Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-882/2022 25.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 adından və İddiaçı3 nümayəndəsi və vəkili X3, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 adından və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mənzilə payın müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 adından İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Əhəd oğluna məxsus olmuş ünvan 1 ünvanında yerləşən ikimərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 87,9 kv.metr, köməkçi sahəsi 59,1 kv.metr, cəmi 147 kv.metr olan yaşayış evinin və evin yerləşdiyi 394 kv.metr həyətyanı torpaq sahəsinə dair Quba rayonu Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 13.12.2007-ci il tarixli, 2V-171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, bu şəhadətnamə əsasında aparılmış sonrakı əməliyyatlar ləğv olunmaqla, X2 adına verilmiş 02.02.2008-ci il tarixli, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, 13.01.2015-ci ildə Quba Notariat Kontorunda təsdiq olunmuş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh2 adına verilmiş 07.03.2015-ci il tarixli, evə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ barədə RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 1 ünvanında yerləşən ikimərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 87,9 kv.metr, köməkşi sahəsi 59,1 kv.metr, cəmi 147 kv.metr olan yaşayış evinin və evin yerləşdiyi 394 kv.metr həyətyanı torpaq sahəsinin ¼-nə onların vərəsəlik üzrə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, 25.10.2007-ci il tarixli, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanındakı fərdi yaşayış evi evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə İddiaçı1 Əhəd oğlunun xüsusi mülkiyyətində olmuşdur. İddiaçı1 Əhəd oğlu 05.07.2002-ci ildə vəfat etmişdir. 13.12.2007-ci il tarixli, 2V-171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən göstərilən daşınmaz əmlak X2 mülkiyyətinə keçmiş və ona bu barədə 02.02.2008-ci il tarixli, MH seriyalı, ******* saylı daşınmaz əmlakin dövlət reyestrindən çıxarış verilmişdir. X6 20.02.2015-ci ildə vəfat etmişdir. 13.01.2015-ci ildə X6 göstərilən evi Quba Notariat Kontorunda Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 07.03.2015-ci ildə evə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ barədə RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Quba rayon Dövlət Notariat Kontoru səlahiyyət həddini aşaraq, mirasın qəbulu müddətinin uzadılması barədə məhkəmə qərarı olmadan miras üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. İddiaçı1 Əhəd oğlu və X2 dörd uşağı olmuş və onlardan biri də iddiaçıların atası X5r. X7 30.04.2005-ci ildə vəfat etmişdir. İddiaçı1 Əhəd oğlunun vəfatından sonra onun oğlu, iddiaçıların atası X1 olmuş və İddiaçı1 Əhəd oğlunun vərəsələri sırasına daxil olmuşdur. X4 vəfatından sonra iddiaçılar Bəhram İsmayılovun vərəsələri sırasında olmuşdur. 13.12.2007-ci ildə X2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilərkən X4 vərəsəsi atalarının vərəsələri kimi iddiaçıların vərəsəlik hüquqları təmin olunmamışdır. Bununla da onların qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüquqları pozulmuşdur. Miras əmlak 25.10.2007-ci il tarixli, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 Əhəd oğlunun xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanındakı fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ əsasında vərəsələr arasında bərabər şəkildə bölünməlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 adından və İddiaçı3 nümayəndəsi və vəkili X8 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclas iştirakçılarının izahatlarını dinləyib, onların təqdim etdikləri sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 25.10.2007-ci il tarixli, MH seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi İddiaçı1 Əhəd oğlunun xüsusi mülkiyyətindədir; İş materiallarında olan 13.12.2007-ci il tarixli 2V-171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə keçmişdir; İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02.02.2008-ci il tarixli, MH seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir; İş materiallarında olan 13.01.2015-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki, X6 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsini Cavabdeh2 bağışlamışdır; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 07.03.2015-ci il tarixli, MH seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,0394 ha həyətyanı torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; Həmin Məcəllənin 1163-ci maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1168-cı maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1193-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-ci maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1198-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan, eyni zamanda vəsiyyət tapşırığını (leqatı) alan şəxs vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər. Əgər o, vəsiyyət tapşırığından imtina etməzsə, məcburi paya hüququnu vəsiyyət tapşırığının dəyəri həddində itirir. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər; Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-ci maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat kontorunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydə alındığı limanın yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi İddiaçı1 Əhəd oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İddiaçı1 Əhəd oğlu 05.07.2002-ci ildə vəfat etmişdir. 13.12.2007-ci il tarixli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə keçmiş və sonuncunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. 13.01.2015-ci il tarixdə X6 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsini Cavabdeh2 bağışlamış və həmin əmlak Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı1 və İddiaçı2 babaları İddiaçı1 Əhəd oğlundan miras qalmış əmlakdan məcburi pay almaq hüququ olan birinci növbəli vərəsələr sırasına daxildirlər. Məhkəmə hesab edir ki, ünvan 4 ünvanında yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0394 ha həyətyanı torpaq sahəsinə dair Quba rayonu Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 13.12.2007-ci il tarixli, 2V-171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarış ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, ünvan 4 ünvanında yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0394 ha həyətyanı torpaq sahəsinə dair Quba rayonu Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 13.12.2007-ci il tarixli, 2V-171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, X2 adına verilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02.02.2008-ci il tarixli, MH seriyalı ******* saylı çıxarış ləğv edilməli, Quba Notariat Kontorunda təsdiq olunmuş 13.01.2015-ci il tarixli bağışlanma müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 07.03.2015-ci il tarixli, MH seriyalı ******* saylı çıxarış ləğv edilməli, ünvan 4 ünvanında yerləşən yaşayış evinin və evin yerləşdiyi 0,0394 ha həyətyanı torpaq sahəsinin 1/4-nə İddiaçı1 və İddiaçı2 vərəsəlik üzrə mülkiyyət hüquqları tanınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0394 ha həyətyanı torpaq sahəsinə dair Quba rayonu Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 13.12.2007-ci il tarixli, 2V-171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. X2 adına verilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02.02.2008-ci il tarixli, MH seriyalı ******* saylı çıxarış ləğv edilsin. Quba Notariat Kontorunda təsdiq olunmuş 13.01.2015-ci il tarixli bağışlanma müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 07.03.2015-ci il tarixli, MH seriyalı ******* saylı çıxarış ləğv edilsin. ünvan 4 ünvanında yerləşən yaşayış evinin və evin yerləşdiyi 0,0394 ha həyətyanı torpaq sahəsinin 1/4-nə İddiaçı1 və İddiaçı2 vərəsəlik üzrə mülkiyyət hüquqları tanınsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-882/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-882/2022
25.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver