Məhkəmə qərarları › İş №2(105)-1550/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1550/2022

02.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1550/2022 02.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 adından İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və bağışlanma müqaviləsinin ləğv edilməsi, yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3 və iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 və vəkili X5 iştirakı ilə Quba Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(027)-882/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 adından İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edib, İddiaçı1 Əhəd oğluna məxsus olmuş ünvan 1 ünvanında yerləşən ikimərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 87,9 kv.metr, köməkçi sahəsi 59,1 kv.metr, cəmi 147 kv.metr olan yaşayış evinin və evin yerləşdiyi 394 kv.metr həyətyanı torpaq sahəsinə dair Quba rayonu Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2007ci il tarixli, 2V-171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, bu şəhadətnamə əsasında aparılmış sonrakı əməliyyatlar ləğv olunmaqla, X3 adına verilmiş xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, xx.xx.2015-ci ildə Quba Notariat Kontorunda təsdiq olunmuş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh2 adına verilmiş xx.xx.2015-ci il tarixli, evə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ barədə RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 1 ünvanında yerləşən ikimərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 87,9 kv.metr, köməkşi sahəsi 59,1 kv.metr, cəmi 147 kv.metr olan yaşayış evinin və evin yerləşdiyi 394 kv.metr həyətyanı torpaq sahəsinin ¼-nə onların vərəsəlik üzrə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanındakı fərdi yaşayış evi evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə İddiaçı1 Əhəd oğlunun xüsusi mülkiyyətində olmuşdur. İddiaçı1 Əhəd oğlu xx.xx.2002-ci ildə vəfat etmişdir. xx.xx.2007- ci il tarixli, 2V-171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən göstərilən daşınmaz əmlak X3 mülkiyyətinə keçmiş və ona bu barədə xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı daşınmaz əmlakin dövlət reyestrindən çıxarış verilmişdir. X7 xx.xx.2015-ci ildə vəfat etmişdir. xx.xx.2015-ci ildə X7 göstərilən evi Quba Notariat Kontorunda Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 xx.xx.2015-ci ildə evə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ barədə RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Quba rayon Dövlət Notariat Kontoru səlahiyyət həddini aşaraq, mirasın qəbulu müddətinin uzadılması barədə məhkəmə qərarı olmadan miras üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. İddiaçı1 Əhəd oğlu və X3 dörd uşağı olmuş və onlardan biri də iddiaçıların atası X6r. X8 xx.xx.2005-ci ildə vəfat etmişdir. İddiaçı1 Əhəd oğlunun vəfatından sonra onun oğlu, iddiaçıların atası X2 olmuş və İddiaçı1 Əhəd oğlunun vərəsələri sırasına daxil olmuşdur. X4 vəfatından sonra iddiaçılar Bəhram İsmayılovun vərəsələri sırasında olmuşdur. xx.xx.2007-ci ildə X3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilərkən X4 vərəsəsi atalarının vərəsələri kimi iddiaçıların vərəsəlik hüquqları təmin olunmamışdır. Bununla da onların qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüquqları pozulmuşdur. Miras əmlak xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 Əhəd oğlunun xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanındakı fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ əsasında vərəsələr arasında bərabər şəkildə bölünməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Quba Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(027)-882/2022 nömrəli qətnaməsi ilə (hakim Vüar Seyidov) iddiaçılar İddiaçı1, İddiaçı2 adından İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mənzilə payın müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilib, ünvan 2 ünvanında yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0394 ha həyətyanı torpaq sahəsinə dair Quba rayonu Dövlət notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli, 2V-171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, X3 adına verilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* saylı çıxarış ləğv edilmiş, Quba notariat kontorunda təsdiq olunmuş xx.xx.2015-ci il tarixli bağışlanma müqaviləsi etibarsız hesab edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, MH seriyalı ******* saylı çıxarış ləğv edilmiş, ünvan 2 ünvanında yerləşən yaşayış evinin və evin yerləşdiyi 0,0394 ha həyətyanı torpaq sahəsinin 1/4-nə İddiaçı1 və İddiaçı2 vərəsəlik üzrə mülkiyyət hüquqları tanınmiş və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edimişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən iddia ilə bağlı qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi İddiaçı1 Əhəd oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İddiaçı1 Əhəd oğlu xx.xx.2002-ci ildə vəfat etmişdir. xx.xx.2007-ci il tarixli ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi X3 mülkiyyətinə keçmiş və sonuncunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. xx.xx.2015-ci il tarixdə X7 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsini Cavabdeh2 bağışlamış və həmin əmlak Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İddiaçı1 və İddiaçı2 babaları İddiaçı1 Əhəd oğlundan miras qalmış əmlakdan məcburi pay almaq hüququ olan birinci növbəli vərəsələr sırasına daxildirlər. Ona görə də, ünvan 2 ünvanında yerləşən yaşayış evi və evin yerləşdiyi 0,0394 ha həyətyanı torpaq sahəsinə dair Quba rayonu Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli, 2V-171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun nəticələri ləğv olunmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71-ci maddələri, Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1159.1, 1159.1.1, 1160, 1163, 1166, 1168, 1179, 1193, 1194, 1195, 1196, 1198, 1202.1, 1202.2, 1243.1, 1243.2, 1243.3, 1246, 1247, 1248.1, 1261, 1262, 1263, 1273-1, 1274, 1321.1, 1321.2, 1321.3, 1322, 1325-ci maddələri və “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 41, 55, 59-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(027)-882/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsinin qətnaməsi tərtib edilərkən ümimiyyətlə cavavdeh şəxs kimi onun iddia tələbi üzrə izahatı qeyd olunmamış və sadəcə olaraq iddia tələbinin təmin edilməməsi göstərilmişdir. Ona görə də, iddia tələbi ilə əlaqədar bildirir ki, mübahisəli ünvan 1 ünvanındakı evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi 1980-ci ildə mərhum atasının müraciəti əsasında həyətyanı torpaq sahəsi kimi ayrılaraq ona verilmiş, fərdi yaşayış evi isə 1990-ci illərdən tikilməyə başlanılmış və 2007-ci ildə tam olaraq tikintisi başa çatdırılmışdır. Mübahisəli fərdi yaşayış evi onun vəsaiti hesabına, yəni həmin vaxtlarda Rusiya Federasiyasında işləyərək göndərdiyi pullar hesabına tikilmişdir. Həmin evdə mərhum qardaşı Bəhramın hər hansı bir əməyi olmamış, heç vaxt ya özü, ya da ailəsi həmin evdə yaşamamışdır. Fərdi yaşayış evi tam tikilərək təmir olunduqdan sonra hal-hazıradək həmin evdə ailəsi ilə birlikdə yaşayır. Digər tərəfdən valideynlərinə ata və anasına özü baxaraq qulluq göstərmiş və vəfat etdikləri zaman da dəfn xərcləri onun tərəfindən qarşılanaraq həyata keçirilmişdir. Mərhum qardaşı Bəhramın və ailəsinin valideynlərinə qarşı münasibəti yaxşı olmamış, hətta mərhum anasına qarşı nəlayiq hərəkət etdiyinə görə barəsində inzibati həbs tənbeh tədbiri görülmüş, anası isə özünə məxsus digər fərdi yaşayış evindən onun çıxarılması barədə Quba Rayon Məhkəməsinin 2003-cü il tarixli qətnaməsini də qəbul etdirmiş, valideynlərinə qarşı demək olar ki, ləyaqətsiz vərəsə kimi davranmışdır. Mərhum atası İddiaçı1 Əhəd oğlu xx.xx.2002-ci ildə vəfat etmiş, adına ünvan 1 ünvanındakı 0,04 ha həyətyanı torpaq sahəsindəki fərdi yaşayış evi miras qalmışdır ki, həmin xüsusi mülkiyyətə xx.xx.2007-ci il tarixində MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Fərdi yaşayış evi ərlə-arvadın birgə evlilik dövründə inşa edildiyindən hər ikisinin mülkiyyəti hesab olunaraq miras əmlak üzrə vərəsəlik işi açılanda mərhum atasının vərəsələri anası Südabə, qardaşı Rasim və bacısı İlhamə olmuşlar, digər qardaşı Bəhram isə xx.xx.2005-ci ildə vəfat etdiyindən və mirası nə faktiki, nə də ki atası vəfat edəndən altı ay ərzində notariat kontoruna müraciət edərək qəbul etmədiyindən vərəsələr sırasında olmamışdır. Ona görə də Quba rayon Dövlət Notariat Kontorunda vərəsəlik işi açılaraq xx.xx.2007-ci il tarixli, 2V-171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə anası X3 adına verilmiş, digər vərəsələr isə onun xeyrinə mirasdan imtina etmişlər. Lakin iddiaçılar hesab edir ki, notariat kontoru səlahiyyət həddini aşaraq mirasın qəbulu müddətinin uzadılması barədə məhkəmə qərarı olmadan miras üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, mərhum ataları X4 vərəsələri kimi notariat kontoruna dəvət olunmamışlar. Göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizələrində notariusun hərəkət və hərəkətsizliyindən narazılığını bildirirlər və bu barədə ilkin olaraq inzibati qaydada müvafiq inzibati məhkəməyə müraciət etməmişlər. Həmçinin, onlar mərhum ataları X8 xx.xx.2005-ci il tarixində vəfat etdiyindən xx.xx.2002-ci ildə vəfat etmiş babaları İddiaçı1 Əhəd oğlundan miras qalmış ünvan 5 ünvanındakı 0,04 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsindəki fərdi yaşayış evini nə faktiki, nə də ki altı ay ərzində notariat kontoruna müraciət edərək qəbul etməsinə dair məhkəməyə hər hansı subut təqdim etməmişlər. Ümumiyyətlə, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini qanunvericiliyin tələbinə uyğun qaldırmamış, Mülki Məcəllənin 1159.1.3-cü və 1159.1.4-cü maddələrinə əsasən nəvələr o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın, onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Quba Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(027)-882/2022 nömrəli qətnaməsi tərtib olunarkən hər hansı subutlara istinad edilmədən, əsaslandırma aparılmadan yalnız müvafiq Məcəllənin maddələri qeyd edilmiş, mülki iş tam, hərtərəfli, obyektiv araşdırılmamış və qanunsuz qərar çıxarılmışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh2 və vəkili X9 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. İddiaçı2, İddiaçı3 və iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası qeyd olunan cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. və 373.2. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd olunması baradə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Quba şəhər X13 İcraiyyə Komitəsinin 18 iyun 1980-cı il tarixli, 7 nömrəli protokolundan çıxarışdan görünür ki, Quba şəhərində fərdi ev tikintisi üçün torpaq almaqdan ötrü ərizə vermiş vətəndaşlara torpaq sahəsi verilməsi haqqında qərar ilə İddiaçı1 Əhəd oğluna 24-cü kvartaldan fərdi ev tikintisi üçün 400 kvadrat metr torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Quba şəhəri, 24-cü məhəllə, Qaqarin küçəsində mülkiyyətdə olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 88 kv.m yaşayış sahəsi, 60 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı1 Əhəd oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabında qeydə alınmışdır. Quba rayon VVADQ şöbəsi tərəfindən verilmiş 24 may 2005-ci il tarixli, AZ-İ seriyalı 145892 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 30 aprel 2005-ci il tarixdə «Toksiki şok intihar» səbəbindən ölmüşdür. xx.xx.2007-ci il tarixli, 2V-171 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, Quba şəhəri, 24-cü məhəllə, Qaqarin küçəsində mülkiyyətdə olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 88 kv.m yaşayış sahəsi, 60 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi X3 mülkiyyətinə keçmişdir. Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Quba şəhəri, 24-cü məhəllə, Qaqarin küçəsində mülkiyyətdə olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 88 kv.m yaşayış sahəsi, 60 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabında qeydə alınmışdır. Xaçmaz rayon 1 saylı dövlət notariat kontorunda reyestrdə 2- v- 476 № ilə qeyd edilmiş 17 sentyabr 2008-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X1 şəhəri, 24cü məhəllə, Qaqarin küçəsində yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh2 vəsiyyət etmişdir. 13 yanvar 2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə müəyyən olur ki, hədiyyə verən X7 xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 148 kv.m, yaşayış sahəsi 88 kv.m, yardımçı sahəsi 60 kv.metrdən ibarət fərdi yaşayış evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsini hədiyyə alan Cavabdeh2 bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, MH seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 147.0 kv.m, yaşayış sahəsi 87.9 kv.m, yardımçı sahəsi 59.1 kv.metrdən ibarət fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0394 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabında qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0,0537 kv.metrdən ibarət torpaq sahəsində yerləşən 72.9 kv.metrdən ibarət fərdi yaşayış evinin 1/4 hissəsi, torpaq sahəsi ümumi birgə olmaqla - İddiaçı1, 1/4 hissəsi, torpaq sahəsi ümumi birgə olmaqla - İddiaçı2 və 1/2 hissəsi, torpaq sahəsi ümumi birgə olmaqla - Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 17 noyabr 2021-ci il tarixli məktubu ilə müəyyən olur ki, Quba rayon dövlət notariat ofisində 13 dekbr 2007-ci il tarixdə 2V-171 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Beləliklə, iş materialları ilə müəyyən olur ki, İddiaçı1 Əhəd oğlu 05 iyul 2002-ci il tarixdə, iddiaçıların ataları X8 2005-ci ildə vəfat etmiş, X3 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” 2007-ci il tarixdə və “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” isə 2015-ci il tarixdə notariat kontorunda rəsmiləşdirilmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçı1 Əhəd oğlu 05 iyul 2002-ci il tarixdə vəfat edərkən iddiaçıların ataları X2 olmuş, lakin onun qanunvericiliklə müəyyən edilmiş müddətdə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik və idarə etməsi, bununla da mirası qəbul etdiyini təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir və iddiaçı tərəf həmin halları sübuta yetirə bilməmişdir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mübahisələndirilən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin tərtib olunduğu tarixdən 15 il müddət keçmişdir. İddiaçı tərəf mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmənin səbəbini üzrlü sayılaraq uzadılmasına dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək mübahisə üzrə iddia müddətinin tətbiq edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Qanunvericiliyin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (MM-nin 373.1 və 373.2-ci maddələri). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-nin 375.1 və 375.2 maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər (MM-nin 1272-ci maddəsi). İdddia ərizəsi ilə müəyyən olur ki, Bakı şəhəri, 5 saylı Vəkil Bürosu xx.xx.2021 ci il tarixdə Cavabdeh3nə sorğu ilə müraciət edərək 13 dekabr 2007-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş vərəsəlik işini istəmiş və 17 noyabr 2021-ci il tarixli məktubla iddiaçılara cavab verilmişdir. Bu halın özü bir daha təsdiq edir ki, iddiaçılar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan əvvəldən məlumatlı olmuşlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər. Mülki qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2, 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş 26 iyul 2007-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Birinci intansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə ümumiyyətlə heç bir münasibət bildirməmiş, iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, düzgün təfsir etməmiş və nəticədə cavabdehin mülkiyyət hüquqlarının pozulmasına səbəb olan qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, mübahisə üzrə iddia müddətinin keçməsi iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin verdiyi ərizə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 adından İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və bağışlanma müqaviləsinin ləğv edilməsi, yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən olur ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyinə görə məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(027)-882/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 adından İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və bağışlanma müqaviləsinin ləğv edilməsi, yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassassiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar