Məhkəmə qərarları › İş №2(027)-899/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-899/2020

13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-899/2020 13.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində əmlaka vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı mülkiyyətində olan **-SG-*** dövlət qeydiyyat nişanlı “Ford Focus” markalı minik avtomobilinə dəymiş 3180 (üç min yüz səksən) manat məbləğində zərərin, 3600 (üç min altı yüz) manat məbləğində əldə çıxmış faydanın və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə cavabdehin təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı mülkiyyətində olan **-SG-*** dövlət qeydiyyat nişanlı “Ford Focus” markalı minik avtomobilinə ziyan dəymişdir. Həmin tarixdə Bakı- Nabran avtomobil yolunun Xaçmaz rayonu İstisu qəsəbəsi ərazisindən keçən hissəsində cavabdeh idarə etdiyi “VAZ 1107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə onun avtomobili ilə toqquşmuş və nəticədə cavabdehin idarə etdiyi avtomobildə olan sərnişin X2 yüngül xəsarət almışdır. Həmin vaxt onun avtomobilini etibarnamə əsasında X3 idarə etmişdir. Cavabdehin təqsiri Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Elton Məmmədovun xx.xx.2019-cu il tarixli qərarı ilə tam sübut edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun avtomobilinə 3180 (üç min yüz səksən) manat məbləğində zərər dəymişdir. Zərər “xxxxxxxxxxxx” MMC-dən (avto servis) aldığı ziyan aktı ilə təsdiqlənir. Avtomobilini günü 20 (iyirmi) manat olmaq şərti ilə ünvan 1 ünvanında qeydiyyatda olan X1 istifadəsinə vermiş, baş vermiş hadisədən bu günə kimi avtomobili yarasız vəziyyətdə olduğundan həmin gəlirdən də məhrum olmuşdur. Bu məbləğ 3600 (üç min altı yüz) manat təşkil edir. O, dəfələrlə cavabdehdən ziyanın ödənilməsini tələb etsə də cavabdeh buna məhəl qoymamış və ziyanı ödəməmişdir. Belə olan halda pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, yol-nəqliyyat hadisəsi nəticəsində **-SG- *** dövlət qeydiyyat nişanlı “Ford Focus” markalı minik avtomobilinə dəymiş 3180 (üç min yüz səksən) manat məbləğində zərərin, 3600 (üç min altı yüz) manat məbləğində əldə çıxmış faydanın və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, ekspert rəyi ilə razı deyil, iddia tələbi əldən çıxmış faydanın ödənilməsi hissəsində də əsassız hesab edir. Belə ki, avtomobilə haradasa 1500-2000 manat zərər dəymişdir. Qətnamə qəbul edən zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxx” MMC-nin tərtib etdiyi ziyan aktından görünür ki, “Ford Focus” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin ehtiyyat hissələrinə 2100 (iki min yüz) manat, 1180 (bir min yüz səksən) manat zəhmət haqqı hesablanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, “Ford Focus” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi Cavabdeh təqsiri üzündən olmuşdur. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 2007-ci il buraxılışlı “Ford Fokus” markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2780 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Belə ki, cavabdehin təqsiri üzündən yol-nəqliyyat hadisəsinin baş verməsi və nəticədə iddiaçıya maddi ziyan dəyməsi iş materialları ilə qismən təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “Ford Focus” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2780 (iki min yedd yüz səksən) manat məbləğində zərərin ödənilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Sübutetmə yükü baxımından iddiaçı cavabdeh tərəfindən yol verilmiş təqsirli hərəkət nəticəsində ona maddi ziyan dəydiyini sübut etsə də, məhz cavabdehin təqsirli hərəkəti nəticəsində gəlirlərdən məhrum olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi 3600 (üç min altı yüz) manat məbləğində əldə çıxmış faydanın ödənilməsi barədə tələbi əsassız olduğu üçün təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh, yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Focus” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə, 2780 (iki min yedd yüz səksən) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar