Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-905/2025 03.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, mülkiyyətimdə olan “VAZ-21214” markalı, 10 RD-208 dövlət nömrə nişanlı avtomobilə dəymiş 1982 (min doqquz yüz səksən iki) manat ziyanın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülkiyyətində VAZ-21214 markalı 10 RD-208 Dövlət nömrə nişanlı avtomaşın vardır. 30 avqust 2024-cü il tarixdə saat 17:00 radələridə idarə etdiyi VAZ- 21214 markalı ** RD *** dövlət nömrə nişanlı avtomaşınla idarə edərkən yaşadığı Quba rayonu Söhüb kəndinə gedərkən, Amsar kəndi ərazisində yerləşən “Mandarin” mağazasının qarşısında idarə etdiyi avtomaşını saxlayıb müəyyən ərzaq məhsulları almaq üçün mağazaya daxil olmuşdur. Marketdə olan zaman çöldən bərk səs eşidildiyindən çölə çıxmış və görmüş ki, sonradan bildiyi Cavabdeh idarə etdiyi Mersedes markalı avtomaşınla onun və digər iki şəxsin avtomaşına digər iki şəxsin avtomaşınına dəymişdir. Bir müddət sonra hadisə yerinə DYP-nin əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Onun avtomobilinə dəymiş ziyanın məbləği 1982 manat ziyan dəymişdir. O, dəfələrlə Cavabdeh müraciət edib ona dəymiş ziyanı ödəməyini təklif etmişdir. Lakin o, müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırır. Ona görə də, hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. . İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, avtomobilə ümumilikdə 1982 manat məbləğində ziyan dəymişdir. Lakin, real 1200 manat məbləğində pul ödənilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, avtomobilə dəymiş ziyan məbləği şişirdilmişdir. Belə ki, 500 manat ödəmək iqtidarındadır. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh barəsində Azərbyacan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ DYPB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-871/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 06 (altı) ay nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat aktından göründüyü kimi, İddiaçı məxsus olan “VAZ-21214” markalı, 10 RD-208 dövlət qeydiyyat nişanlı avtomobilə 1982 manat məbləğində maddi ziyan müəyyən edilmişdir. İş materiallarında olan “Forma 88“ arayışının surətindən görünür ki, Cavabdeh İİİ qrup müddətsiz əlillik müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehin idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarının pozması iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulması ilə nəticələnmişdir. Cavabdeh yol nəqliyyat hadisəsi ilə bağlı təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə iş üzrə müvafiq sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını nəzərə alaraq, hesab edir ki, iddiaçı cavabdehə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, iddiaçı iddia tələbinin əsası kimi əmlaka cavabdeh tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində 1982 məbləğində maddi ziyan vurulduğunu, cavabdeh tərəfindən ona pul ödənilmədiyin kimi hallara istinad etmişdir. Cavabdeh isə iddia tələbinə etirazı əmlaka vurulmuş ziyanın məbləğinin həcminin artırıldığı ilə əsaslandırmışdır. İddaçı avtombilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı sübut qismində qüsur aktına istinad etmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus əmlaka vurulmuş ziyanla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin, iddiaçı iddia tələbinin 1200 manat hissəsində təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh məhz 1200 (min iki yüz) manat maddi ziyanın tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat maddi ziyan tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-905/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-905/2025
03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver