Məhkəmə qərarları › İş №2(027)-929/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-929/2022

11.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-929/2022 11.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı Quba Regional X1 Cavabdeh oğluna qarşı “ziyanın ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Quba Regional X2 Cavabdeh oğluna qarşı “ziyanın ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan Meşə Fonduna vurulmuş ziyana görə 236,20 (iki yüz otuz altı manat iyirmi qəpik) manat pul tutularaq Mərkəzin bank hesabına (Kapital Bank ASC, Benifisiarın adı: Quba Regional X2; Benifisiar hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyə kodu: 3) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 14.01.2022-ci il tarixində mərkəzin Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayısının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılışı orderi olmadan müxtəlif cins və diametrlərdə 6 ədəd yaş köküstə ağacları özbaşına kəsərək meşə fonduna 236,20 (iki yüz otuz altı manat iyirmi qəpik) manat ziyan vurmuşdur. Meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin” 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7- ci əlavəsini pozmuşdur. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X1 000664 nömrəli aktından görünür ki, Cavabdeh oğlu meşədən vələs cinsindən 2 ədəd 32 sm, 2 ədəd 36 sm, 1 ədəd 40 sm, 1 ədəd 44 sm diametrlərində oduncaq aparmışdır; həcm-qiymət cədvəlindən görünür ki, 6,64 m3 həcmində oduncağın ümumi qiyməti 88,20 (seksən səkkiz manat iyirmi qəpik) manat, 6 ədəd ağacın kəsilməsinə görə ziyan 148 (bir yüz qırx səkkiz) manat təşkil etmiş, meşə fonduna dəymiş ziyan ümumi 236,20 (iki yüz otuz altı manat iyirmi qəpik) manat hesablanmışdır. Beləliklə, iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən müəyyən olundu ki, iddiaçı tərəf Cavabdeh qanunsuz hərəkətləri nəticəsində, yəni meşə məhsullarının buraxılışı orderi olmadan müxtəlif cins və diametrlərdə 6 ədəd yaş köküstə ağacları qanunsuz yolla özbaşına kəsərək meşə fonduna 236,20 (iki yüz otuz altı manat iyirmi qəpik) manat ziyan dəyməsini iddia edir və bu faktı iddia ərizəsinə əlavə etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X1 000664 nömrəli aktı və həcm-qiymət cədvəli ilə əsaslandırır. Lakin işin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 14.01.2022-ci il tarixində mərkəzin Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayısının ərazisindən meşə məhsullarının buraxılışı orderi olmadan vələs cinsindən 2 ədəd 32 sm, 2 ədəd 36 sm, 1 ədəd 40 sm, 1 ədəd 44 sm diametrlərində oduncağın qanunsuz yolla Cavabdeh tərəfindən aparılması barədə akt tərtib edilsə də, sonuncunun sözügedən aktla şəxsən tanış olması və aktın bir nüsxəsini alması barədə qeydlər aktda aşkar edilməmişdir. Bununla yanaşı, əlyazma imtina aktında Cavabdeh qanunsuz hərəkətlərinə görə tərtib edilmiş akta və protokola imza etməktən imtina etməsi qeyd olunsa da, sonuncunun bu faktla əlaqədar izahatı alınmamış və ümumiyyətlə barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdir. İş üzrə Cavabdeh Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halında sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati xəta haqqında protokol tərtib olunması və protokol əsasında inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsi iş materiallarında öz əksini tapmır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1ci maddəsinə əsasən, meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbini əsaslandıran heç bir mötəbər sübut olmadığı halda tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edir ki, kiçik iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-2, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Quba Regional X1 Cavabdeh oğluna qarşı “ziyanın ödənilməsi” tələbinə dair kiçik iddiası rədd edilsin. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar