Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-943/2024 15.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 1463/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş 120 manat məbləğində alimentin miqdarının dəyişdirilərək, 04 mart 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin, ödədiyim 60 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1463/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə 04 mart 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq Zalova (Quliyeva) Məsumə Kamran qızına verilməsi qət edilmişdir. Belə ki, həmin məbləğin müəyyən olunmasından artıq 5 ilə yaxın müddət keçmişdir. 120 manat məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün 235 manat nəzərdə tutulmuşdur. Qeyd olunan məbləğ hazırki bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, geyimini və digər maddi tələbatlarını ödəmir. Bu müddət ərzində uşağın gündəlik xərcləri və maddi tələbatları artmışdır. Övladı məktəblidir, 6-cı sinifdə oxuyur. Övladının maddi tələbatlarını çətinliklə qarşılayır. Cavabdeh daş-çınqıl karxanasında işləyir. Qazancı və gəliri kifayət qədər yüksəkdir. Lakin övladının mənafeyi, dolanışığı, maddi tələbatları ilə maraqlanmır. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Bundan başqa qızı Nuray başında anadangəlmə travma var, bununula yanaşı şəkərə meyillilik və gözdən xəstə olmaqla yaxınlaşan müştərək çəpgözlük diaqnozu ilə də müalicə alır. Mütəmadi olaraq həkim müayinəsindən keçir və daimi müalicə alır. Hər səfərində dərmanlarının alınmasına, həkim müayinəsindən keçməsinə 300-400 manat civarında xərc tələb olunur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək övladı xəstə olduğundan, aliment məbləğinə ehtiyacı olduğunu bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında bildirmişdir ki, o Laçın şəhərində işləyir və 450 manat əmək haqqı alır. İkinci dəfə ailə qurduğunu, xəstə olduğunu və alimentin miqdarının artırılmasına etiraz etdiyini, habelə 150 manat məbləğdə aliment ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin izahatını nəzərə alıb, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1463/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsindən göründüyü kimi, 04 mart 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq Zalova (Quliyeva) Məsumə Kamran qızına verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ 098659 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04 mart 2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. “Atası” qrafasında Cavabdeh, “anası” qrafasında X5 yazılıb. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh "xxxx" MMC-də operator, ekskavator işləməklə 600 manat əmək haqqı alır. İş materiallarında olan X4 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞQ-MT-027-2023- 001780 saylı arayışına əsasən, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdi. Mediasiya xərci üçün nəzərdə tutulan 60 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin 2(027)-1463/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə bir uşaq üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşağın gündəlik tələbatının artmasını əsas götürərək, aliment məbləğinin artırılaraq hər ay bir uşağın saxlanılması üçün 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşağın aylıq xərcinin 235 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməsi halının, bu halın isə uşağın zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşağın mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşağın üstün mənafeyini, onun daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə cavabdehin müntəzəm xarakterli əmək haqqına malik olmasını və uşağın maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin uşağa görə 200 manat məbləğində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı həmçinin mediasiya prosesi zamanı 60 (altımış) manat məbləğində xidmət haqqının iddiaçıdan tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia üçün ödənilməli rüsum mediasiya rüsumu ilə əhatə olunduğundan, Cavabdeh əlavə dövlət rüsumu tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-1463/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 04 mart 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə 60 (altımış) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-943/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-943/2024
15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver