Məhkəmə qərarları › İş №2(027)-95/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-95/2022

11.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-95/2022 11.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclasının katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası X11 filial tərəfindən 15 yanvar 2019-cu il tarixli 49 nömrəli arxiv arayışına əsasən mərhum X1 məxsus 0,08 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınmasına maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Çartəpə kəndində yaşayır. X2 29 sentyabr 2006-cı il tarixində vəfat edib. O, mərhum X2nun qanun üzrə vərəsəsidir. Quba rayonu, Xucbala İƏD-nin 1951-1953-cü illərdə Çartəpə kəndinə aid 06 nömrəli təsərrüfatı kitabında X2 124 saylı təsərrüfatın sahibi olmuş, həmin təsərüfatda 1861-ci ildə tikilmiş yaşayış evi və 1951-1953-cü illərdə 0,08 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. Onu da qeyd edir ki, Azərbaycan Respublikası X11 fılahnın 15 yanvar 2019-cu il tarixli, 49 nömrəli arxiv arayışından görünür ki, Quba rayon Xucbala kənd sovetinin 1957- 1959-cu illərə aid Quba rayon Çartəpə kəndi üzrə 24 nömrəli təsərrüfatbaşına kitabda mərhum X2 623 saylı təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətinə 1861-ci ildə tikilmiş yaşayış evi və 0,08 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. O, atasına məxsus torpaq sahəsindən istifadə etmişdir. Onların qonşuluğunda olan Cavabdeh özünə məxsus torpaq sahəsindən başqa onlara məxsus torpaq sahəsini də zəbt etmişdir. Göründüyü kimi Cavabdeh onlara məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edib. O, çıxarış almaq üçün Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmişdir. İdarənin mütəxəsislər çıxarış vermək üçün yeri ölçəndə Cavabdeh torpaq sahəsindən çıxmadığı, mübahisə yaratdığı üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 sayh Xaçmaz Ərazi İdarəsinin 7 mart 2019-ci il tarixli məktubu ilə torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan müayinə işlərinin aparılmasının mümkün olmaması və nəticədə daşınmaz əmlakın müayinəsinin baş tutmaması bildirilmiş və mənə çıxarış verməkdən imtina məktubu erilmişdir. Hazırda Cavabdeh mərhum X1 məxsus torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə cavabdehə torpaq sahəsindən çıxmasını bildirsə də, o buna əməl etmir. Bu məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyətinə, Quba rayon Digah-Xucbala Bələdiyyəsinə və Quba rayon Polis Şöbəsinə müraciət etsə də, məsələ ilə bağlı məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və göstərmişdir ki, mübahisəli torpaq sahəsi ata mülküdür, 1861-ci ildə verilmişdir. Zeynalın ayrıca torpaq sahəsi vardır. 1994-1995-ci ildən Zeynal onalara məxsus həmin torpaq sahəsindən istifadə etməyə imkan verməmişdir. X1 məxsus 0,08 ha torpaq sahəsi, 0,27 ha torpaq sahəsinə aid deyildir. Həmin torpaqlar arasına yol vardır. Cavabdeh hazırda mülkiyyətində olan yeri zəbt edərək qanunsuz istifadə edir və torpaq sahələrindən faktiki istifadə etməyə və ölçmə işlərini aparmağa maneçilik törədir. Göstərdiklərini nəzərə alaraq idddiasının təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh etibarnamə əsasında nümayəndəsi X7 iddianı qəbul etməyərək, göstərmişdir ki, iddiaçının iddia etdiyi 0,08 ha həyətyanı torpaq sahəsi onların həyətyanı torpaq sahələrinə aiddir. Onlar 0,27 ha torpaq sahəsinə şəhadətnamə əsasında çıxarış almışlar. Həmin torpaq sahəsi mülkiyyətlərindədir. İddiaçının göstərdikləri həqiqətə uyğun deyildir. Ona görə də iddianı əsassız hesab edir və rədd olunmasını xahiş edir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan ölüm haqqında AZ-İ seriyalı 212486 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 29.09.2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 24 yanvar 2019-cu il tarixli, 94 №li məktubundan görünür ki, İddiaçı, 29.09.2006-cı il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsəsi sırasına daxildir. İş materiallarında olan X11 filialının 15 yanvar 2019-cu il tarixli, 49 №li məktubundan görünür ki, Quba rayonu, Xucbala kənd sovetinin 1957-1959-cu illərə aid Çartəpə kəndi üzrə 24 təsərrüfatbaşına kitabda vətəndaş X5 623 saylı təsərrüfatbaşçısı olub, onun şəxsi mülkiyyətində 1861-ci ildə tikilmiş yaşayış evi və 0,08 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlkaın Dövlət reyestri Xidmətinin 18.02.2019-cu il tarixli məktubundan görünür ki, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən texniki pasport və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. İş matreriallarında olan 14 may 2021-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı və həmkəndlisi Cavabdeh arasında torpaq sahəsinin sonuncu tərəfindən zəbt edilməsi faktı təsdiq edilmədiyindən Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı isə mübahisəli torpaq sahəsinin Cavabdeh geri qaytarılmasına görə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən reyestr nömrəsi **********76-10301 olan, ********* qeydiyyat nömrəli, 17.06.2021-ci tarixli Çıxarışdan görünür ki, Quba rayonu Çartəpə kəndində yerləşən, 0,27 ha torpaq sahəsi tam X6 adına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Quba Çartəpə kəndində X6 adına qeydiyyata alınmış evə dair 16.06. 2021-ci ildə texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinin 17.03.2022-ci il tarixli arayışından görünür ki, Quba Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə məhkəmə- torpaqşünaslıq ekspertizasının keçrilməsi 04 fevral 2022-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Tərəflərindən göstərilən vaxtda mübahisəli əraziyə baxış keçirilmiş GPS aləti vasitəsilə koordinatlar götürülmüşdür. Lakin Quba Rayon Məhkəməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı 17 yanvar 2022-ci il tarixli 2(027)-95/2022 saylı məktubuna əsasən iş materiallarında iddiaçının iddia etdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici və texniki sənədlər əlavə olunmadığından tərəflərindən mübahisəli ərazinin araşdırılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün hüquqi və fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, işdəki sübutlarla iddiaçının mərhum X1 məxsus 0,08 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunması öz təsdiqini tapmadı. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlər iddia tələbinin rədd edilməsi üçün əsasdır. Beləliklə, iddiaçının və əvvəlki məhkəmə proseslərində iştirak edən cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, qət e t d i: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar