Məhkəmə qərarları › İş №2(027)-952/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-952/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-952/2024 01.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14500 (on dörd min beş yüz) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 134 (bir yüz otuz dörd) manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanışıdır. 2023-cü ilin may ayında Cavabdeh ona yaxınlaşaraq işlə bağlı problemlərinin olduğunu və pul qazanmaq üçün köməklik etməsini xahiş etmişdir. O, meyvə alqı-satqısı ilə məşğul olduğundan və həmin vaxt Quba rayonunda yerləşən “Cənnət” şirkətindən tanışlıq vasitəsilə meyvə alaraq ona verə biləcəyindən cavabdehlə razılaşmışlar. Cavabdeh ilkin olaraq 4400 manat dəyərində 4190 kq çəkidə “fuje” sortu alma verilmişdir. Daha sonra ona Şahmar adlı şəxsin vasitəsi ilə 10100 manat dəyərində “Qala” sortu ilə tanınan alma verilmişdir. Cavabdeh onun adından istifadə edib cəmi 14500 manat məbləğində alma məhsulunu əldə etsə də, lakin sonradan həmin məhsulun pulunu ödəməmişdir. Ona görə də məcbur olub həmin məhsulun dəyərini özü ödəmişdir. Bu günə kimi də cavabdeh ona borclu olduğu pulu geri qaytarmamışdır. O, Quba rayon Polis Şöbəsinə müraciət etmiş, aparılan araşdırma zamanı iş üzrə Cavabdeh ona həqiqətən 14500 manat məbləğində pul borclu olduğunu etiraf etmiş və həmin pulu 2023-cü ilin oktyabr ayında 4500 manat hissəsini, qalan 10000 manat hissəsini isə bu ilin mart-aprel ayına kimi ödəyəcəyini bildirmişdir. Lakin bu günə kimi bir manat belə ödəniş etməmişdir. O, dəfələrlə cavabdehə borcunu qaytarmasını bildirsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək bundan imtina etmişdir. Artıq belə qərara gəldim ki, cavabdeh ona olan borcunu qaytarmaq istəmir, bundan imtina edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, İddiaçı adına 14500 manat dəyərində meyvə götürüb meyvəli bazarında satmışdır. Cavada bildirmişdir ki, ziyan etdiyindən aldığı meyvənin pulunu qaytara bilməmişdir. İmkanı olmadığından hal-hazırda borcu qaytara bilmir. Lakin 87000 manat alacağı vardır, həmin pulu alıb iddiaçıya olan borcu qaytaracaqdır. Məhkəmədə verilən suallara cavab olaraq, cavabdeh bildirdi ki, xx.xx.2023-cü il tarixdə sahibkarlıq fəaliyyəti məşğul olmaq məqsədilə adına VÖEN açılmış, lakin sonradan fəaliyyəti müvəqqəti dayandırılmışdır. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışlardan görünür ki, İddiaçı aktiv olan ********** nömrəli VÖEN-i, Cavabdeh fəaliyyəti müvəqqəti dayandırılmış ********** nömrəli VÖEN-i vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdırıb hesab edir ki, mülki iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə iş materiallarını, tərəflərin izahatlarını tədqiq edərək belə qənaətə gəlir ki, iş üzrə tərəflərin hər ikisi vergi ödəyiciləridir. Cavabdeh vergi ödəyicisi kimi sonradan qeydiyyata alınsa da, iddiaçı ilə alqı-satqı apararkən də bilavasitə kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-in: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür; 17.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsini qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 (on) gün ərzində şikayət verilə bilər. Qeyd olunan qanunların tələblərinə görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 31.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar