Məhkəmə qərarları › İş №2(027)-981/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-981/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-981/2021 03.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 1600 manat pulu, ona dəymiş 3000 manat məbləğində zərərin və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi dörd ilə yaxın müddətdir ki, tanıyır. Onu tanıdığı müddət ərzində münasibətləri normal olmuşdur. 2017-ci ildə özünə məxsus şəxsi QAZEL markalı ** BF *** dövlət nömrə nişanlı yük avtomaşını olmuşdur. O, həmin avtomaşınla Quba rayonu ərazisindən Bakı şəhərinə bazarlara meyvə daşımışdır. Elə həmin vaxtlarda da cavabdeh ilə tanış olmuşdur. Həmin ildə qeyd etdiyi avtomaşını satmaq qərarına gəlmiş və bu barədə cavabdehə də bildirmişdir. 2017-ci ilin iyun ayında cavabdehlə sövdələşib ümumi razılığa gələrək avtomaşını sənədləşmə aparmaqla birlikdə ona 2800 (iki min səkkiz yüz) manata satmışdır. Cavabdeh həmin puldan 1200 (bir min iki yüz) manatını ona vermiş, qalan 1600 (bir min altı yüz) manatı isə hər ay 100 manat olmaqla qaytaracağını öhtəsinə götürmüşdür. Lakin cavabdeh vədinə əməl etməmişdir. Belə ki, bundan bir neçə il keçməsinə baxmayaraq hər dəfə ondan pulunu verməsini tələb edəndə müxtəlif bahənələr gətirərək pulunu qaytaracağını bildirsə də pulu qaytarmaqdan boyun qaçırmış, hətta o sonuncu dəfə özünə məxsus əmlakını satıb pulu tam qaytaracağına söz vermişdir. Lakin cavabdeh əmlakını satdıqdan sonra da pulunu qaytarmamışdır. Bundan sonra o, məcbur olub onunla birlikdə 02 sentyabr 2020-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notatiat ofisinə gedərək ondan ərizə almışdır. Cavabdeh orada ərizə yazaraq bildirmiş ki, 1600 manat pulu noyabr ayının 15-dən, iyun ayının 15dək ayda 200 manat olmaqla ona ödəyəcəyinə söz vermişdir. Həmin ərizə surəti notariusun imzası və mühürü ilə təsdiqlənərək ona verilmişdir. Bunun da heç bir nəticəsi olmamışdır. Cavabdehin verdiyi bu yazılı vəddən beş aydan artıq müddət keçməsinə baxmayaraq yenə də pulunu vermək istəmir. Elə buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan notariat qaydada təsdiqlənmiş Cavabdeh ərizəsindən görünür ki, 1600 manat pulu noyabr ayının 15-dən iyun ayının 15-dən 200 manat olmaqla İddiaçı ödəyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı 1600 manat borclu olduğu pul və ona dəymiş 3000 manat məbləğində zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi 1600 manat hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan ərizənin surətindən görünür ki, cavabdehin notariat qaydada təsdiqlənmiş ərizəsi ilə iddiaçıya 1600 manat məbləğində pul borclu olması öz təsdiqini tapmışdır. Lakin, iddia tələbinin 3000 manat məbləğində zərərin əvəzinin ödənilməsi hissəsində isə sübuetmə yükü baxımından İddiaçı Cavabdeh ona 3000 manat məbləğində zərər vurduğunu sübut etməli idi. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 3000 manat məbləğində zərər vurmasını qeyd etsə də, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia həmin hissə də təmin edilməməlidir.. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 1600 manat məbləğində pul alınaraq iddiaçıya verilməli və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1600 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar