Məhkəmə qərarları › İş №2(028)-1/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-1/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-1/2022 13.01.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı cinayət əməli nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27121,98 məbləğində maddı ziyanın və 10000 manat məbləğində mənəvi ziyanın, cəmi 37121,98 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddia ərizəsinə əlavə edərək, Cavabdeh 29039,42 məbləğində maddı ziyanın və 10000 manat məbləğində mənəvi ziyanın, cəmi 39039,42 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Cavabdeh iş yoldaşı olduğundan inam və etibarından istifadə edərək 2017-ci ilin sentyabr ayından ondan 12000 manat pul almışdır.Yasamal Rayon Məhkəməsinin 2021-ci il tarixli hökmü ilə Cavabdeh 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cavabdeh və ailəsinin ucbatından indiyədək banklara kreditlər ödəməyə məcbur olmuşdur.Çünku Cavabdeh pulu verməyəcəyini görüb o, özü, müttəhimin anası S. Rəhimovanın verdiyi 12000 manat pulu qaytarmaq üçün banklardan müxtəlif vaxtlarda kreditlər götürmüş, faizlə borc pul götürmüşdür. 12000 manat pulu qaytarnaq üçün aldığı kreditlərin cəmi məbləği 14226 manat, bu günkü günə qədər kredit borclarına görə ödəmiş olduğu kredit 18921,98 manat təşkil edir. Vətəndaşın pulunu qaytarmaq üçün aprel 2018-ci il tarixində götürmüş olduğu 5000 manat məbləğində faizlə borca görə o, aprel ayından 2018-ci ilin sentyabr ayınadək olan 6 ay müddətində ayda 400 manat olmaqla cəmi 2400 manat, oktyabr ayından isə yanvar 2019-cu il tarixinədək 4 ay ərzində ayda 200 manat olmaqla təkcə faiz ödəmişdir.Bu isə 3200 manat təşkil edir. Beləliklə ona dəyən maddı ziyan kredit və faiz məbləği olmaqla cəmisi 27121,98 manat (18921,98 +8200) təşkil edir.Bundan əlavə onun bacısı B. Salehova 8 iyun 2020-ci il tarixində 1365 manat həcmində daha bir kredit pulunu götürmüş və ona verilmişdir.O, bu məbləği faizi ilə 1917,44 manat həcmində ödəmişdir. Beləliklə 29039,42 manat məbləğində ona maddi ziyan dəymişdir. Cavabdeh bu alçaq hərəkətlərindən o qədər əsəb sarsıntısı keçirdi ki, 2017-ci ilin noyabr ayında və sonradan dəfələrlə beyin qansızması keçirdi, təkcə başını və boynunu MRT-sinə Medera hospitalda 1 gündə 310 manat pul ödəməli oldu, sonra müalicə üçün 1 ay taksi ilə Bakı şəhərinə Milana hospitala müalicəyə gedib gəlmişdir. Xəstəlik nəticəsində başı fırlanıb və 1 yanvar 2018-ci il tarixində ürək nahiyə zərbə almaqla yıxıldı, qabırğası sındı. Nəticədə ürəyində ciddi xəstəlik əmələ gəlmişdi.Uzun müddət müalicə almış və işləyə bilməmişdir. Bütün bunlara 1000 manatdan çox xərci çıxdı. Cavabdehin və ailəsinin ona qarşı alçaq hərəkətlərinə görə dəfələrlə onunla, oğlu və arvadı ilə mübahisə yarandığından və onların ailəlikcə ar-abır bilməyən utanmazlıqlarını, heç bir məsuliyyət hiss etmədiklərini görüb yüksək səslə danışmağa vadar edildiyindən boyun, boğaz nahiyyəsində ciddi xəstəlik əmələ gəlmiş, indiyədək müalicə alsa da, faydası yoxdur. Keçirdiyi əsəb gərginliyindən, streslərdən zob, allergiya və s.xəstəlikləri də tutulmuşdu. Cavabdeh bu alçaq hərəkətlərindən əsəbi və gərgin vəziyyətdə olduğundan keçirdiyi streslərə, əsəb sarsıntılarına görə, itirdiyi vaxtlara, habelə müxtəlif təşkilatlara və hüquq mühafizə orqanlara yazışmalar, müraciətlər ilə əlaqədar keçirdiyi əsəb, itirilən vaxt, hər ay kredit ödənişinə görə keçirdiyi narahatlıq, stres, üzüntü və psixoloji travmaya görə ona mənəvi ziyan dəymişdir.O, Cavabdeh barəsində şikayətlə ilk dəfə mart 2018-ci il tarixdə Sumqayıt şəhər prokurorluğuna müraciət etmişdir. Cavabdeh prokurorluq işçilərini aldadıb ki, pulu verəcək. Prokurorluq orqanı bu anadangəlmə dələduzun onları da aldatdığını görüb ona Vəkillər Kollegiyasına şikayət etməyini bildirərək ərizəni baxılmamış saxlayıblar ki, Cavabdeh əvvəl vəkillikdən xaric olunsun, sonra onu məsuliyyətə cəlb etsinlər.Ona görə də o, Vəkillər Kollegiyasına müraciət etməli olmuşdur.Dələduz Cavabdeh onları da aylarla aldadıb, onu da get-gələ salaraq aylarla gözlədib ki, vaxt verin, 10 günə, 15 günə pulu verəcək.Vəkillər Kollegiyası neçə ay gözləyəndən sonra nəhayət bu dələduzun pul verməyəcəyini başa düşüb onu vəkillikdən kənarlaşdıraraq cinayət tərkibi olduğu üçün materialı Baş Prokurorluğa göndərmiş, Baş Prokurorluğ da Korrupsiya İdarəsinə, Korrupsiya İdarəsi isə materialları Yasamal rayon Polis İdarəsinə göndərdiyindən orada cinayət işi başlayıb.Bundan sonra da hələ məhkəmələrə gedib gələcək.Bütün bunların hamısı isə onun əsəb sistemini dözülməz hala gətirmişdir. Cavabdeh ona qarşı etdiyi şərəfsiz hərəkət bəs deyilmiş kimi, üstəlik zəng vurub pulunu tələb edəndə onu borclu çıxarır, özü, oğlu, arvadı ona söyüşlər söyürdülər ki, bizi narahat etmə, evimizə zəng vurma. Həyat yoldaşı İsmayılova Xəzəngül hələ utanmadan demişdi ki, Qəhraman ondan aldığı pulun hamısını deyil, yalnız bir hissəsini evinin təmirinə xərcləyib, qalanından xəbəri yoxdur.Bu tarixdə görünməmiş həyasızlıqdır.Bu o deməkdir ki, o və ailəsi hələ də etdikləri əməlin mahiyyətini dərk etmir, heç peşman da deyillər.Əsəbdən hipertoniya xəstəliyinə də tutulmuşdur.Bütün bunların, bu qədər əziyyətin, mənəvi işgəncənin, bu qədər əsəb sarsıntısının qiyməti olmasa da, bütün bunlara görə ona dəyən mənəvi ziyanı o, 10000 manat məbləğində qiymətləndirir. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 181,183-cü maddələrinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmişlər.Lakin cavabdeh 16 saylı cəzaçəkmə müəssisəsində olduğuna görə məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cu maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli hökmünün kserusurətindən görünür ki, Cavabdeh Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunda vəkil işləyərkən ona hüquq yardım almaq üçün müraciət etmiş tanışı İddiaçı inam və etibardan sui-istifadə edərək məhkum X2 təyin edilmiş cəzanın Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında dəyişdirilmədən saxlanılması məqsədi ilə zərərçəkmiş şəxsin hüquqi varisinə şikayət etməməsi üçün 11000 manat və həmin işdə vəkil olaraq iştirak edib hüquqi məsələlərin həlli üçün 1000 manat, ümumilikdə 12000 manat məbləğində pul verəcəyi halda həll edəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 12000 manat məbləğində İddiaçı maddi ziyan vurmuşdur. İş materiallarında olan 17 dekabr 2017-ci il tarixli kredit müqaviləsinin kserosurətindən görünür ki, İddiaçı Cavabdeh 27 dekabr 2017-ci il tarixədək 11000 (on bir min) manat borc vermişdir. Azərbaycan Respublikası MPM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrüubəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarının 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmədə iddiaçı onun mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin məhz hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi və bu hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini təsdiq edən mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etmədi, halbuki Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 11000 (on bir min) manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar