Məhkəmə qərarları › İş №2(028)-1/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-1/2024

15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-1/2024 15.01.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçılar İddiaçı2, Cavabdeh iştirakları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində maddı ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara dəymiş ziyanın əvəzi olaraq 9770 (doqquz min yeddi yüz yetmiş) manat məbləğində pulun, eləcə də ödənilmiş 117,7 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı2 iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 17:45 radələrində Bakı-Quba yolunun 23 km-də Bakı istiqamətində istifadəsində olan Hyundai County mikroavtobus markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ona məxsus Mersedes markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini arxa hissəsində vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı ona məxsus maşını oğlu X1 idarə etmişdir. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası “Bakı Ekspertiza Mərkəzi” tərəfindən Mersedes markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə nəticəsində Mersedes markalı,** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ehtiyyat hissələri 11170 manat, görülən işlər 3600 manat olmaqla ümumilikdə 14770 (on dörd min yeddi yüz yetmiş ) manat məbləğində maddi zərər dəymişdir. Həmin məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir.Qalıq olaraq 9770 manat maddi ziyan qalmışdır. Qalan 9770 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsi üçün ona müraciət etmiş, cavabdeh pulu ödəyəcəyini bildirsə də, lakin bu günə kimi heç bir ödəniş etməmişdir. Hesab edir ki, avtomobilə dəymiş ziyanın ödənilməmiş 9770 manat məbləğində hissəsi cavabdehdən tutularaq ona ödənilməlidir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Avtomobil ailənin yeganə qazanc yeridir.Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı2 və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 17:45 radələrində Hyundai County mikroavtobus markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan “Bakı Ekspertiza Mərkəzi”-nin xx.xx.2023-cü il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mercedes Benz E220” markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11335,0 manat müəyyən edilir. “X4” ASC tərəfindən verilmiş 63637 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı1 5000 (beş min) manat sığorta hadisələri üzrə ödəniş həyata keçirilmişdir. AD№002911 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Bens E220 CDİ minik markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı1dur. Azərbaycan Respublikası MM-nin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1.-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla(icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasıydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, İddiaçı2 avtomobilə münasibətdə yalnız idarə etmə hüququ olduğundan onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Mercedes Bens E220 CDİ minik markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı1 olduğundan cavabdehdən avtomobilə vurulmuş ziyan məhz İddiaçı1 xeyrinə tutulmalıdır. Həmin məbləğ 6335 manat təşkil edir, belə ki, dəymi. Ümumi zərər ekspert tərəfindən 11335 manat müəyyən edilir, həmin zərərin 5000 manatı sığorta tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Mersedes markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzi olaraq 6335 manat və 83,35 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı1 ödənilsin. Dövlət rüsumunun 34,35 manat məbləğində hissəsi İddiaçı1 aid edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar