Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-10/2023 26.01.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Adıgözəlova Xuraman Bəhlul qızının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Adıgözəlova Xuraman Bəhlul qızına qarşı dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona dəymiş məvəvi ziyana görə 2500 manat və Adıgözəlova Xuraman Bəhlul qızından ona dəymiş mənəvi ziyana görə 2500 manat məbləğində pulun, məhkəməyə müraciət üçün ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, xx.xx.2016-cı il tarixdə Cavabdeh1 ilə nikaha daxıl olmuş və həmin nikahdan bir uşaqları olmuşdur. Nikaha daxıl olduğu vaxtdan qaynana X1 və baldızı Adıgözəlova Xuraman Bəhlul qızı ilə aralarında mübahisələr olmuşdur.xx.xx.2021-ci il tarixdə o, validenlərinin evinə qonaq getmişdir.Həmin gün axşam saatlarında həyat yoldaşı Cavabdeh1 onun mobil telefonuna zəng edərək baldızı Adıgözəlova Xuraman Bəhlul qızının taxta dolabda corabın içərisində saxladığı pulun olmadığını demiş, o da pulu görmədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə o, evdə olduğu zaman baldızı Adıgözəlova Xuraman onun həmin pulu oğurladığından şübhələndiyi üçün ona aid olan taxta dolabda saxladıqları əşyaları dağıtmışdı, lakin heç nə tapmamışdı. Ailə üzvləri hər biri ondan şübhələndiklərini bildirdikləri üçün o, haqsızlığa dözməyərək anasını və bacısını çağırmış və onlarla validenlərinin evinə getmişdir.Bu münaqişənin yaranmasının səbəbkarı gəlinləri Tünzalə Ağayevadır.Belə ki, atasının, anasının, onun və bacılarının qardaşının və onun həyat yoldaşı ilə münasibətləri yoxdur.Atası evi ona və bacılarına bağışlayıb. Onlar qardaşını və onun həyat yoldaşının evdən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etmişlər. Bununla bağlı Abşeron Rayon Məhkəməsi qardaşına və onun həyat yoldaşına 7000 (yeddi min) manat kompensasiya verməklə evdən çıxarılmaları barədə qətnamə qəbul olunmuşdur. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.Bununla bağlı məhkəmədə qardaşının yoldaşı dəfələrlə ona bildirmişdir ki, onu boşatdıracaq.Bundan əvvəl isə bir neçə dəfə yoldaşının gəlinləri ilə telefon danışığının şahidi olmuşdur.7000 (yeddi min) manat oğurluq məsələsinin gəlinləri Tünzalə Ağayevadan qaynaqlandığı ortadadır.Atasının evinə gəldikdən sonra Tünzalənin telefonunda onun həyat yoldaşı İlyası inandırmağa çalışdığını eşitmişdi ki, guya o, 7000 (yeddi min) manat oğurlayıb atasıgilə gətirmişdir ki, qardaşına kompensasiya versin. xx.xx.2021-ci il tarixdə qaynana və baldızı etiraf etmişlər ki, onları məhz Tünzalə onun 7000 (yeddi min) manat oğurladığını inandırıb. xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında Tünzalə bildirmişdir ki, İlyasla danışıb, İlyas deyib ki, Natavan 7000 (yeddi min) manat oğurlayıb. O, pulu oğurlamadığı halda həyat yoldaşı, onun bacısı və anasının ona şər atmaları səbəbindən polisə mütaciət etmişdir.Bundan sonra xx.xx.2021-ci il tarixdə baldızı Adıgözəlova Xuraman Bəhlul qızı Sumqayıt şəhər polis İdarəsinin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək, guya o, baldıza məxsus olan 7000 (yeddi min) manat pulu götürdüyünü bildirmişdir. Sumqayıt şəhər polis İdarəsinin 4-cü Polis Bölməsində araşdırma aparılmış və cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul olunmuşdur.Buna baxmayaraq cavabdehlər hər dəfə qohumların, qonşuların, tanışların yanında onu oğurluq cinayətini törətməkdə günahlandırırlar.Cavabdehlərin bu hərəkətləri onun mənəvi sarsıntı keçirməyinə və bununla bağlı səhhətində müəyyən problemlər yaranmasına səbəb olmuşdur.Bundan başqa onun atası ürək xəstəsi idi, iki dəfə infarkt keçirmişdir.Ona bu şərin atılmağı atasının səhhətini daha da pisləşdirdi və o, xx.xx.2022-ci ildə vəfat etdi. Bütün bunlara görə mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması;bu məlumatların yayılması.Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 və Adıgözəlova Xuraman Bəhlul qızının vəkili və nümayəndəsi iddia ərizəsinə etiraz edərək göstərdi ki, iddiaçı məhkəməyə müraciət edərək ona böhtan atıldığını bildirmişdir.İddia ərizəsindən görünür ki, onun həyat yoldaşı Cavabdeh1 mobil telefonu ilə ona zəng edərək, bacısı Adıgözəlova Xuraman Bəhlul qızının taxta dolabda corabın içində saxladığı pulun itdiyini və ondan həmin pulu görüb-görmədiyini soruşmuşdur.Bələ olan halda İlyas iddiaçıya şər atmamışdır.İddia ərizəsindən görünür ki, baldızı Lalə pulu iddiaçı tərəfindən oğurlandığından şübhələndiyinə görə iddiaçının əşyalarını dağıtmışdır. Belə olan halda iddiaçı iddianı Laləyə qarşı verməli idi. Cavabdehlər Cavabdeh1 və Adıgözəlova Xuraman Bəhlul qızı tərəfidən iddiaçının şərəf və ləyaqətinin ləkələnməsini təsdiq edən sübut yoxdur.Sadəcə olaraq xx.xx.2021-ci il tarixdə iddiaçı atası evində olanda Cavabdeh1 mobil telefonu ilə ona zəng edərək, pulun itdiyini və ondan həmin pulu görüb-görmədiyini soruşmuşdur. Belə olan halda iddiaçının şərəf və ləyaqətinin ləkələnməsindən söhbət gedə bilməz.Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçını, cavabdehlərin vəkili və nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin baş təhqiqatçısı polis kapitanı X2 tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, araşdırma zamanı izahatı alınmış Adıgözəlova Xuraman Bəhlul qızı bildlrmişdir ki, vəfat edən atasının əmək haqqısının müəyyən bir hissəsini toplamış, həmin pulun məbləği 7000 manat olmuşdur.Həmin pulu qardaşı Cavabdeh1 və gəlini İddiaçı yataq otağında taxta dolabın içərisində saxlamışdır. xx.xx.2021-ci il tarixdə pulun öz yerində olmadığını görmüş, bu barədə qardaşı Cavabdeh1 bildirmişdir.Qardaşı bu barədə gəlini İddiaçı soruşmuş, o da pulu görmədiyini demişdir.Bu zaman İddiaçı narahat olduğu üçün və həmin gün evdə tək olduğu üçün ondan şübhələnmişdir.Natavana ondan şübhələndiyini bildirdikdən sonra o, sabahısı gün anası və bacısı ilə birlikdə yaşadığı evdən getmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 bildlrmişdir ki, vəfat edən atasının əmək haqqısının müəyyən bir hissəsini bacısı Adıgözəlova Xuraman Bəhlul qızı toplamış, həmin pulun məbləği 7000 manat olmuşdur.Həmin pulu eyni ünvanda birlikdə yaşadığı yataq otağında taxta dolabın içərisində saxlamışdır.xx.xx.2021-ci il tarixdə bacısı pulun öz yerində olmadığını görmüş, bu barədə ona bildirmişdir.O, bu barədə həyat yoldaşı İddiaçı soruşmuş, o da pulu görmədiyini demişdir.Bu zaman İddiaçı narahat olduğu üçün və həmin gün evdə tək olduğu üçün ondan şübhələnmişdir.Natavana ondan şübhələndiyini bildirdikdən sonra o, sabahısı gün anası və bacısı ilə birlikdə yaşadığı evdən getmişdir. Həyat yoldaşı əvvələr bacısı, anası, atasının əmək haqqı kartlarında anasının telefonuna kontur göndərmiş, habelə bacısının kreditə götürərək ona telefon alaraq hədiyyə etmişdir.Bu hallara görə də o, bacısından da şübhələnmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 2016-cı ildə Cavabdeh1 ilə nikaha daxil olmuşdur. Adıgözəlova Xuraman Bəhlul qızı ilə arasında mübahisələr olmuşdur. xx.xx.2021-ci il tarixdə o, məhkəmə prosesi ilə əlaqədar olaraq validenlərinin evinə getmişdir.Həmin gün axşam saatlarında həyat yoldaşı Cavabdeh1 ona mobil telefonuna zəng edərək baldızı Adıgözəlova Xuraman Bəhlul qızının taxta dolabda corabın içərisində saxladığı pulun olmadığını demiş, o, da pulu görmədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə o, evdə olduğu zaman digər baldızı Lalə onun həmin pulu oğurladığından şübhələndiyi üçün ona aid olan taxta dolabda saxladıqları əşyaları dağıtmışdı, lakin heç nə tapmamışdı. Ailə üzvləri hər biri ondan şübhələndiklərini bildirdikləri üçün o, haqsızlığa dözməyərək anasını və bacısını çağırmış və onlarla validenlərinin evinə getmişdir.O, pulu oğurlamadığı halda həyat yoldaşı, onun bacısı və anası tərəfindən ona oğurluq etdiyini bildirdikləri üçün üzərinə şər atılması səbəbi ilə özü polisə müraciət etmişdir. Adıgözəlova Xuraman Bəhlul qızının Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ünvanlandığı ərizə ilə bağlı toplanmış təhqiqat materialında oğurluq faktı öz təsdiqini tapmadığından, habelə toplanmış təhqiqat materialında cinayət hadisəsi olmadığından həmin material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Azərbaycan Respublikası MM-nin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Azərbayçan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1108.1.-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıçı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarın 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2020-ci il tarixli qərarında göstərilir ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqinda” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarın 3-cü bəndində göstərilir, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır.Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Həmin qərarının 6-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İş materiallarından görünür ki, Adıgözəlova Xuraman Bəhlul qızı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nə ünvanlanmış ərizəsində İddiaçı tərəfindən 7000 manatın yataq otağından oğurlanması kimi yalan məlumatı, yəni həqiqətə uyğun olmayan məlumatı yaymışdır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin baş təhqiqatçısı polis kapitanı X2 tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Adıgözəlova Xuraman Bəhlul qızının Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ünvanlandığı ərizə ilə bağlı toplanmış təhqiqat materialında oğurluq faktı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Adıgözəlova Xuraman Bəhlul qızından İddiaçı dəymiş mənəvi ziyana görə 1000 (bir min) manat məbləğində pul və məhkəməyə müraciət üçün ödənilmiş 70 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-10/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-10/2023
26.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver