Məhkəmə qərarları › İş №2(028)-105/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-105/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-105/2021 15.04.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh kredit müqaviləsinə əsasən 2937,34 manat əsas borc, 2461,44 manat faiz borcu, 2140,73 manat cərimə borcu, 1175,06 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu, cəmi 8714,47 (səkkiz min yeddi yüz on dörd,47) manat borcunun və 30 manat dövlət rüsumunu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, 12.01.2012-ci il tarixdə Bank Cavabdeh ilə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 24 % olmaqla 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərini cavabdeh pozur və öz öhdəliklərini icra etməkdən boyun qaçırır. Bunun nəticəsində cavabdehin banka 20.11.2020-ci il tarixinə kredit müqaviləsinə əsasən 2937,34 manat əsas borc, 2461,44 manat faiz borcu, 2140,73 manat cərimə borcu, 1175,06 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu, cəmi 8714,47 (səkkiz min yeddi yüz on dörd,47) manat borcu vardır. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Bunları nəzərə alaraq məhkəmədən iddianı təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi məhkəməyə ərizə təqdim edərək göstərdi ki,iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçı ASC Cavabdeh ilə bağlanmış 12.01.2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə illik 24 % olmaqla 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir.Öhdəliklərinin icrasının son tarixi 12.01.2013-cü il müəyyən edilmişdir.Həmin vaxtdan 7 ildən artıq müddət keçmişdir. İddia müddətinin axımı 12 yanvar 2013-cü il tarixdən başlandığına görə iddiaçı bundan sonrakı 3 il ərzində hazırki iddia tələbi ilə məhkəməyə müracıət edilə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən,iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası MPM-in 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, kommersiya mübahisələri üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Bunları nəzərə alaraq iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehinin vəkili və nümayəndəsini dinləyib, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 12.01.2012-ci il tarixdə Bank Cavabdeh ilə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 24 % olmaqla 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. İş materiallarında olan 20.11.2020-ci il tarixli maliya arayışından görünür ki, Cavabdeh 12.01.2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-ya 2937,34 manat əsas borc, 2461,44 manat faiz borcu, 2140,73 manat cərimə borcu, 1175,06 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən hesablanmış faiz borcu, cəmi 8714,47 (səkkiz min yeddi yüz on dörd,47) manat borcu var. İş materiallarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC cavabdehə bildiriş göndərmişdir. Bildirişdə borcun İddiaçı ASC-yə ödənilməsinin təmin edilməsi göstərilmişdir. Əks təqdirdə borcunun məcburi ödənilməsi üçün bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanədək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında iddia müddəti institutunun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar 30 iyun 2005-ci il tarixli, R.Salamovun şikayəti ilə əlaqədar 30 oktyabr 2007-ci il tarixli, V.Ozerovun şikayəti üzrə15 aprel 2011-ci il tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar(§ 33). Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbayçan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Cavabdeh kredit müqaviləsinə əsasən 2937,24 manat əsas borc, 2461,44 manat faiz borcu, 2140,73 manat cərimə borcu, 1175,06 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu, cəmi 8714,47 (səkkiz min yeddi yüz on dörd,47) manat borcunun və 30 manat dövlət rüsumunu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar