Məhkəmə qərarları › İş №2(028)-121/2024

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-121/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-121/2024 21.02.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5530,14 manat əsas borc, 400,5 manat faiz borcu, 117,67 manat cərimə borcu, cəmi 6048,31 manat borcun və ödənilmiş 80,48 manat dövlət rüsumunun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı ASC məhkəməyə elektron ərizə göndərərək, iş çoxluğu ilə əlaqədar olaraq hazırlıq iclasının iştirakları olmadan keçirilməsini, işin məhkəmə baxışına təyin edilməsini və iddialarının tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə daxil olmuş Qubadlı rayon Qubadlı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-62-01/2-06 saylı xx.xx.2024-cü tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh 09 avqust 2023-cü il tarixdə sıradan çıxmışdır (ölməsi ilə əlaqədar). Belə ki, Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. MPM-in 254.1.1-ci maddənin tələbinə görə işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır. MPM-in 58-ci maddəsinin tələbindən çıxış edərək məhkəmə hesab edir ki, həmin hüquq norması məhkəmənin icraatında olmayan mübahisə edilən hüquq münasibətində tərəflərdən birinin sıradan çıxdığı halda həmin tərəfi hüquq varisi ilə əvəz etməyə digər tərəfə hüquqi imkan verir. MPM-in 254-cü maddəsinin məzmunundan da bəlli olur ki, işdə tərəf olan şəxsin sıradan çıxması imperativ olaraq göstərilmişdir. Mülki prosessual qanunvericilikdə “iş” anlayışı ərizənin məhkəmənin icraata qəbul edilməsindən sonra yaranır. Yəni ki, məhkəmənin icraata qəbul edilmiş iddia ərizəsi üzrə mülki iş başlanmış olur və bu halda işdə tərəflərdən birinin sıradan çıxaması nəticəsində və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verirsə məhkəmə icraatı dayandırmaq vəzifəsini daşıyır. Araşdırılan işin faktiki hallarından göründüyü kimi borclu iddia ərizəsi məhkəmənin icraatına qəbul edilənədək ölmüşdür. İddiaçı faktiki olaraq hüquq qabiliyyəti xətm olmuş şəxsə qarşı iddia qaldırmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, işə hazırkı halda məhkəmədə baxıla bilməz. Mülki qanunvericilikdə göstərilmişdir ki, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Qanunun tələbindən aydın olduğu kimi şəxsin ölümü ilə mülki hüquq vəzifələri daşımaq qabiliyyəti itirilmiş olur. Bu halda şəxsin mülki hüquq vəzifələrinin hüquqi varisliyi qaydasında ötürülməsini mülki qanunvericilik tanımışdır. Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilən hüquqi mövqeyə görə məhkəmə həmçinin izah edir ki, sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün miras qoyanın hüquqi varisini müəyyən etməklə ona qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilməlidir. MPM-in 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normasına əsasən qiymətləndirərək bu nəticəyə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbz vasitəsi ilə Qubadlı Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 80,48 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı "xxxx" ASC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, kreditorun mənafelərinin təmin edilməsi məqsədi ilə miras qoyanın hüquqi varislərini müəyyən etməklə ona qarşı tələb hüququ ilə məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbz vasitəsi ilə Qubadlı Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 80,48 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qubadlı Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar