Məhkəmə qərarları › İş №2(028)-13/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-13/2024

22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-13/2024 22.01.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanuni qüvvəsini almış məhkəmə hökmü ilə ona vurduğu 37440 (otuz yeddi min dörd yüz qırx) manat pulun və ödənilmiş 233 manat dövlət rüsumun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.Buna əsas xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində ona olan etibarından suiistifadə etmə və aldatma və sənədləri saxtalaşdırma yolu ilə yalandan vədlər verərək hissə-hissə ona məxsus cəmi 37440 (otuz yeddi min dörd yüz qırx) manat pulu alaraq dələduzluq yolu ilə mənimsəməsi olmuşdur.İstintaq və məhkəmə orqanları tərəfindən cavabdehə dəfələrlə ona vurduğu ziyanı ödəməyi təklif edilmiş olsa da, cavabdeh halhazıra qədər ona vurulan ziyan ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hesab edir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə sübuta yetirilmişdir ki, cavabdeh xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində ona olan etibarından sui-istifadə etmə və aldatma və sənədləri saxtalaşdırma yolu ilə yalandan vədlər verərək hissə-hissə ona məxsus cəmi 37440 (otuz yeddi min dörd yüz qırx) manat pulu alaraq dələduzluq yolu ilə mənimsəmişdir.Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, xəstə olduğu üçün məhkəməyə gələ bilmir. Cavabdeh xəstə olmasını təstiq edən sənədləri teleqrama əlavə etmədiyinə görə məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdə Cavabdeh İddiaçı müxtəlif vaxtlarda 1500 manat, 10700 manat, 8750 manat, 11200 manat və 2590 manat (cəmi 34740 manat) pul alması faktları öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 %-i həcmində manat olmalıdır.( “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3cü maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 34740 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 233 manat dövlət rüsumunun 194,22 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 38,78 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 34740 (otuz dörd min yeddi yüz qırx) manat dəymiş zərərin əvəzi və 194,22 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı qaytarılsın. Ödənilmiş dövlət rüsumunun 38,78 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar