Məhkəmə qərarları › İş №2(028)-155/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-155/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-155/2023 04.04.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçın iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 manat pul məbləğinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, xx xxx 1960-cı il tarixdə Füzuli rayonu, Veysəlli kəndində anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır.Cavabdehi əvvəlcədən tanımamış, qudası X3 vasitəsi ilə tanımışdır. Belə ki, Suraya Hacıyevanın gəlini dırnaq ustasıdır.O, cavabdeh ilə məhz orada tanış olmuş, münasibətlər yaranmış və Xalidənin Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsində işləyən Elvin adlı tanışının olduğunu öyrənmişdir.Xalidə Surayaya həmin Elvin adlı tanışının onların məcbur köçkün kimi tez bir zamanda ev ilə təmin olunmaqlarına köməklik göstərə biləcəyini bildirmişdir.Bu təkliflə razılaşıb, 30 sentyabr 2020-ci il tarixdə 1000 manat, bir neçə gün sonra isə 800 manat olmaqla ümumilikdə 1800 manat pulu Xalidəyə verməsi üçün Surayaya vermiş, Suraya isə öz növbəsində pulu Cavabdeh vermişdir. Bir müddət keçdikdən sonra ev məsələsinin ləngidiyini görmüş, bununla bağlı Xalidə ilə əlaqə saxladıqda onun da pulu Elvinə verdiyini, Elvinin isə öldüyü məlum olmuşdur. Xalidə isə pulu geri qaytaracağını bildirmişdir. Lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh pulu ödəməkdən boyun qaçırır, hər dəfəsində əlaqə saxladıqda müxtəlif bəhanələr edərək yubadır. Cavabdehin borcu ödəməkdən boyun qaçırdığını görmüş və bu səbəbdən də Sumqayıt Şəhər Polis İdarəsinə şikayət etmiş, polis idarəsində izahatı alınan zaman yuxarıda qeyd olunanları təsdiq etmiş və borcu ödəyəcəyini bildirmiş, lakin üzərindən 1 ilə yaxın müddət keşməsinə baxmayaraq yenə də bir manat belə olsun, ödəniş etməmişdir.Polis tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.Cavabdeh izahatında pulu aldığını və qaytaracağını bildirmişdir.Bu səbəbdən də məcbur qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. Hesab edir ki, Cavabdeh 1800 manat pul tutularaq ona ödənilməlidir.Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə izahatı alınmış X4 izahatında göstərmişdir ki, o, Xalidəyə tanışı Sona üçün ev almağa köməklik eləməyi xahiş eləyib və bildirmiş ki, həmin şəxsin 1800 manat pul var.Xalidə tanışı ilə danışıb, sonra xəbər edəcəyini bildirmişdir. Xalidə tanışı ilə danışıb 1800 manat pulu və sənədlərini hazır edilməsini demişdir.O, bu barədə Sonaya demişdir. 30 sentyabr 2020-ci il tarixdə yaşadığı evdə Xalidəyə 1000 manat pul və sənədləri vermiş, 5 oktyabr 2020-ci il tarixdə qalan 800 manat pulu Xalidəyə vermişdir. 2020-ci ilin sentyabr ayında müharibə başlandığı üçün Qaçqınlarla və Məcburi köçkünlərə veriləcək evlərin verilməsi müvəqqəti dayandırılmışdır.Sonradan Xalidənin tanışı Elvin adlı şəxsin rəhmətə getməsini eşitmiş və ona verdiyi pulu qaytarmağı tələb eləmişdir.O da pulları Elvinə verdiyini, onda pul olmadığını və ona hissə-hissə qaytaracağını bildirərək vaxt tələb etmişdir.Lakin Xalidə pulu qaytarmamış və o, polisə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, X2 haqqında yazdığı ərizə ilə tanış olmuşdur.Suraya Hacıyevanı əvvəllər tanımışdır.2020-ci ilin avqust ayında Suraya yaşadığı yataqxanaya dırnağını düzəltmək üçün getmişdir.Həmin vaxt Suraya da həmin yataqxanada olmuşdur.Suraya onun Qaçkınkomda tanışı olub-olmadığını soruşmuşdur.O, da ona orada tanışı olduğunu bildirmişdir. 25 sentyabr Suraya Hacıyeva ona zəng edərək başqa qohumu olan Sona üçün növbədən kənar ev almağa köməklik eləməyi xahiş eləyib və bildirmiş ki, həmin şəxsin 1800 manat pul var.O da Elvinin işlədiyi komitəyə gedərək başqa adamın olduğunu demiş və həmin şəxsin isə 1800 manat pulu olduğunu bildirmişdir.27 sentyabr Elvin ona zəng edərək işlədiyi komitəyə çağırmış və həll eləyə biləcəyini bildirmişdir.30 sentyabr 2020-ci il tarixdə Suraya ilə görüşüb bu barədə ona bildirmişdir.Suraya Hacıyeva 30 sentyabr 2020-ci il tarixdə 1000 manat pul və sənədləri ona vermiş, 800 manat isə 7-8 günə düzəldib verə biləcəyini bildirmişdir.O da həmin günü 1000 manat pulu və sənədləri Elvinə vermişdir.Bundan sonra 5 oktyabr 2020-ci il tarixdə Suraya ona qalan 800 manat pulu vermişdir.O da pulu alan kimi aparıb Elvinə vermişdir.Sonradan Elvindən dəfələrlə ev barəsində soruşanda biraz gözləməyini bildirmişdir. 2020-ci ilin sentyabr ayında müharibə başlandığı üçün Qaçqınlarla və Məcburi köçkünlərə veriləcək evlərin verilməsi müvəqqəti dayandırılmışdır.Təxminən 2021-ci ilin yay aylarında Elvin rəhmətə getmişdir.Suraya Elvinin rəhmətə getdiyini biləndə ona verdiyi pulu qaytarmağı tələb eləmişdir.O da pulları Elvinə verdiyini, onda pul olmadığını və ona hissə-hissə qaytaracağını bildirərək vaxt tələb etmişdir. Toplanmış materialdan görünür ki, Cavabdeh X1 ümumilikdə 4300 manat pul alaraq Qaçqınlar və Məcburi köçgünlər idarəsində işləyən Elvin adlı şəxsə vermişdir.Bu barədə Suraya Hacıyevanın da məlumatı olmuşdur.Elvin 2021-ci ilin yay aylarında dünyasını dəyişmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında subutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1800 manat pul məbləği tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar