Məhkəmə qərarları › İş №2(028)-161/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-161/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-161/2021 16.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4100 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, özünə məxsus «Niva» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşını satmaq istəmişdir. Bunun üçün maşını Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 123 Avtosalon kimi tanınan salonda işləyən Cavabdeh təhvil vermişdir. Cavabdeh maşının fotoşəkillərini turbo.az saytında yerləşdirmiş və qiymətini 4400 manat kimi qeyd etmişdir. Bir müddət sonra maşını 4100 manata satmış, lakin pulu ona verməmişdir. Pulu cavabdehdən tələb edəndə o, müxtəlıf bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. Bu səbəbə görə o, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nə şikayət etmişdir.Bölmədə araşdırma aparılmış və cavabdeh öz izahatında maşını ondan satmaq üçün götürdüyünü və maşını satdığını etiraf etmişdir.Lakin maşını 4100 manata deyil, 1800 manata satdığını bildirmişdir, halbuki ona məxsus maşının qiyməti 1800 manat deyıl.Cavabdeh özünü müdafiə etmək və pulun mənimsəmək üçün belə izahat vermişdir. O, maşının 1800 manata satılması ilə bağlı cavabdehə razılıq verməmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-də “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 yanvar 2021-ci il tarixli qərar qəbul edilmiş və ona izah olunmuşdur ki, mülki xarakterli olduğundan o, məhkəməyə müraciət etməlidir. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiacını, onun vəkili və nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin təhqiqatçısı polis mayoru Şahin Abbasov tərəfindən qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 15.01.2021-ci il tarixli qərarında göstərilir ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 2020-ci ildə sosial şəbəkə vasitəsi ilə İddiaçı ilə tanış olmuşdur. İddiaçı ilə söhbət zamanı sonuncu valideynlərdən xəbərsiz Niva markalı avtomaşını aldığı və ona müvəqqəti idarə etmək üçün verəcəyini bildirmişdir. İddiaçı maşını ona vermiş, lakin etibarnamə verməmişdir. Həmin avtomaşını bir neçə ay idarə etmiş, sonra maşını 1800 manata satmaq təklif etmişdir. İddiaçı etiraz etməmiş və bundan sonra onlar Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən notariat ofisinə getmişlər . Orada Aliyə avtomobili satdığı adını unutduğu şəxsə etibarnamə vermiş, pulu isə o almış, sonuncuya həmin pula ehtiyacı olduğunu, sonra hissə-hissə verəcəyini söz vermişdir.Bundan sonra Aliyə ondan pulunu qaytarılmasını tələb etməyə başlamış və bu səbəbə görə münasibətləri pisləşmişdir. Aliyə ondan pulunu tələb etməyə başlayandan sonra o, konkret məbləğini bilməsə də, müəyyən qədər sonuncunun pul kartına pul göndərmiş və eyni zamanda bazarlıq etmişdir. Aliyəyə məxsus maşını 4100 manata yox, 1800 manata satmışdır.Bunu Aliyə də bilmişdir. O, hesab edir ki, Aliyə avtomaşını 4100 manata aldığı üçün məhz bu məbləği göstərmişdir.Bundan başqa Aliyəyə məxsus satdığı maşının puluna başqa maşın alıb alver edib qazanc əldə etmək təklifini etmişdir. Azərbaycan Respublikası MM-in 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-in 647-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikası MM-in 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin təhqiqatçısı polis mayoru Şahin Abbasov tərəfindən qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 15.01.2021-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, o, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən notariat ofisinə getmiş və avtomaşını satdığı şəxsə etibarnamə vermişdir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən notariat ofisində «Niva» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə bağlı qanunda nəzərdə tutulmuş qaydada alqı-satqı müqaviləsini bağlamamış və notariat qaydasında təsdiqlətməmişdir. Azərbaycan Respublikası MM-in 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqdir. Etibarnamə birtərəfli əqdir. Qanunvericilikdə etibarnamə verilməsi müqabilində digər tərəfin hər hansı öhdəliyi öz üzərinə götürülməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası MM-in 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin təhqiqatçısı polis mayoru Şahin Abbasov tərəfindən qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 15.01.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, iddiaçıya məxsus maşını 4100 manata yox, 1800 manata satmışdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinə əsasən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pulu tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar